16:00 10 May 2018 1323
Ana səhifə Xəbərlər

"Həbsxanada iki müğənni var idi, biri..." - REPORTAJ

Hündür hasarlar, tikanlı məftillər, dəmir barmaqlıqlar... Həyatının ən böyük səhvini edərək özünü həbsxana divarları arasında məhkum edənlər...

APA TV-nin məlumatına görə, azadlıqdan məhrum olanların boz həyatında ara-sıra rəngli günlər də olur. Elə bugünkü kimi.

Binə qəsəbəsində yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində Heydər Əliyevin 95 illik yubileyi münasibətilə konsert təşkil olunub. Müəssisənin rəisi, ədliyyə polkovniki Fikrət Qafarov bildirib ki, ulu öndər demokratik Azərbaycanın təməlini qoyub və Ali Baş Komandan İlham Əliyev tərəfindən həmin siyasət davam etdirilir.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Konsertdə tanınmış xanəndələr çıxış ediblər. Bayram şənliyində əməkdar artistlər Elnarə Abdullayeva, İlkin Əhmədov, rəqqasə Fatimə, meyxanaçı Yaşar Qafanlı iştirak edib.

Dustaqlar da fürsətdən istifadə edib əyləniblər. Əvvəlcə rəqqasə Fatimə ilə rəqs ediblər. Daha sonra Yaşar Qafanlı ilə birgə meyxana deyiblər.

Ənənəvi olaraq məhkumlar da səhnədə çıxış etmək imkanı qazanıblar. Murad Baxşıyev quldurluğa görə həbs olunub, 9 il cəza alıb. Azadlıqda ikən müğənni olub. İndi fürsət düşdükcə tədbirlərdə çıxış edir: “Demək olar ki, bütün muğam müsabiqələrində, dövlət səviyyəsində tədbirlərdə iştirak etmişəm. Bu müəssisədə iki nəfər oxuyan var idi. Biri azadlığa qovuşdu. Özümü qınayıram ki, mən onları (müğənniləri) yola salıram. Ən çox istədiyim çöldə həmkarlarımla fəaliyyətdə olmaqdır”.

Allah hər kəsi cinayətdən və cinayətkarlardan uzaq eləsin!

Müəllif | Apa.Tv

Nigar Həsənli

Kodu kopyalayın