11:14 23 Sentyabr 2020 1451
Ana səhifə Xəbərlər

27 ildir yataqxanada məskunlaşan şəhid valideynləri - REPORTAJ

O, illərdir şəhid balasından yadigar qalan şəkillərə sığınıb. Lalə Şükürova şəhid Sərvan Balakişiyevin anasıdır. Təsəllisini vətən torpaqlarının azadlığı uğrunda canından keçən Sərvanın cibindən çıxan və ona ünvanladığı son məktubla tapır.

Lalə ana övladından danışarkən göz yaşlarına hakim ola bilmir. Üç oğul anası olsa da, övladlarından biri şəhid olub, digəri qəza nəticəsində həyatını itirib. Düz 27 ildir Yasamal rayonu Şərifzadə küçəsi-72 ünvanında “Hidroxüsusitikinti” QSC-nin binasında məskunlaşıb. Bir otaqlı mənzildə bir oğlu, nəvələri və gəlini ilə birlikdə yaşayır: “26 ildir burada məskunlaşmışıq. Dəfələrlə komitəyə getmişəm. Demişəm ki, nəvələrim, gəlinim və oğlumla bir otaqda qalıram. Nə olar, evi olanlara ev verirsiz, axı mən şəhid ailəsiyəm, bizim də mənzil problemlərimizi həll edin. Hələ də susurlar, qızım, bu günə kimi sizdən başqa mənim qapımı döyən olmayıb”.

Mahir Məmmədov da Şərifzadə küçəsi-72 ünvanında məskunlaşan şəhid valideynidir: “1993-cü ildən bu ünvanda məskunlaşmışıq. 3 ailə ilə bir mənzildə yaşayırıq. Mən şəhid Məzahir Məmmədovun atasıyam. Komitədə olmuşam, ərizə ilə müraciət etmişəm. Sədrlə də görüşmüşəm, söz verdilər ki, mart ayında sizin yataqxana köçürüləcək. Oktyabr ayıdır, nə gələn var, nə gedən. Yəqin vəziyyətlə bağlı ləngidirlər, görək indi nə fikirləşəcəklər, qızım”.

- Qızım 1993-cü ildən burada məskunlaşmışıq. Belə deyildi ki... Özümüz birtəhər düzəldib yaşayırıq. Gördüyünüz bu avadanlıqları mağazadan borca götürüb yavaş-yavaş ödəyirəm. Bütün günü siçan-mişovul əlindən tərpənmək olmur.

- Baxın, görün, bu qədər işıq şitləri keçən mənzildə necə yaşamaq olar. 26 ilin bir gecəsini rahat yatmamışıq. Hər an yanğın partlayış təhlükəsi ilə üz-üzəyik. Birinci mərtəbədəyik, nəmişlik, kanalizasiya xətlərinin qoxusundan dayanmaq olmur. 6 nəfərdən ibarət ailəyik, oğlum, özüm, gəlinim, nəvələrim. Dəfələrlə Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmişik, gəlib baxıb gediblər.

Beləcə, bütün mənzillərdə çəkiliş edə bilməsək də, bir neçə məcburi köçkün ailəsinə baş çəkə bildik, bir neçəsi ilə də binanın həyətində görüşdük.

- Bir otaqda siçanlarla yaşayırıq. Bezmişik biz. Vallah, hər yerə də məlumat vermişik ki, bina uçur. Hərdən az da olsa, təmir etmək istəyirik, göydən qum tökülür başımıza. Başdan-ayağa xəstəlikdir. Arada ağardıram, onun da xeyri olmur, köhnə daş-divardır.

- Yaxşı ki, gəlmisiz, qalxın, yaşadığımız evə baxın. 8 nəfərlik ailə, nəvələrimlə birgə. Nəvələrim artıq böyüyüb, onlar da valideynləri ilə birgə qalır. Bax, budur məsələ. Yataqxananın istilik sistemi belə yoxdur, üz tutmadığım təşkilat qalmayıb. Dəfələrlə Yasamal Rayon İcra Hakimiyyətinə məlumat vermişik. Get-gəllə keçir ömrümüz. İşıqla qışda bu binanı isitmək olarmı?

- Bu binanın zirzəmisi yoxdur. Qəzalı vəziyyətdədir. 2000-ci il zəlzələsində gəlib baxdılar, bir az da əl gəzdirdilər. Ondan bu yana bu binaya nə gələn var, nə gedən. Panellər tökülür, pilləkənlər bərbad durumdadır. Çürüyüb artıq hər yer. Yuxarıdan tökülən su digər qonşunun mənzilinə axır. Qızım 4-cü mərtəbədə qalır övladları ilə. Nəvəm xəstədir, ona nəmişlikdə yaşamaq olmaz. Gəzdirmədiyimiz xəstəxana yoxdur.

27 ilin payızına Yasamal rayonunun bu hisli-paslı yataqxanasında qədəm qoyacaq sakinləri Yasamal Rayon İcra Hakimiyyətinin binasından cəmi 10 dəqiqəlik məsafə ayırır. Amma bu məsafəni qət edə bilmirlər ki, bilmirlər. Çünki illərdir onların harayına səs verən yoxdur. Yataqxanada ikisi şəhid ailəsi olmaqla 25-dən çox ailə məskunlaşıb. Bina istiliklə təchiz olunmur, qaz xətləri isə müxtəlif ünvanlardan çəkilib.

Qəzalı binanın sakinlərinin şikayətlərinə aydınlıq gətirilməsi ilə bağlı isə əvvəlcə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mövqeyini öyrəndik. Komitədən bildirdilər ki, Yasamal rayonu Şərifzadə küçəsi-72 ünvanında “Hidroxüsusitikinti” QSC-nin binasının varlığından xəbərdardırlar. Amma sakinlərin köçürülməsi üçün binanın qəzalı vəziyyətdə olmasını təsdiq edən rəsmi sənəd lazımdır. Əgər Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında verilmiş sənəd olarsa, mərhələli şəkildə həmin binanın sakinləri də köçürüləcək.

Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, “Hidroxüsusitikinti” QSC-nin binasına sakinlərin müraciəti əsasında baxış keçirilə bilməz. Bunun üçün Yasamal Rayon İcra Hakimiyyəti nazirliyə binaya baxış keçirilməsi üçün müraciət etməlidir.

Yasamal Rayon İcra Hakimiyyətində də olduq. Bizi binanın giriş qapısında ayaqüstü qarşılayan icra başçısının müavini Xaliq Mehbalıyev yataqxananın şəraitindən xəbərdar olduqlarını söylədi. Qeyd etdi ki, sözügedən ünvandakı yataqxana “Hidroxüsusitikinti” QSC-nin binası olduğundan, ora baxış keçirilməsi üçün Yasamal RİH müvafiq təşkilatların balansına maliyyə vəsaiti ayırmalıdır. Bundan sonra məsələni diqqətdə saxlayacaqlarına söz verən İcra Hakimiyyəti rəsmisi əlavə etdi ki, tezliklə ekspertizanın keçirilməsi üçün müvafiq tədbir görəcəklər.

Nə deyirik, “minə dözən min birə də dözər” deyib atalar. Gözləyək! Ümid edək ki, vətənin azadlığı uğrunda canından keçən şəhid valideynlərinin də üzünə nə vaxtsa günəş doğacaq.

Sevinc

Musa

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın