12:50 26 Yanvar 2021 128
Ana səhifə Xəbərlər

14 yaşlı Muradın köməyinizə ehtiyacı var - SOS

“Əvvəl hər gün həyətdə futbol oynayırdım. Amma indi oynaya bilmirəm, elə telefonla başımı qatıram. Əvvəl qaçırdım, hara gəldi dırmaşırdım, indi qaça bilmirəm”.

Murad Süleymanovun 14 yaşı var. Bir vaxtlar tay-tuşları kimi həyət-bacada o da qaçıb oynayır, ağaca, hasarlara dırmanırdı. İndi isə bütün gününü evdə dörd divar arasında, tək-tənha keçirir. Deyir, elə ki, həyətdən uşaqların səsi gəldi, onları ancaq pəncərədən seyr etməklə kifayətlənir. Çünki aylar öncə dırmandığı hündür hasardan yıxılaraq onurğa sütunundan ciddi zədə alıb.

APA TV xəbər verir ki, 14 yaşlı Murad get-gedə şiddətlənən ağrılar səbəbindən yerimə qabiliyyətini də itirməyə başlayıb: “Hər dəfə tərpənəndə belimin burası elə sancır ki, elə bil içində nə isə qalxıb enir.

“Böyüyəndə nəçi olmaq istəyirsən?” sualımıza Muraddan gözləmədiyimiz cavabı aldıq. Çünki bu suala adətən uşaqların cavabı polis və ya hərbçi olur. Murad isə qarmon ifaçısı olmaq arzusundadır. Bu sənətə sahiblənmək üçün müəllimdən dərs almağa başlasa da, təəssüf ki, başına gələn bədbəxt hadisədən sonra təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb.

Murad Süleymanovun ailəsi hazırda Masazırdakı “Zəngilan şəhərciyi”ndə məskunlaşıb. Əslən Xocalıdandır. Atası Elşən Süleymanov 1992-ci ilin 26 fevral gecəsinin canlı şahidlərindəndir. Xocalının işğalı zamanı gözlərinin işığını itirib. Birinci qrup gözdən əlildir. Ailənin maddi vəziyyəti isə yalnız ailə başçısının aldığı pensiyadır. Bir neçə ay öncə Muradın xəstəliyi ilə bağlı APA TV-nin çağırışına xeyirsevər şəxslərdən biri səs vermişdi. Atası deyir ki, həmin vaxt adının çəkilməsini istəməyən şəxs Muradın müalicəsinin bir hissəsini paytaxt xəstəxanalarının birində etdirsə də, sonradan onun müalicəsini davam etdirməyə maddi imkanları çatmayıb: “O gün Əli həkim zəng edib dedi ki, Muradın müalicəsini davam etdirməsəniz, o zaman birinci müalicənin də effekti itəcək. Vəziyyəti get-gedə ağırlaşacaq. Mənim də imkanım yoxdur ki, uşağımı müalicəyə aparım. Bu Qurban bayramı günlərində Allah rizası üçün mənim balama kömək edin”.

Muradın atası Elşən Süleymanovun da vəziyyəti yaxşı deyil. Bütün bədəni qəlpə yaralarıdır. Xocalı faciəsi zamanı günlərlə meşədə, soyuqda qaldığından onu don vurub. Əvvəlcə ölmüş bilib Ağdam morquna aparıblar. Bir neçə saat sonra ayılan Elşən Süleymanov elə o gündən gözlərinin işığını itirərək ömürlük əlil olub: “Murad hər dəfə ağrıyanda Allaha and olsun ki, mən özüm öz qəlbimdə vicdan əzabı çəkirəm. Elə olur ki, günlərlə anası özü onu qucağında aparıb gətirir. Mən görmürəm. Qorxuram ki, toxunaram yıxılar, ya da mən yıxılıb onu əzərəm”.

İndi Muradın ayağa qalxması xeyirxah insanlardan asılıdır. Heç kim xəstəlikdən sığortalanmayıb. Hər birimiz və ya yaxınlarımızdan kimsə bu cür xəsarət ala bilər. Buna görə də bir-birimizə dəstək verməli, köməyə möhtac olanlardan öz köməyimizi əsirgəməməliyik. Gəlin, 14 yaşlı Muradın ayağa qalxmasına yardımçı olaq!

Murada kömək istəyənlər 055 696 75 44 və ya 070 341 42 32 nömrələrinə zəng edib yardım edə bilərlər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın