16:40 21 Noyabr 2017 912
Ana səhifə Xəbərlər

"Xalq Cəbhəsi" qəzetinin yaranmasından 16 il ötür - REPORTAJ

"Xalq Cəbhəsi" qəzetinin ilk sayının çapdan çıxmasından 16 il ötür. Qəzet ilk dəfə köşklərdəki yerini 2001-ci ilin 20 noyabr tarixində alıb. Lakin həmin tarix həm də Qarakənddəki vertolyot faciəsinin ildönümü ilə üst-üstə düşdüyündən, kollektiv ildönümünü bir gün sonra, yəni noyabrın 21-də qeyd edir.

Qəzetin ilk baş redaktoru hazırda " APA Holding"ə rəhbərlik edən Vüsalə Mahirqızı olub. Artıq bir neçə ildir ki, bu mətbuat orqanının sükanı Elçin Mirzəbəylinin əlindədir. Baş redaktor deyir ki, qəzet hətta onun özü üçün belə məktəbdir: "Mən bu məktəbdə çox şey öyrənmişəm, şübhəsiz. Düzdür, bura gələndə təcrübəli bir adam idim. Nəzərə almaq lazımdır ki, mən çap mediasından gəlməmişdim. Vaxtilə daha çox telekanallarda, televiziya sahəsində fəaliyyət göstərmişəm".

"Xalq Cəhbəsi"nin baş yazarı onlayn medianın ənənəvi çap mətbuatının fəaliyyətini məhdudlaşdırdığını təəssüflə qeyd etsə də, bu sahəyə dövlət dəstəyinin daim hiss olunduğunu söyləyir: "Azərbaycan dövləti çap mediasının ayaqda qalması üçün əlindən gələni əsirgəmir. Çap mediası medianın simasıdır. İstəsək də, istəməsək də, belədir. Gün ərzində mən informasiyanı həm elektron mediadan izləyirəm, həm də qəzetlərdən oxuyuram. Qəzet klassik medianın simasıdır. Mənim qənaətimə görə, bu klassik simanı itirmək lazım deyil".

Elçin Mirzəbəyli son illər elektron medianın ənənəvi informasiya vasitələrini sıradan çıxardığı ilə bağlı fikirlərlə də razılaşmır: "Qəzetlərin sıradan çıxması ilə bağlı illərdir fikirlər səsləndirilir, amma bunun əks prosesinin getdiyinin şahidi oluruq. Tutaq ki, ayrı-ayrı Avropa ölkələrində, Birləşmiş Ştatların özündə belə tirajlar artır, amma funksiya dəyişir, mahiyyət dəyişir. Qəzet artıq xəbər daşıyıcısı deyil, ola da bilməz. Çünki xəbərin taleyi bu gün bir-iki saniyədə həll olunur".

Elçin Mirzəbəylinin bir arzusu da ölkəmizdə çap olunan qəzetlərin rəngli çap formatına keçməsidir. Baş redaktorun daha bir gileyi insanlarda oxumaq həvəsinin yavaş-yavaş itməsindəndir: "Azərbaycanda oxumaq mədəniyyətin tərkib hissəsi deyil. Yəni səhər qəlyanaltıda insan əlinə qəzet alıb oxumağı özünə borc hesab eləmir, telefona baxır, telekanal izləyir. Amma qəzet, oxumaq, kitab mədəniyyətin tərkib hissəsidir və bu proses ailədən başlamalıdır".

E.Mirzəbəyli yarızarafat deyir ki, əməkdaşlar eşitməsin, amma mən bir baş redaktor kimi onların işindən razıyam. Rəhbərlik etdiyi kollektiv hazırkı şərtlər daxilində bacardığından daha artıq iş ortaya qoyur. Qəzet yarandığı ilk gündə olduğu kimi, dövrümüzdə də bir sıra ağrılı problemləri, xüsusilə də Güney Azərbaycan məsələsini özünün baş xəbərinə çevirib və kollektiv bu xətdən kənara çıxmaq niyyətində deyil.

Söhbəti qəzetin hazırda iş başında olan əməkdaşları ilə davam etdiririk. Arzu Şirinova qəzetin, belə demək mümkünsə, veteranlarındandır. Deyir ki, bu gün də 16 il öncəki həvəslə çalışır: "Xalq Cəbhəsi" mənim üçün ikinci ailəm, mövqeyindən sapmayan, dövlətə xalqa, millətə bağlı olan bir qəzet deməkdir. Qəzetlər var ki, 16 il ərzində üç dəfə mövqeyini dəyişib, amma "Xalq Cəbhəsi" qəzeti eyni mövqedə olan qəzetlər sırasındadır, öncüllərdən biridir. Mən bu münasibətlə bütün kollektivi, qəzeti yaradan Vüsalə Mahirqızı və indi də davam etdirən Elçin Mirzəbəyli başda olmaqla hər birimizi təbrik edirəm".

Elçin Qaliboğlu 90-cı illərdən mətbuatda, 13 ildir də "Xalq Cəbhəsi" qəzetində fəaliyyət göstərir: "Bu gün bizim qəzetdə ardıcıl olaraq elm xadimlərinin, insanlarının tarixi mövzuda yazıları çap olunur və diqqət çəkir. Bütün bunlar onu göstərir ki, "Xalq Cəbhəsi" qəzetinin bu və başqa yöndə tutduğu yön diqqət çəkicidir, gərəklidir. Mən qəzetimizin şəxsində Azərbaycan ictimaiyyətini "Xalq Cəbhəsi" qəzetinin 16 yaşı münasibətilə təbrik eləyirəm".

Həmkarlarımızı biz də ürəkdən təbrik edir, bol tiraj və saysız oxucu kütləsi arzulayırıq.

Müəllif | Apa.Tv

Fərid Rəsulov

Kodu kopyalayın