14:31 24 Yanvar 2021 121
Ana səhifə Xəbərlər

144 ailənin yaşadığı bina hər an uça bilər - REPORTAJ

Sumqayıtda 2-ci mikrorayonda yerləşən 13 nömrəli yataqxana uzun illərdir ki, qəzalı vəziyyətdədir. 144 ailənin yaşadığı yataqxana qəzalı binaların siyahısına da salınıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, buna baxmayaraq aidiyyəti qurumlar son həddə olan binaya bir əncam çəkmirlər.

Hökümə Qafarova deyir ki, burdakı evlər isə hər an, hər dəqiqə uça bilər: “Bütün yerlərə getdik, qəzalıdır bina çökür. Bir baş 160 santimetrdir, bir baş 60 santimetrdir. Gəlib ölçüblər də, biçiblər də, baxıblar da. Hətta bizə söz verdilər ki, sizdə qəzalı binadır. Zakir Fərəcovun da qəbulunda olmuşuq. O da dedi ki, sökülən yataqxanaların siyahısında sizin də bina var. Biz də razılaşdıq”.

Zalxa Nəsibova sonuncu mərtəbədə yaşadığı üçün həm də yağışdan əziyyət çəkir: “Öz gücümə təmir olunub. Beşinci mərtəbədə yaşayıram. Əgər bu dəqiqə yağış yağsa, 20 dəqiqədən sonra evi bütün su götürür. İşıq xətlərimizin hamısı xarab olub. Görünən, üzdən kabel çəkdirmişik. Yaşamaq mümkün deyil”.

Sitarə Məmmədovada bu yataqxanada yaşayışı mümkünsüz sayır: “2020-ci ilin sentyabr ayında yenidən bizə dedilər ki, narahat olmayın, dekabra qədər siz köçürülməlisiniz. Burdan köçəcəksiniz. Ola bilər ki, 10 gün müddətinə, 20 gün müddətinə, ən uzağı 2020-ci ilin dekabrına qədər siz köçürülməlisiniz. Həqiqətən də köçürülməlidir, burada yaşayış qeyri-mümkündür”.

Yataqxana sakinləri köçürüləcəkləri günü səbirsizliklə gözləyirlər. Bəs aidiyyəti qurumlar nə deyir?

Sumqayıt Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin baş mühəndisi Rövşən Fərəcovun sözlərinə görə, 2020-ci ildə sözügedən yataqxanada yaşayan sakinlər qeydiyyata alınıb və sənədlər müvafiq dövlət qurumlarına göndərilib: “Bütün sənədləşmələr hamısı tərtib olundu və Maliyyə və İqtisadiyyat Nazirliklərinə sənədlərlə bir yerdə təqdimat olunub, müraciət olunmuşdu. Hazırda həmin məsələlər bildiyiniz kimi, bütün dünyada olan pandemiya ilə əlaqədar və ölkəmizdə olan müharibə şəraiti ilə əlaqədar ləngimələr gedir. Yəqin ki, müəyyən zaman fasiləsindən sonra məsələyə baxıldıqdan sonra verilmiş qərara uyğun olaraq, müəyyən işlərə başlanılacaq”.

Qeyd edək ki, yataqxana 1964-cü ildən istismardadır. Sumqayıt Kimya Zavodunun balansında olub və orada çalışanlara müvəqqəti yaşayış üçün verilib.

RAMİL ZEYNALLI,

ƏLİ ƏLİYEV,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın