02:40 10 Mart 2018 3845
Ana səhifə Xəbərlər

26 ilin balı: yemək qadağandır! - REPORTAJ

Bu bal da 26 ildir Füzuli rayonun Qacar kəndinin sakinləri kimi məcburi köçkün həyatı yaşayır. APA TV-nin xəbərinə görə, 26 illik balın tarixçəsini Şükür Səfərov danışacaq.

Müsahibimiz Qacar kəndində doğulub, 1986-cı ildə arıçılıq kooperativi yaradıb, işğala qədər kənddə arıçılıqla məşğul olub: "Kəndimiz Dağlıq Qarabağda yerləşirdi, Şuşaya yaxın ərazidə. Ermənilər işğala qədər üç dəfə hücum edib".

Ermənilərin hücumu ərəfəsində Şükür arıçının 120 arı ailəsi olub. Ancaq təsərrüfatın bir qismini kənddən çıxara bilib: "İşğal zamanı çətinliklə olsa da, bir maşın arını kənddən çıxara bildim. Füzuli rayonunun işğaldan uzaq bölgəsinə yerləşdirdim. Arıları Beyləqana, Şamaxıya, sonra da Ağsuya gətirdim".

Arıçı kəndi 93-cü ilin iyununda tərk edir, iyulda kəndləri işğal olunur: "Ən yaxşı arılarım qaldı orda. Eyni zamanda texnika da yox idi avadanlıqları çıxaraq. Arıçılığa aid avadanlıqlar, pətəklər, bal süzən maşınlar, çox şey qaldı orda".

Şükür Səfərov az sayda arını artıraraq yenidən təsərrüfatını böyüdür. Apiterapiya ilə məşğul olur. Arı məhsullarından müxtəlif cür dərmanlar, kremlər hazırlayır. Yayı kənddə, qışı şəhərdə keçirir. Bu kiçik otaqda arılardan topladığı, özünün hazırladığı məhsulları satır.

Şükür Səfərov hər il süzdüyü baldan bir banka saxlayır ki, fərqli illərin balları arasında fərqi görsün. Çünki hər il balın dadı da, rəngi də, qoxusu da fərqli olur: "Axırıncı il bir balon bal saxlamışdım. Bir-iki il saxladım. Elə düşünürdüm bu gün qayıdarıq, sabah qayıdarıq. Sonra gördüm uzun çəkir. Ona görə kənddən yadigar kimi saxladım".

26 yaşlı balın tərkibi dəyişsə də, bu bal qarabağlılar üçün daha böyük anlam daşıyır: "Bu bal bizim kəndin spesifik xüsusiyyətlərini özündə daşıyır. Eyni zamanda torpağımızın ətrini, torpağın üzərində bitən çiçəklərin ətrini. Bunlarla yanaşı, bizim sanki ürəyimizin ağrısına çevrilib. Bu balın tarixinə baxanda insanlar kövrəlir, elə insanlar olur, gözləri yaşarır. Arzu edirəm o göz yaşları yaxın gələcəkdə sevinc göz yaşların çevrilsin. Acıdan şirinə çevrilsin. Bizim bal kimi şirin istəklərimiz həyata keçsin".

Uşaqdan qocaya hər kəsin dilindən çıxan bu arzulara qoşulub müsahibimizdən ayrılırıq. Qacar kəndində görüşmək ümidi ilə...

Müəllif | Apa.Tv

Elvin Bayramlı

Kodu kopyalayın