13:16 16 İyun 2018 1083
Ana səhifə Xəbərlər

"Qırmızı kitab"a düşən heyvanlar - BAKI ZOOPARKINDAN REPORTAJ

Bakı Heyvanat Parkı həm uşaqların, həm də böyüklərin sevimli məkanı sayılır.

APA TV-nin məlumatına görə, xüsusilə isti yay günlərində insanlar quşların səsini duymaq, vəhşi heyvanlara tamaşa etmək və şəhərin səs-küylü ab-havasından uzaqlaşaraq, özlərini təbiət qoynunda hiss etmək üçün Bakı Heyvanat Parkına üz tuturlar.

Zooparka giriş haqqı azyaşlı uşaqlar üçün pulsuz, yeniyetmələr üçün 1 manat, böyüklər üçün isə 1 manat 50 qəpik nəzərdə tutulub.

Biz də ecazkar məkanın balaca qonaqları ilə görüşüb onların fikirlərini öyrəndik.

Uşaqların heyvanlara olan sevgisini hiss etmək mümkün deyildi. Kimisi heyvanları yemləyir, kimisi isə onları yemləmək üçün israrla valideynlərini onlara kömək etməyə çağırırdılar.

Ziyarətçilər quşlardan çox meymunları və vəhşi heyvanları izləməyə maraq göstərirlər. Uşaqların ən çox əyləndikləri heyvan isə meymunlardır. Meymunlar onlara yaxınlaşmadıqda isə özlərinə məxsus səslər çıxararaq meymunları səsləyirlər.

Ziyarətçilər arasında turistlərin də sayı az deyildi. Bir sözlə, Heyvanat Parkı bu gün dolub daşırdı. Səhər saat 9-dan axşam saat 9-a kimi parkın müştərisi olur.

Zooparkın qonaqları üçün girişdə sadə xidmət təklif olunur. Kiçik bir köşk və qarşısında bir neçə masa qoyulub. Açıq kafedə 1 çaydan çayın qiyməti 1 manatdır. Zooparkı gəzib yorulan ziyarətçilər burada kofe, çay, su içə və dincələ bilərlər.

Havanın isti olmasına baxmayaraq, sıxlıq müşahidə olunurdu. Elə heyvanlar da sakit deyildi.

Heyvanlara qulluq edən xanım isə rahatlıqla onları yemləyir, tez-tez sularını dəyişirdi. Milliyyətcə rus olan xanım müsahibə vermək istəməsə də, şifahi olaraq söylədi ki, nə az-nə çox - düz 30 ildir zooparkda çalışır. İşini sevir. Bütün vəhşi heyvanları yemləsə də, yalnız qonur ayıdan çəkinir. Məhz elə buna görə də onun qəfəsinə yaxınlaşmır.

Öyrəndik ki, burada 154 növdə 1200 heyvan məskunlaşıb. Zoopark 40 növ məməli, 40 növ balıq, 11 növ sürünən, 63 növ quşun məskənidir. Bakı Heyvanat Parkında Afrika aslanı, Amur pələngi, yaquar, bəbir, Şotland ponisi, Avropa cüyürü, pavian qamadril, yenot, Nil timsahı, Afrika dəvəquşusu, Ara tutuquşuları kimi bizim təbiətə xas olmayan heyvanlar da saxlanılır. Burada adı "Qırmızı Kitab"a düşmüş, nəsli kəsilməkdə olan heyvanlar da var.

Zooparkdakı heyvanlar onları izləyən ziyarətçilərə məhəl qoymadan yatır, yeyir, bir-biri ilə oynayır, bəziləri də günəşin şüaları altında uzanırlar.

Diqqətimizdən Nil timsahı da yayınmadı. Bir neçə dəqiqə müşahidə etməyimizə baxmayaraq, onu sakit və hərəkətsiz gördük.

Ziyarətçilərdən öyrəndik ki, dəfələrlə zooparka baş çəkmələrinə baxmayaraq, onu heç vaxt hərəkətli görməyiblər. Mütəxəssislər isə dedilər ki, Nil timsahı saatlarla hərəkətsiz qala bilir.

Burma piton da qonşusu Nil timsahı kimi hərəkətsiz idi.

Zooparkda heyvanları müşahidə etməkdən əlavə, müxtəlif əyləncə formaları da var. Ponidə gəzinti, müxtəlif attraksionlar daha çox uşaqların sevimli əyləncə vasitəsidir.

Müəllif | Apa.Tv

Sevinc Vaqifqızı

Kodu kopyalayın