16:40 07 Fevral 2018 444
Ana səhifə Xəbərlər

"Özümü Vətəndən sonra qoruyacam" - ŞƏHİDİN ÖMÜR YOLU

Onun telefonu heç vaxt susmazdı. Amma bir il olacaq ki, susub, özü də həmişəlik. Barışmır doğmaları onun yoxluğu ilə, hər gün Zülfüyə aid əşyaları qarışdırmaqla təskinlik tapırlar.

Anası oğlunun doğma qoxusunu Zülfünün sonuncu dəfə toxunduğu telefonundan, dəsmalından, yorğan-döşəyindən alır: "Orta məktəbi tərifnamə ilə bitirdi. Dedim, oğul, yaxşı oxumusan, bəlkə biliyini sınayasan. Dedi, ana hərb elə sənətdir ki, hər şeydən üstündür. Vətənimiz, torpağımız darda ola-ola mənə deyirsiz get başqa məktəb oxu, ana? İndi qoxusunu əlini sildiyi dəsmaldan alıram, bala. Çox bayraqsevər, yurdsevər oğul idi. Bu telefon niyə səs eləmir, ay bala?"

Fevralın 25-dən 26-na keçən gecə cəbhədə Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan 5 igiddən biri də baş çavuş Zülfü Qədimov idi. Əslən Ağdamın Mərzili kəndindəndir. Doğma kəndi işğal olunanda onun 5 yaşı olur. Ağdam işğal olunanda Qədimovlar ailəsi Beyləqan rayonunun Bolsulu kəndinə pənah gətirir. Yaxınları deyir ki, Zülfü uşaq yaşlarından düşmənə nifrət və qisas hissi ilə böyüyüb. Hərbi xidməti başa vurandan sonra elə bu qisas hissi onu ordu sıralarında qalmağa sövq edir. 3 il Daxili Qoşunlarda xidmət etdikdən sonra yaxınları ona daha təhlükəsiz peşə seçməyi təklif edir. Zülfü isə nəinki ailəsinin bu təklifi ilə razılaşmır, üstəlik, könüllü olaraq Milli Ordu sıralarına yazılıb, birbaşa ön xətdə düşmənlə üz-üzə xidmət etmək qərarını verir: "Hər gün o gələn yollara boylanıram. Deyirəm, bəlkə gələn Zülfüdür. Mən inanmıram ki, balam şəhid olub. Deyirdim, oğul, biz Mərzilidən çıxanda sənin 5 yaşın vardı. Sən nə bilirsən torpaq nədir? Deyirdi, sən Mərziliyə qayıtmaq istəmirsən, ana? Kəşfiyyata gedəndə bizə heç nə deməmişdi. Elə bircə sözü vardı. Deyirdi, öləndə belə şərəflə, kişi kimi ölmək lazımdır, mərd olmaq lazımdır, mən orda-burda qısılıb ölə bilmərəm".

Zülfi daha çox anasına deyərmiş ki, şəhid olsam, ağlama: "Ağlayıram, elə gün olmaz ki, ağlamayım. Amma düşünürəm ki, indi balam orda narahat olur. Gedirəm ziyarətinə, orda da ürəyimi boşaldıram, deyirəm Zülfü ölməz. Sonuncu dəfə atasının ad günü - fevralın 20-də zəng elədi ki, gələcəm. Çox gözlədik. Axşamüstü dedi ki, icazə ala bilmədim, məni bağışlayın. Fevralın 24-ü axşamı isə iki qardaşı ilə əlaqə saxlayır. Məni soruşub deyib ki, mamamın səsini eşitmək istəyirəm. Heç demə, bu sonuncu zəngi olub".

Atası Rəhim Qədimov deyir ki, xidməti haqqında həmişə qısa danışardı Zülfü. Onu vətənpərvər ruhda böyüdən də elə atası Rəhim kişi olub: "Mənim bacım oğlu da şəhid olub. Elə hey deyirdi, mən onun qanını almalıyam. Barışmırdı. Qohum-əqrəba deyirdi ki, Zülfü, özünü qoru. O dəqiqə cavab verirdi ki, vətəni qoruyuram da, özümü ondan sonra qoruyacam. Toylara gedirdik, Zülfüyə söz veriləndə vətəndən, torpaqdan danışırdı. Deyirdi, danışıram ki, balacalar bizdən eşitsin. Vətən sağ olsun, millət sağ olsun. Azərbaycan yaşasın, gün o gün olsun ki, erməniləri bu torpaqlardan qovub çıxaraq".

Şəhid baş çavuş Zülfü Qədimov 16 iyun 1988-ci ildə anadan olub. Əslən Ağdamın Mərzili kəndindəndir. İşğaldan sonra ailəsi ilə birlikdə Beyləqan rayonunda məskunlaşıblar. Ailə hazırda Beyləqan rayonunun Bolsulu kəndində yaşayır. Zülfü Qədimov 19 fevral 2012-ci ildə ailə qurubmuş. Övladı yoxdur.

Zülfi Qədimov dörd qardaşı ilə birlikdə bu uçuq-sökük evdə yaşayıb. Elə indi də şəhidin ailəsi bu evdə yaşamaqda davam edir. Yaxınlarının dediyinə görə, ölümünün ildönümünə sayılı günlər qalsa da, aidiyyəti qurumlar nəinki ailəsinin mənzil problemi ilə maraqlanmayıblar, heç qapılarını belə döyməyiblər.

Zülfü Qədimov Beyləqandakı Şəhidlər Xiyabanında uyuyur. Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv

Sevinc Vaqifqızı

Kodu kopyalayın