17:52 31 Avqust 2020 557
Ana səhifə Xəbərlər

2277 çarpayı, 100 süni tənəffüs aparatı... – FHN-İN NÖVBƏTİ MODUL TİPLİ HOSPİTALI AÇILIB

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 31-də Fövqəladə Hallar Nazirliyi Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışında videoformatda iştirak edib.

APA TV-nin xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan növbəti modul tipli hospitalının inşa edilməsi dünyada COVID-19 infeksiyasının sürətlə yayılması fonunda ölkəmizdə bu xəstəliklə mübarizədə Azərbaycan dövlətinin atdığı mühüm addımlardan biridir.

Bakı şəhərinin Zığ qəsəbəsində yerləşən modul tipli hospital ən müasir standartlara cavab verir. Tibb müəssisəsində koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün bütün şərait yaradılıb, hospital müasir avadanlıqlarla təchiz edilib.

Fövqəladə Hallar Nazirliyi Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan növbəti modul tipli hospitala bu bizim ikinci gəlişimizdir. İyul ayının 7-də hospitalın açılışı zamanı burada 800 çarpayılıq korpus istifadəyə verilmişdisə, hazırda son 43 gün ərzində bu say bir neçə dəfə artaraq 2277 çarpayılıq hospitala çatdırılıb. Hazırda hospitalda 100 ədəd süni tənəffüs aparatı quraşdırılıb.

Baş həkim İmran Ağayev deyir ki, bu gün hospitalda 7 korpusun və 1 diaqnostik mərkəzin açılışı baş tutub: “Burada hazırda eyni zamanda stasionar şəraitdə 2033, reanimasiya şəraitində isə 267 xəstəni müalicə etmək mümkündür. Burada yatan xəstələrə 2 ədəd mərkəzləşdirilmiş kompressor, 1 ədəd kompüter tomoqrafiya aparatı, 6 ədəd portativ və 1 ədəd stasionar USM, qastroskopiya, bronxoskopiya, kolonoskopiya, 300 ədəd “Edan” markalı xəstə başı monitorları, 3 ədəd portativ rentgen aparatı, 17 ədəd portativ EKQ cihazı, 1 ədəd EEQ, 1 ədəd hemodializ, 1 ədəd hemofiltr, 5 ədəd defibrilyator xidmət göstərir”.

Eyni zamanda hospitalda kliniki, biokimyəvi, bakterioloji, mikrobioloji və PSR laboratoriya mövcuddur. İmran Ağayev deyir ki, modul tipli hospitalda yaradılan şərait koronaviruslu xəstələrin müalicə işini qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Hospitalın digər tibb müəssisələrindən daha bir üstünlüyü burada məlumatların idarəetmə sisteminin mövcudluğudur: “Burada mərkəzi qərargahda müalicə prosesinə aid olan bütün məlumatlar qəbul edilir və müalicə prosesi bu qərargahdan idarə edilir. Bu sistem vasitəsilə xəstələrin tibbi məlumatlarını, müalicə prosedurlarını və bütün digər tibbi və qeyri-tibbi prosesləri həm hospital daxilində, həm də hospital kənarından izləmək mümkündür. Eyni zamanda bu sistem hospitalın fəaliyyət dövrünü istənilən tarix aralıqları üzrə izləmək imkanını verir”.

Bu gün modul tipli xəstəxanaların açılması, bu xəstəliklə mübarizədə mühüm və effektiv addımların atılması Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşların sağlamlığının qorunması və ölkənin səhiyyə sisteminin inkişafına göstərdiyi xüsusi diqqətinin təzahürüdür. Bu cür modul tipli xəstəxanaların tikintisinin xüsusi əhəmiyyəti də var. Belə ki, bu cür xəstəxanaların qısa zamanda inşası Azərbaycan dövləti tərəfindən koronavirusla mübarizədə bütün mümkün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi və ölkəmizin bu qlobal çağırışa cavab verə bilməsi üçün yeni imkanlar yaradır.

Ümumilikdə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır. Hazırda ölkə rəhbərliyi tərəfindən atılan bu mühüm addımlar əhalinin sağlamlığının qorunması, xəstəliyin nəzarətdə saxlanılmasına şərait yaradır.

İlahə Vəliyeva

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın