01:20 15 Dekabr 2017 598
Ana səhifə Xəbərlər

150 manata yolka - YENİ İL YARMARKALARINDAN REPORTAJ

Yeni ilin gəlməsinə sayılı günlər qalıb. Bu münasibətlə Bakıda metro çıxışlarına yaxın yerlərdə bayram yarmarkaları təşkil edilib. Çadırlarda Yeni il oyuncaqları və suvenirləri çeşid-çeşiddir. Alıcılara endirimlər də təqdim olunur.

Bayram yarmarkasında Yeni il üçün hər cür bəzək əşyaları tapmaq mümkündür. Baxaq görək, qiymətləri necədir: "80 qəpikdən 37 manata kimi mallarımız var. Ən çox suvenirlər hədiyyəlik alınır. Ən çox Şaxta baba aksesuarı alırlar, səsli, musiqili belə şeylər alırlar. Yolka oyuncaqları 3 manatdan 25 manata qədərdir. Tələbat çoxdur, beş-beş alan da var".

Satıcı deyir ki, hər bir ailə münasib qiymətə buradan istədiyi yeni il aksesuarı tapa bilər: "Zərlər bizdə 70 qəpikdən 3 manata kimidir. Belə oyuncaqlarımız var 2 manata, işıqlısı 3 manata. Ən çox alınan bunlardır".

Yarmarkada hər zövqə uyğun Yeni il yolkaları da var. Qiymətlər isə ölçülərinə və keyfiyyətinə görə 5-150 manat arası dəyişir: "Boyları 1,20 var 100 manata, belə 2 metr yarımlıq var 150 manata, balacalar var yarım metrlik 6 manata. Bax, bu 10 manatadır, işıqlıları var 130 manata. Türkiyə istehsalı da var, Çin də. Ən çox alınanlar 150 manata olanlardır, tələbat da bunlaradır".

Alıcılar da qiymətlərdən və məhsulların çeşidlərindən məmnun görünürdülər. Onlar deyirlər ki, şəhərin Yeni il hədiyyələri satan dükanları ilə müqayisədə burda məhsullar olduqca ucuzdur: "Yeni il xalqımıza uğur gətirsin, səadət gətirsin, Azərbaycanın üzərindən qara buludlar keçsin, sülh əmin-amanlıq olsun. Nə qədər yaşlaşsam da, bu Yeni il üçün olan əşyaları çox sevirəm, nəvələrim üçün yolka qurmaq istəyirəm. Qiymətlər də uyğundur, münasibdir".

Qeyd edək ki, bayram yarmarkaları 2018-ci il yanvarın 3-dək davam edəcək.

Müəllif | Apa.Tv

Kodu kopyalayın