18:53 19 Oktyabr 2020 660
Ana səhifə Xəbərlər

“27 il əvvəl söz verdik ki, Kəlbəcərə bu maşınla qayıdaq” - REPORTAJ

Ordumuzun apardığı uğurlu döyüş əməliyyatları, bir-birinin ardınca düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsi xəbərləri bu rayonlardan məcburi köçkün düşən insanlarda böyük sevinc və fərəh hissləri yaradıb. El-obasından 27 ildir didərgin düşən bu insanlar artıq öz doğma yurdlarına nə ilə qayıdacaqları barədə xəyallar qururlar. Elə süjetimizin qəhrəmanı olan, Kəlbəcər rayonundan məcburi köçkün Rəşad Alızadə kimi.

Düz 27 il öncə Rəşad, atası və anası bu avtomobillə Kəlbəcər rayonundan məcburi köçkün düşərək, Murov dağını bu üzə aşıblar. Lakin evlərindən çıxarkən ailə olaraq bir sözləri olub - gec və ya tez Kəlbəcərə məhz bu avtomobillə qayıdacağıq.

Rəşad deyir ki, 1961-ci il Rusiya istehsalı olan “QAZ 69”-u Kəlbəcərdə yaşadıqları vaxt babasına xidməti avtomobil olaraq veriblər. İlk sahibi də babası olub. Babası dünyasını dəyişdikdən sonra isə avtomobili atası sürüb. Doğum evindən Rəşadı evlərinə atası bu avtomobil ilə gətirib. Uşaqlığının ən gözəl günlərində bu avtomobillə olan gəzintiləri, Kəlbəcərdən ətraf rayonlara qonaq getdikləri vaxtlar indi xoş xatirədir. Ən böyük arzusunun bu avtomobili sürərək doğma Kəlbəcərə getmək olduğunu deyən müsahibimiz uşaqlığında dərin izlər buraxan erməni vandalizmini, avtomobillə Murov dağını keçərkən yaşadığı çətin anları bu cür xatırlayır: “Murovun ətəyində gələrkən yolda maşının istilik sistemi işləmədi. Aprel ayında Murov dağ hədsiz soyuq olduğu üçün mən soyuqdan donmayım deyə, yolda olan sahibsiz quzuları atam tutaraq, yunu isti olar deyib mənim boynuma, bədənimin başqa hissələrinə qoymuşdu. Bir qadın var idi, qucağında körpə uşaq soyuqdan donaraq ölmüşdü. Amma nə qədər təkid etsələr də, qadın uşağı qucağından yerə qoymurdu. O günləri xatırlamağın özü belə insana dəhşətli gəlir”.

Kəlbəcərin işğalından ötən 27 il ərzində avtomobili satmaq barədə heç düşünməyiblər də. Nəhayət, Kəlbəcərə qayıdacaqları günün çox yaxında olduğunu bildikdən sonra 20 ildən çoxdur işləməyən avtomobili təmir etdirmək qərarına gəliblər: “Bu avtomobil bizim ailənin həssas bir nöqtəsidir. Evimizin bir küncünə sığınıb, bu günə qədər qalıb. Bu avtomobildə bizim hər birimizin xatirələri var. Mənim də, valideynlərimin də, hətta digər qohumlarımızın da. Mən 2 il bundan öncə istədim bunu yığdırım. Hər şeyini də danışmışdım. Amma mənə də bəlli olmayan səbəblərdən alınmadı. Yəqin ki, indiyə qismət imiş. İndi bu avtomobili düzəltdirəcəyəm. Məni atam Kəlbəcərdən bu maşınla gətirib. İndi isə mən 59 yaşlı atamı və anamı bu maşınla Kəlbəcərə qaytaracağam”.

Avtomobili saz vəziyyətə gətirmək üçün 15-17 min manat arası vəsait lazım olacaq. İki gün öncə avtomobilin şəkilini sosial şəbəkədə paylaşdıqdan sonra avtomobil ustaları tərəfindən təmənnasız olaraq dəmirçi, elektrik və boya işlərini görmək üçün zənglər də gəlib.

Cəbhədən hər gün gələn qələbə xəbərlərini hər birimiz kimi, Rəşad da izləyir və sevinir. Mümkün qədər qısa vaxt ərzində avtomobilini sazlayıb, bir vaxtlar ağlaya-ağlaya çıxdığı Kəlbəcərə, evinə indi gülə-gülə qayıtmağa hazırlaşır.

XƏLƏF XƏLƏFOV

ƏLİ ƏLƏKBƏR

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın