03:20 07 Mart 2018 619
Ana səhifə Xəbərlər

"Bu diqqət hər zaman olsa, yaxşıdır" - XANIM JURNALİSTLƏR

İldə bir gün məhz qadınlar diqqət mərkəzində olur. APA TV-nin məlumatına görə, 8 Mart - Beynəlxalq Qadınlar günündə bu diqqətdən xanım jurnalistlərə də pay düşür.

28 ildir media sahəsində çalışan əməkdar jurnalist Təranə Məhərrəmova özünü qəzetdən kənarda təsəvvür etmir. Hərçənd bunun çətinliyini də qəbul edir: “Qadın və jurnalist... Asan deyil. Çox zaman səfərlərə getməli oluruq deyə, qadın həyatımızdan kəsirik, istirahətimizdən kəsirik. Çünki işimizi sevirik. Qadın zərif olsa da, bütün işləri çətinliklə olsa da, çiyinlərində daşıya bilir”.

Bəzən bayramları iş başında keçirsə də, həmsöhbətimiz məhz martın 8-də istirahət edə bilir: “Mən 8 mart bayramını həqiqətən çox sevirəm. Adi günlərdə bir-birimizi unuduruq. Amma 8 martda istər-istəməz diqqət qadınlara yönəlir. Bu bizi sevindirir. Bu diqqət hər zaman olsa, yaxşıdır. Amma bir gün də olsa, bu da bizə yetir”.

Təranə xanım hesab edir ki, qadın üçün ən gözəl hədiyyə məhz çiçəkdir. Amma təşkilatçılığı sevən həmkarımız dostları ilə hansısa məkana üz tutmağa da üstünlük verir. Deyir ki, canlı ünsiyyəti heç nə əvəz edə bilməz: “Ən çox qızılgülləri sevirəm. Çünki Lənkəranda həyətimizdə var. Onları anam əkib. Mən təşkilatçılığı xoşlayıram. Hər zaman yığışıb harasa gedirik. Bu gün də gedəcəyik. Canlı musiqi olan məkanları daha çox xoşlayırıq”.

Səyahət etməyi də çox sevir Təranə xanım. Deyir ki, ən böyük arzusu Avstraliyanı görməkdir. O ki qaldı bayram təbrikinə, xanım jurnalist həmcinslərinə əzmkarlıq arzulayır: “Qadınlarımız çox zəhmətkeşdir. Çox əziyyət çəkirlər. Ailə qadınsız yürümür. Ona görə də qadınlara əzmkarlıq, enerji arzu edirəm. Bütün arzularına çatmağı arzu edirəm”.

APA İnformasiya Agentliyinin redaktoru Məhbubə Qasımbəyli də bayramı istirahət edərək keçirəcək: “Müəyyən mənada digər evdar xanımlardan, digər sahələrdə çalışan xanımlardan fərq ola bilər. Amma mənə elə gəlir ki, xüsusi özəlliyi yoxdur. Özümü dərk edəndən anamın, doğma olan böyüklərin bayramı yada düşür. Mənim üçün əsas məqam onları təbrik etməkdir”.

Maraqlıdır ki, Məhbubə xanım indiyədək heç vaxt 8 martı xüsusi olaraq qeyd etməyib. O da hesab edir ki, qadın üçün ən gözəl hədiyyə məhz çiçəkdir: “Bütün xanımları, xüsusilə Azərbaycan xanımlarını, mediada çalışan həmkarlarımızı, “ APA Holding”də çalışan xanımları təbrik edirəm. Problemsiz həyat arzulayıram. Karyera və şəxsi həyatda hər şey ürəklərincə olsun”.

Biz də APA TV olaraq həmkarlarımızı təbrik edir, hər zaman diqqət mərkəzində olmağı arzu edirik.

Müəllif | Apa.Tv

Nigar Həsənli

Kodu kopyalayın