10:40 24 May 2018 1895
Ana səhifə Xəbərlər

100 yaşlı Cümhuriyyət pulları - REPORTAJ

Çağdaş Azərbaycanın müstəqil pullarının tarixi 1918-ci ildə Bakı Bələdiyyəsinin buraxdığı kağız pullarla başlanır.

1918-ci ilin yanvar-aprel aylarında dövriyyəyə buraxılmış 5, 15 və 50 qəpiklik xırda kağız pul, 1, 3, 5, 10 və 25 manatlıq iri bələdiyyə pul vahidləri rənginə, kağızın ölçülərinin müxtəlifliyinə görə də bir-birindən fərqlənirdi.

1918-ci il aprelin 25-dən Bakıda hakimiyyət bolşevik fraksiyasının əlinə keçib və tezliklə yeni idarə orqanı - Bakı Şəhər Təsərrüfatı Soveti yaradılıb. Bu qurumun qərarı ilə təcili olaraq yeni kağız pullar hazırlanıb dövriyyəyə buraxıldı. 10, 25 və 50 manat məbləğində olan bu pulların emissiyası Xalq komissarı Nəriman Nərimanovun imzası ilə həyata keçirilirdi.

1919-cu il 30 sentyabr tarixdə isə Azərbaycan Dövlət Bankının təntənəli açılışı oldu və həmin gündən etibarən fəaliyyətə başladı. Pul nişanlarının emissiyası səlahiyyəti Dövlət Bankına mənsub idi.

Kolleksiyaçı Azər Nağıyev bildirir ki, manat yazısı ilk dəfə olaraq Zaqafqaziya Komissarlığının buraxdığı pulların üzərində qeyd olunub.

"Bu həmin dövrə təsadüf edir ki, Qafqazda yaşayan millətlər Zaqafqaziya komissarlığında birləşmişdilər. Sonra bu 3 respublika üçün milli valyuta yaradıldı. Həmin valyuta üzərində Azərbaycan, gürcü və ermənicə yazılar gedirdi. Azərbaycan dilində olan yazılar əski əlifba ilə verilmişdi. İlk dəfə olaraq məhz o kağız pullar üzərində manat sözü yazılmışdı. Düzdür ehtimal olunur ki, manat sözü rus dilində "monet" sözündən gəlir. Amma hər bir halda bizim bildiyimiz manat sözü ilk dəfə o pullar üzərində yazılıb".

Azərbaycan Cümhuriyyəti dövründə hökumət adından 1919-cu ilin əvvəllərində tədavülə buraxılan pul vahidlərinin bir neçə nüsxəsi Azərbaycan Tarixi Muzeyində saxlanılır. Bunlar birinci kağız pul emissiyasına mənsub 100 manatlıq, həmin ilin ortalarında buraxılmış 25 manat (I-VII seriyalı), 50 manat (I-XI seriyalı), 100 manat (I-VIII seriyalı), 250 manat (I-VII seriyalı) və 1920-ci ilin əvvəllərində dövriyyəyə daxil olmuş ən iri nominal - 500 manatlıq (I-IV seriyalı) pul vahidləridir.

"1919-cu ildə mart ayında qərar alındı ki, 100 manatlıq əsginas çap olunsun. Həmin dövrdə sürətli inflyasiya getdiyindən artıq yuxarı nominalda pulların çapına ehtiyac yaranırdı. Cümhuriyyətin 100 manatlıq əsginasları 2 cürdür. Digər bütün pulların üzərində "Azərbaycan Respublikası" sözü yazılıb. Bəzilərində isə "Azərbaycan hökuməti" yazılıb. Bunun da səbəbi odur ki, parlament yaradıldıqdan sonra hər şey üçün parlamentin icazəsi lazım idi. Lakin parlament icazəni uzadır. Pul çapı isə zəruri olduğundan hökumət icazəni gözləmədən pul çap edir. Ona görə də hökumət pulun üzərində dövlətin adından yox, hökumətin adından pulu çap etdiyini göstərir. Həmin pulun üzərində "Azərbaycan hökuməti" yazılır".

Azər Nağıyevin sözlərinə görə, 500 manatlıq əsginaslar əhali arasında geniş yayıldığından hətta Cümhuriyyətin süqutundan sonra da bir müddət dövriyyədə qalıb.

"Əhali o pula o qədər etibar edirdi ki, Azərbaycan Sovet Sosialist Respublikası yaranandan sonra da həmin pullar dövriyyədə qalıb. Hətta bir sıra xarici mənbələrdə qeyd edilib ki, həmin pulların çapı sonradan da davam etdirilib".

Cümhuriyyət pullarında maraqlı məqamlardan biri pulların üzərində yazıların iki dildə yazılması idi.

"Yazılar həm rus, həm öz dilimizdə əski əlifba ilə yazılırdı. Bu qaydaya sadəcə 1920-ci ildə çap olunmuş 500 manatlıq əsginasda əməl olunmayıb. 500 manatlıq əsginasda yazılar Azərbaycan və fransız dillərində yazılıb. Bu da o zaman dünyada fransız dilinin daha da populyar olması ilə bağlı idi".

Cümhuriyyət dövrü pullarından bu qədər. Pulumuz bərəkətli, Cümhuriyyət Bayramınız mübarək olsun!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın