15:56 20 Yanvar 2021 86
Ana səhifə Xəbərlər

20 Yanvar faciəsindən 31 il ötür – ŞƏHİDLƏRİN XATİRƏSİ ANILDI

Bu gün bizi 20 Yanvar faciəsindən 31 il ayırır. Bu 31 ildə çox şey dəyişib. Dəyişməyənlərdən biri isə hər il 20 yanvar günündə böyükdən-kiçiyə hər kəsin Şəhidlər xiyabanına gələrək 20 Yanvar şəhidlərini dərin ehtiramla yad etməsidir. Ötən illərdən fərqli olaraq bu il ziyarətə gələn insanlarda bir iftixar və qürur hissi var. Axı indi biz qalib ölkənin qalib vətəndaşlarıyıq. Müzəffər Azərbaycan Ordusu 30 ilə yaxındır erməni işğalında olan torpaqlarımızı azad edib. Rahat uyuyun qardaşlar, bacılar. Ruhunuz şad olsun.

Səhər saatlarından etibarən Azərbaycanın dövlət və hökumət nümayəndələri, deputatlar, həmçinin diplomatik korpusun ölkəmizdə akkreditə olunan nümayəndələri ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər:

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb: “Bu il 20 yanvarı fərqli qeyd edirik. Azərbaycanın işğal altındakı torpaqları azad edildikdən sonra ilk dəfədir ki, biz, Şəhidlər xiyabanına gəlirik. Mən inanıram ki, şəhidlərimizin ruhu indi şaddır. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Azərbaycanın sevincində, kədərində Türkiyə Cümhuriyyəti olaraq yanında olduğunu bir daha vurğulamaq istəyirəm”

Qeyd edək ki, bu gün Şəhidlər xiyabanında 73 nəfər 20 yanvar hadisələrində şəhid olan vətəndaşımız uyuyur. Ümumilikdə 160 nəfər həmin gecənin qurbanı olub. 66 nəfər bölgələrdə yerləşən Şəhidlər xiyabanında dəfn olunsa da, onların da xatirəsini əbədiləşdirmək üçün burada simvolik məzarlar yaradılıb. Xiyabanda dəfn olunan 4 nəfərin isə kimliyi hələ də məlum deyil.

İlahə Vəliyeva,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın