13:01 20 Fevral 2021 161
Ana səhifə Xəbərlər

20 ildir qazsız qalan Şəmkir sakinləri: “Soyuqdan donub ölürük” - ARAŞDIRMA

Şəmkir rayonun Çinarlı qəsəbəsinin yeni salınan yaşayış massivinin bir hissəsi uzun illərdir mavi yanacağın üzünə həsrət qalıblar.

APA TV-nin yerli bürosunun xəbərinə görə, qəsəbənin Aşıq Ələsgər, Ozan, Koroğlu, Dədə Qorqud və Qaçaq Nəbi küçələrinin sakinləri deyir ki, burada yaşayış evləri tikiləndən qazlaşma aparılmayıb.

Qəsəbə sakini Şahin Verdiyev deyir ki, problemlə bağlı edilən şikayətlər hələ də cavabsız qalıb: “Biz hərə yerə müraciət edirik, bizim şikayətimizə baxan yoxdur. Burda elə şəhid ailələri var ki, onun evində başqa övladı yoxdur. Onun evində də qaz yoxdur”.

Əfruz Musayeva isə 7 ildir ki, qış aylarında soyuqdan donduqlarını deyir: “Heç kəs şikayətimizə baxmır. Evimiz soyuqdur, odunumuz yoxdur, donub ölürük. Kimə müraciət edək? 7 ildir mən yaşayıram qaz yoxdur. 7 ildə getmədiyimiz yer qalmayıb. Bizə deyirlər bizim səlahiyyətimiz yoxdur sizə qaz çəkməyə. Nə vaxt layihə düşəcək onda çəkəcəyik. İşıq pulunu zorla ödəyirik. Odun almaqdan ötəri 400 manat verməliyik”.

Qəsəbə sakini İlham Məmmədovun sözlərinə görə, mavi yanacağın olmaması yaşayış massivində ağacların kütləvi şəkildə qırılması, elektrik transformatorlarının tez-tez sıradan çıxması kimi hallarla müşahidə olunur: “Bizim problemimizi həll edən yoxdur. Qalmışıq belə. Camaat 20 il bundan qabaq əkilən ağacları kəsib bir təhər qışı çıxır. Köpəsi var, yaşlısı var, xəstəsi var. Dəfələrlə müraciət eləmişik, baxan yoxdur”.

Qəndab Məmmədova isə ağac kəsməyə görə cərimə edildiklərini deyir: “Biz məhəlləmizin ağacını kəsirik, yandırırıq. Sonra da bizə cərimə kəsirlər”.

Məsələ ilə bağlı Şəmkir rayon Çinarlı qəsəbə Bələdiyyəsinə üz tutduq. Bələdiyyə sədri Arzu Qafarov problemdən xəbərdar olduğunu və ərazi yeni yaşayış massivi olduğu üçün orda qazlaşdırma aparılmadığını bildirdi: “Vətəndaşlarımızın müraciəti əsasında icra nümayəndəsi ilə birlikdə aidiyyəti qurumlara öz məktublarımız ünvanlamışıq. Vətəndaşların problemlərini həll etmək üçün. Onlar da bu işə baxılacağına, yaxın günlərdə dövlətin layihəsinə salınacağına, 5 küçəyə qaz çəkiləcəyinə söz veriblər”.

Çinarlı qəsəbəsinin nə zaman qazlaşdırılacağı sualına aydınlıq gətirən digər cavabdeh qurum isə Şəmkir Regional Qaz İstismar İdarəsidir. İdarənin baş mühəndisi Elçin Süleymanovun məsələyə münasibətini öyrəndik: “Şəmkir rayonun Çinarlı qəsəbəsinin bir qrup sakini “Azəriqaz”a müraciət edib. Müraciətin araşdırılması və icrası bizə tapşırılıb. Həmin kəndin qazlaşmayan hissəsində araşdırmalar aparıldı. Müəyyən oldu ki, təxminən 100-ə yaxın ev qazsızdır. Ərazinin sxemi təyin olundu, lazım olan material hesablandı. İndi mal-materialı əldə etmək üçün “Azəriqaz”a müraciət etmişik. Həmin material əldə olunandan sonra qısa bir zamanda abonentlərinin problemi həll olunacaq”.

Uzun illərdir mavi yanacaqsız qalan sakinlər gələn ilə kimi küçənin qazlaşdırılacağına ümid edirlər.

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın