13:47 11 Sentyabr 2020 602
Ana səhifə Xəbərlər

20 ildir evsiz qalan məcburi köçkün niyə mənzillə təmin edilmir? - ARAŞDIRMA

20 ilə yaxındır Azərbaycan Texniki Universitetinin 4 saylı yataqxanasında məskunlaşan, əslən Xocalıdan olan məcburi köçkün Namiq Astan oğlu Qəmbərov bir çox məcburi köçkün ailəsi kimi nə vaxtsa yaşadıqları yataqxanadan köçəcəkləri günü gözləyir.

APA TV xəbər verir ki, amma belə getsə o gün gəlib çıxmayacaq. Çünki yataqxanada bütün qonşuları qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuş “Qobu 3” yaşayış kompleksində mənzillə təmin edilsələr də, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən onlara mənzil düşməyəcəyi ilə bağlı xəbərdarlıq edilib. Buna səbəb isə Namiqin həyat yoldaşı Şəlalə Qəmbərovanın adına bir zamanlar torpaq sahəsinin olmasıdır: “Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbəri Rövşən müəllimə bildirmək istəyirəm ki, vallah mənim torpağım yoxdur. O torpaq mənim xaricdə təhsil alan qardaşımındır mənə aidiyyəti yoxdur. O vaxt xahiş elədi aldım, sonra etibarnamə ilə verdim özünə. O vaxt heç ağlımın ucundan keçmədi ki, bu torpaq mənim başıma bəla olacaq”.

Şəlalə Qəmbərovanın həyat yoldaşı Namiq də onlara verilən sözün yerinə yetirilmədiyini deyir: “Rövşən müəllim şəxsən mənə və anama da dedi ki, gedin adınızda hər hansı əmlakın olmaması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayış alın sonra gəlin mən sizin evinizi verim. Mən də alıb gəldim, amma Rövşən müəllimlə daha görüşə bilmədim. Qəbula gəlirəm qəbul etmir. Mənim özümə görə vermirsən balalarıma görə verin”.

Müsahibimiz deyir ki, soyuq və darısqal yataqxana divarları arasında iki övlad böyüdür. Hər iki övladı Yasamal rayonunda yerləşən orta məktəbdə təhsil alır. Komitədən isə onlara bildiriblər ki, Qəmbərovlar ailəsinin başqa yerdə mülkləri olduğundan onlar yataqxanada artıq yaşamırlar. İndi ailə araşdırma aparılmasını, onların yataqxananı bir gün də olsa tərk etmədiklərinin sübuta yetirilməsini istəyirlər: “20 ildir mən o evi gözləyirəm. “Qobu Park” tikilməyə başlayandan mən hər ay gedib o evlərin tikintisinə baxmışam. Hər dəfə fikirləşirdim ki, biz də nə vaxtsa o evdə yaşayacağıq. Uşaqlarımız deyir ay ana bizim nə vaxtsa öz evimiz olacaq. Mən bu gün ailəmə problem yaşayıram, çünki həyat yoldaşım deyir sənin qardaşının ucbatından mən evsiz qalmışam. Mən bu gün haqlı ola-ola haqsız duruma düşmüşəm”.

Ailənin qonşusu Zöhrə İmanova da Qəmbərovların sözügedən ünvanda yaşadıqlarını deyir: 17 ildir mən bu gəlini burada görürəm. Gündə bir neçə dəfə həyətə düşsəm həmişə koridorda qarşılaşıram. Bir gün də olsa bu yataqxananı tərk etməyib bu ailə.

Qəmbərovlar ailəsi ilə apardığımız söhbət əsnasında məlum oldu ki, ailənin 8 qohumu Xocalı Soyqırımında qətlə yetirilib. Namiq Qəmbərovun anası Adilə Qəmbərova Xocalı soyqırımı gecəsi uşaqlarını ermənilərin əlindən xilas etməsini taleyin bir möcüzəsi kimi dəyərləndirir. Çünki günlərlə ac, susuz ermənilərin mühasirəsində qalmaq, meşələrdə hər addımbaşı yaxınlarının, doğmalarının meyitləri ilə qarşılaşmaq və o soyuq qış gecəsində Ağdama gəlib çatmaq həqiqətən də möcüzədir: “Səhər açılanda baxdıq ki, erməni kəsdi qabağımızı. Üç gün üç uşağımla mühasirədə qaldıq. Orda olan Xocalıları erməni maşınlara yığıb aparırdı, bizə vaxt çatmadı, axşam oldu. Bundan istifadə edib uşaqlarımın əlindən tutub qayaların arasından keçə-keçə oradan qaçdıq. Gəldik Ağdama. Orda soruşdum ki, anamı, bacılarımı görməmisiniz? dedilər yox. O gün, bu gün anam və üç bacım, bacımın balaları itkin düşdü”.

Qəmbərovlar ailəsinin qarşılaşdığı problemlə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev məsələ ilə bağlı APA TV-yə açıqlamasında bildirdi ki, Dövlət Komitəsində fəaliyyət göstərən ev vermə komissiyasının işçi qrupunun apardığı araşdırma zamanı Qəmbərova Şəlalə Vaqif qızının Abşeron rayonunun Saray qəsəbəsində, ona məxsus torpaq sahəsində fərdi yaşayış evinin olduğu aşkar edilib. Araşdırmanın nəticələri, müvafiq qaydada, foto-video çəkilişlərlə sənədləşdirilərək qeydə alınıb. Qəmbərova Şəlalə Saray qəsəbəsindəki üzərində fərdi ev tikilmiş torpaq sahəsinin mülkiyyət hüququnu (çıxarışını) sonradan başqa şəxsin adına dəyişib.

Xatırladırıq ki, məcburi köçkünlərə yeni mənzillərin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən tənzimlənir. Qaydanın 2.11.2.-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir.

İbrahim Mirzəyev son olaraq qeyd etdi ki, ailədə şəhid statusu Namiq Qəmbərovun anasındadır. O, da Binəqədidə Komitə tərəfindən yeni mənzillə təmin edilib.

İlahə Vəliyeva,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın