14:00 05 Mart 2018 491
Ana səhifə Xəbərlər

"Dördüncü oğlun da şəhid oldu" xəbəri yalan çıxdı - REPORTAJ

Azərbaycanda elə ailələr var ki, Qarabağ savaşı onların taleyindən sözün əsl mənasında qırmızı xətlə keçib. Bu gün həmin ailələrdən biri haqqında danışmaq istəyirik. Ağdam rayonunun Mərzili kəndindən olan İmran Əliyevin ailəsindən. 5 oğlundan 3-ü Qarabağda şəhid olan ailədən...

Zahidgil ailədə 9 uşaq olublar - 5 qardaş, 4 bacı. Fəhlə işləyən ataları İmran kişi övladlarını halal zəhməti ilə böyüdüb. Müharibə başlayanda bu böyük ailənin yaşadığı Mərzili kəndinə də təhlükə yaranır. Vəziyyət daha da gərginləşəndə qardaşlardan Tahir kənddə ilk özünümüdafiə dəstəsini yaradır. 3 qardaş həmin dəstəyə yazılır, sonradan isə 4-cü qardaşı ailədə heç kim saxlaya bilmir. O da qoşulur qardaşlarına. Sonrakı illərdə isə Tahirin yaratdığı dəstə Şirin Mirzəyevin batalyonunun tərkibinə keçir.

Zahid Əliyev deyir ki, Şirin Mirzəyevin Sırxavənd yaxınlığında minaya düşüb həlak olması Tahiri bərk sarsıtmışdı. Xüsusən də ona görə ki, Abdal və Gülablı kəndləri uğrunda gedən döyüşlərdə Tahir və rotasının köməyinə məhz Milli Qəhrəman Şirin Mirzəyev özü çatmışdı. O kömək olmasaydı, ikinci Xocalı faciəsi yaşanacaqdı. Həmin döyüşdə Tahir şəxsən ermənilərin bir BTR-ni sıradan çıxarır, onun pulemyotunu götürür və ömrünün sonunacan da bu pulemyotla vuruşur.

Tahir ən böyük mənəvi zərbəni Xocalı hadisəsi zamanı almışdı. Fevralın 27-də Tahirin rotası döyüşə-döyüşə Əsgərana girib, 20 nəfər Xocalı sakinini də xilas etmişdi. Həmin ərəfədə böyük qardaşları Zakir də Dəhraz kəndinin meşələrində 15 Xocalı sakininin yardımına yetişmişdi. Zakir bir müddət erməni kəndi Norşendə sürücü işlədiyindən, erməni dilini mükəmməl bilirmiş. Bu səbəbdən kəşfiyyat əməliyyatlarının əksəriyyəti Zakirsiz keçmirmiş. Zakirin son döyüşü isə 1992-ci il mayın 8-də olur. Qızılqayada gecə postları yoxlayarkən düşmən diversantları ilə üzləşir, qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olur.

Həmin saatlarda qardaşı Tahir də Abdal-Gülablı istiqamətində döyüşdə olub. Erməni hücumunu dəf etməklə yanaşı, iki yaraqlını da əsir götürür. Zakirin qisasını almaq üçün sonradan erməni quldurlarından birini onun həyat yoldaşı Gülzar xanım şəxsən güllələyir: "Qardaşlarım Zakir mayın 8-i 1992-ci ildə Abdal Gülablıya ermənilərin hücumu zamanı şəhid oldu. Sonra Abdal Gülablı kəndi düşməndən geri qaytarıldı. 1992-ci il sentyabrın 4-də ermənilər tərəfindən Abdal Gülablı kəndi işğal olunanda Tahir yaralı halda itkin düşdü, rota komandiri idi. Ondan bir gün sonra - sentyabrın 5-də ermənilərin Mərziliyə hücumu zamanı Sabir şəhid oldu".

Zakirin ölümündən sonra ermənilər indi də Tahiri izləməyə başlayır. Ratsiya ilə hədə-qorxu gəlir, başına külli miqdarda pul qoyurlar. Bir gün atası İmran kişi Tahiri yanına çağırıb deyir ki, mən sizi döyüşə göndərdiyimə görə qətiyyən peşman deyiləm, ölüm hamı üçündür, amma ehtiyatlı ol, onlar sənin başına pul qoyublar, çalışın ələ keçməyin.

Tahirin son döyüşü sentyabrın 4-də olur. Onun rotası Haçadağ yüksəkliyində postda dururdu. Bu vaxt xəbər gəlir ki, ermənilər iki istiqamətdən Abdal-Gülablıya daxil olur. Tahir təcili ora yola düşür. Elə yolda ikən ratsiya ilə xəbər gəlir ki, ermənilər Haçadağdakı postları mühasirəyə alıblar. Tahir deyir ki, postu tərk etməyin, gəlirəm. Təkbaşına UAZ markalı maşına minir. Əlində də qənimət götürdüyü həmin pulemyot. Atəş aça-aça döyüşçülərini xilas etməyə çalışır, onları mühasirədən çıxarır, özü isə ağır yaralanır. O gündən Tahirdən heç bir xəbər yoxdur.

9 uşaq atası İmran kişiyə oğlunun yaralı halda girov götürüldüyünü deyirlər. Tövrünü pozmur, “Vətən sağ olsun” deyir. Vur-tut bircə gün sonra isə ata başqa bir dəhşətli xəbəri alır - 3-cü oğlu Sabir də Mərziliyə erməni hücumunun qarşısını alarkən qəhrəmanlıqla həlak olur.

İki qardaşı şəhid olan, bir qardaşı isə itkin düşən Zahid Əliyev özündən danışmaq istəmir. Halbuki bu adam düşmən arxasında onlarla əməliyyat həyata keçirib:

"Həmin əməliyyatı özüm hazırlamışdım. Xəritəsinə kimi, bütün xırdalıqlarına qədər. Gecə Novruzlu kəndi istiqamətindən ermənilərin arxasına keçdik. Heç ağıllarına gəlməzdi, bir neçə metrlikdəyik. Bir neçə postlarını ildırım sürəti ilə tutduq. 80-dən çox erməni məhv etdik. Ratsiya ilə bizimkilərə dedim ki, təmizlədik, girin. Amma indiyə qədər bilmədiyim səbəbdən bizimkilər yerlərindən tərpənmədilər. Ermənilərə isə kömək gəldi. 8 nəfəri itirdik onda. Canavar kimi uşaqlar idi. İkisinin meyitini götürə bildik. İki gündən sonra mühasirəni yarıb çıxdıq".

Həmin vaxt kəndə xəbər yayılıb ki, İmran kişinin dördüncü oğlu da şəhid oldu. Xoşbəxtlikdən bu xəbər yalan olub. Zahid sağ-salamat geri qayıdıb. Müxtəlif illərdə də ulu öndər Heydər Əliyev və prezident İlham Əliyev tərəfindən orden və medallarla təltif olunub: "Heç vaxt deməmişəm mənə niyə medal yazılmadı, orden verilmədi. Mən heç vaxt onun adın çəkməmişəm. Hələ əslində deyiləndə deyirdim ki, medal almaq üçün döyüşmürdüm ki. Mənim, misal üçün, müharibəyə aid bəlkə də şəklim yoxdur. Deyirlər, niyə şəkil çəkdirməmisən? Deyirəm, şəkil çəkdirməyə getməmişdik ki, döyüşməyə, vuruşmağa getmişdik".

Onlar müharibəyə 5 qardaş getmişdilər, geriyə yalnız 2 qardaş qayıtdı. 5 qardaşın nağılı bu Vətən durduqca dillərdə gəzəcək. Zahid də, qardaşı Sahib də bu nağılın sonunda göydən 3 alma düşməyəcəyini bilir. Lakin ona da tam əmindirlər ki, bu nağılın sonunda şəhidlərin narahat ruhu QƏLƏBƏ sözü ilə rahatlıq tapacaq.

Müəllif | Apa.Tv

Ayşən Əhməd

Kodu kopyalayın