19:20 19 Fevral 2018 475
Ana səhifə Xəbərlər

“Eyfel qülləsi”, “Gəmi”, “Asma körpü”: növbədə "Titanik"dir - REPORTAJ

24 yaşlı Lənkəran sakini Ülfət Bədəlov boş vaxtlarını maraqlı əl işləri hazırlamağa sərf edir.

APA TV-nin cənub bürosunun xəbərinə görə, rayonun Separadi kənd sakini olan Ülfətin çöpdən əl işləri hazırlamağa uşaqlıqdan həvəsi olsa da, arzularını bir neçə ildir reallaşdırmağa başlayıb.

“Eyfel qülləsi”, “Gəmi” və “Asma körpü” Ülfət Bədəlovun bir neçə ay ərzində hazırladığı əl işləridir. İlk hazırladığı maket isə “Eyfel qülləsi” olub. Onun gəmi düzəltməyə olan marağı hazırladığı maketlərdə də özünü göstərir. Maketlərin eskizini isə internetdən seçir: "Bu gəmini düzəltməyə 2017-ci ilin dekabr ayından başlamışam. Üç aydır üzərində işləyirəm, tam hazır deyil. Bunun da şəkilini internetdən götürmüşəm. İnternetə girib 3-4 gəmiyə baxıb, bir gəmi hazırlamışıq".

Ülfət Bədəlov deyir ki, bu işdə əl qabiliyyəti ilə yanaşı, səbir də çox mühümdür. Çünki bir maketin hazırlanması bəzən 2-3 aya qədər davam edir: "Xırda işlərdir, vaxt tələb edir. Məsələn, çöpləri elə bir yerə qoymalısan ki, hər zaman maqqaşdan istifadə edim. Yəni çətindir. İstəyirəm ki, gördüyüm iş səliqəli olsun. Bu işi görürəmsə, istəyirəm ki, səliqəli olsun. Onun üçün də vaxt tələb edir".

Hazırladığı sənət əsərlərini indiyədək müxtəlif sərgilərdə nümayiş etdirən Ülfət Bədəlov əl işlərinə görə fəxri fərmana da layiq görülüb. Hazırda mart ayında Lənkəranda təşkil olunacaq növbəti sərgiyə hazırlaşır: "Bir-iki sərgidə iştirak etmişəm. İlk sərgimdə fəxri fərmana layiq görülmüşəm. İndi mart ayında sərgi olacaq, ora hazırlaşıram. Ora da gəmi maketini hazırlamışam. Məqsəd odur ki, gələcəkdə böyük maket hazırlamaq istəyirəm. Məsələn, "Titanik" gəmisini hazırlamaq istəyirəm – uzunluğu 2 metr".

Ülfət Bədəlovun ən böyük istəyi isə əl işlərinin sayını artırıb fərdi sərgisini təşkil etməkdir.

Müəllif | Apa.Tv

Elnur Ələkbərov

Kodu kopyalayın