06:40 04 İyun 2020 252
Ana səhifə Xəbərlər

23 illik ömrün unudulmuş məzarı - REPORTAJ

O, Azərbaycan musiqi tarixinə öz adını qızıl həriflərlə yazdırıb. 23 il yaşamasına baxmayaraq, bəstələdiyi bütün musiqilərlə insanların könlünə yol tapıb. Ancaq bu gün Asəf Zeynallının məzarı üstünə yol tapmağa çətinlik çəkirik.

APA TV xəbər verir ki, bu qərənfillər onun ruhunu şad edəcək ya yox onu dəqiq bilmirik. Bəlkə də sənətkarın ruhu çoxdan bizdən inciyib lap uzaqlara gedib. Həyəcanla və sonsuz sevgi ilə “Ölkəm” romansını nota alan bəstəkarın məzarı elə ölkəsində itib-batıb.

Sənətkarın məzarı da sanki elə onun öz taleyini yaşayır. 1932-ci ildə dünyadan nakam köçən bəstəkar Çəmbərəkənddə dəfn edilib. Sonradan orada park salındığı üçün məzar “Qurd qapısı” deyilən ərazidəki rus qəbiristanlığına köçürülüb. Elə bundan sonra da, obrazlı desək, “Asəf Zeynallının hekayəsi” başa çatıb.

Sosial şəbəkələrdə məzarın şəkli paylaşılanda gözlərimizin bizi aldatdığını düşündük. Amma həqiqət idi. Düzdür, ərazi bir qrup musiqiçi tərəfindən təmizlənib səliqə-sahmana salınıb. Ancaq bu, aidiyyəti qurumların heç birinə bəraət qazandırmır.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov ilə əlaqə saxladıq. Qurum rəsmisi bildirdi ki, bununla məşğul olacaq aidiyyəti qurumlar var: “Bizi də çox narahat etdi. Əlbəttə, Azərbaycan xalqının görkəmli böyük bəstəkarının arzuolunmaz görkəmi təbii ki, bizi də narahat etdi. Müvafiq addımlar nazirlik tərəfindən atılıb və diqqətdə saxlanılacaq”.

Yasamal rayon bələdiyyəsinin Ərazi İdarəetmə şöbəsinin müdiri Rizvan Mahmudov isə bildirdi ki, artıq bu gün səhər saatlarında ərazi təmizlənib.

Asəf Zeynallının məzarı ictimai qınaq nəticəsində qismən də olsa, səliqəyə salındı. İndi qalır ona sahib çıxmaq...

İsa İsmayılov

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın