14:57 26 Oktyabr 2020 171
Ana səhifə Xəbərlər

27 ildir ki, Füzuli həsrəti ilə yaşayan ailənin qələbə sevinci – REPORTAJ

İlahi, şükürlər, şükürlər ola,

O qaçqın adından qurtara bildik,

Doğma torpaqları öz ordumuzla

Yenidən geriyə qaytara bildik.

Bəli, Füzulilərin 27 illik həsrətinə son qoyuldu. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə Füzulili döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Şəhidlərdən 8 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Füzuli rayonu 23 avqust 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Bu il, sentyabrın 27-dən başlayaraq erməni silahlı birləşmələrinin təxribatlarına cavab olaraq Ordumuzun əks hücumu nəticəsində torpaqlarımızın bir hissəsinin azad olunması xalqımızda böyük ruh yüksəkliyi yaradıb.

Qonağı olduğumuz Əliyevlər ailəsi 27 ildir ki, Masallı şəhərinin Seybətin yaşayış massivində məskunlaşıb. Bir neçə gün əvvəl onların dədə-baba torpağı Füzulidən gələn möhtəşəm zəfər xəbəri ailəni sözlə ifadəsi çətin olan duyğulara qərq edib. Axı, onların doğma kəndi – Qərvənd də işğaldan azad edilib: “O gün ki, televizorda Ali Baş Komandan xalqa elan elədi ki, Füzulinin 4 kəndi işğaldan azad olub, and ola Allaha bizim sevincdən uçmağa qanadımız yox idi. Dostlar-tanışlar, zənglər.. elə adamlar var idi sevindiklərindən telefonda ağladılar. Özümüz də Allah şahiddir, qurbanlarımız var”.

Oruc Əliyev deyir ki, Qərvənd kəndindən çıxanda 19 yaşı olub, ailənin ən böyük övladı da odur. 1993-cü ildə valideynləri, iki bacısı və iki qardaşı ilə bərabər bir həftə yol gəldikdən sonra iki ay İmişli rayonunda qalıb. Sonda ailə Masallıda məskunlaşıblar. Çox çətin keçən illərdə Masallı camaatından böyük qayğı və səmimi münasibət görüblər. Onun kimi qardaşları da elə burada ailə həyatı qurub, bacıları isə gəlin köçüb. Təəssüf ki, bu illər ərzində atası Cəmil kişi yurd həsrəti ilə dünyasını dəyişib: “Atam 2009-cu ildə dünyasını dəyişdi, elə burada da dəfn elədik. İnanırdı ki, hər ayın əvvəlində deyərdi ki, ümid var ora qayıdacağıq, oranın ab-havası ilə yaşayardı. Prezidentimiz elan eləyəndə ki, torpaqlarımızın bəzi hissələri azad olunub, getdim atamın qəbrinə, dedim ata, ruhun şad olsun, o gözlədiyin vaxt yetişdi”.

Ailənin ən böyük arzusu doğma Füzuliyə – Qərvəndə qayıtmaq idi. İndi isə hədsiz dərəcədə sevinirlər, əsas da məcburi köçkün statusundan qurtulduqlarına görə. Oruc Əliyev “Azərbaycanın hər yeri torpağımızdır” deyir, lakin uşaqlıqdan hər cığırına bələd olduğu o torpaqlara qayıtmaq üçün səbirsizlənir: “Peyğəmbərimiz də buyurub ki, vətənini sevmək imandandır. O şəxs ki, öz vətənin, torpağın, millətin sevmir onun insaniyyətliyi yoxdur. Neçə illərdir çox əziyyətlər çəkmişik, çox darıxmışıq vətənimiz üçün. Həmin anı gözləyirik ki, gedək o uşaqlıq dövrümüzün keçdiyi həyətdə əlimizi açaq Allaha həmd-səna edək, İlahi şükürlər olsun sənə bizim dövlətimizin siyasəti nəticəsində, ordumuzun gücü nəticəsində bizim doğma torpaqlarımız düşmən tapdağından azad oldu”.

İndi doğma Füzulimizdə zəfər bayrağımız dalğalanır! Yenidən oralar cənnətə çevriləcək. Oktyabrın 17-də ölkə rəhbərinin xalqımıza müraciətində söylədiyi kimi: ”Uzun illərin doğma torpaq həsrəti sona çatır... Ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik... Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq.”

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın