19:02 25 Noyabr 2020 514
Ana səhifə Xəbərlər

27 illik Vətən həsrətinin sonu – KƏLBƏCƏRLİLƏR SEVİNCLƏRİNİ BELƏ QEYD ETDİ

İnandılar, gözlədilər və qovuşdular. 2 aprel, 1993-cü ildə işğal edilmiş Kəlbəcərdən köçkün düşən soydaşlarımız bu gün, noyabrın 25-də, 27 il yeddi aydan sonra öz ata-baba yurdlarına qovuşdular.

APA TV-nin yerli bürosunun məlumatına görə, ölkənin 54 rayonunda məskunlaşmış kəlbəcərlilərin hər biri bu tarixi xüsusi təntənə ilə qeyd edir. 5 minə yaxın kəlbəcərlinin yaşadığı Gəncədəki şəhərcikdə isə xüsusi coşqu var idi:

Hazırda biz Kəlbəcərlilərin məskunlaşdığı qəsəbədəyik. Ali Baş Komandan çıxış edərək Kəlbəcərin işğaldan azad olunmasını qeyd etdi. İndi qəsəbədə bütün kəlbəcərlilər bu günü bayram kimi qeyd edirlər.

- Bütün dünyasını dəyişən şəhidlərimizin ruhu şad olsun. Onların valideynlərinin qarşısında baş əyirəm. Onlar bu vətənimizin uğrunda canlarını fəda elədilər. O yaralı əsgərlərimizə Allahdan şəfa diləyirəm. Prezidentimizə uzun ömür, can sağlığı arzu edirəm.

- Mən fəxr edirəm ki, doğma torpaqlarımız 27 ildən sonra geri qaytarıldı. Mən öz Prezidentimizə, cənab Ali Baş Komandanımıza təşəkkür edirəm. Milli Ordumuza təşəkkür edirəm. Belə güclü ordumuz var. Biz 27 ildən sonra bu qaçqın adını üstümüzdən götürdük. Artıq biz qaçqın deyilik.

- Bu gün çox şadam. Çox sevinirik ki, bizim torpaqlarımız qayıtdı. Allah Prezidentimizi sağ eləsin, Allah Ordumuzu qorusun. Bu gün gördüyümüz kimi ermənilər bütün ev-eşiyimizi yandırıb çıxır. Ona görə yandırırlar ki, bilirlər ki, o torpaqlara bir daha qayıtmayacaqlar. Biz Ordumuzla çox fəxr edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Allah dövlətimizi qorusun. Allah türk xalqını qorusun.

Sevinci yerə-göyə sığmayan kəlbəcərlilər 27 ildən sonra bu fərəhli günün qürurunu yaşayıblar. Gəncədə məcburi köçkünlər üçün salınmış şəhərcikdə yaşayan kəlbəcərlilər Mədəniyyət evinin qarşısına toplaşaraq, rayonun işğaldan azad olunmasını təntənəli şəkildə qeyd ediblər.

Kəlbəcərin işğaldan azad olunması münasibəti ilə Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, ziyalılar və Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk də qəsəbədəki şəhidlər xiyabanına gələrək torpaqlarımızın azadlığı uğrunda canından keçən kəlbəcərli şəhidlərin məzarını ziyarət ediblər.

Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk Türkiyənin bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib: “Bu gün tarixi dönüş nöqtələrindən birinə şahidlik etdiyimiz önəmli bir gündür. Kəlbəcərin Azərbaycana yenidən daxil olması, işğal altındakı torpaqların azad edilməsi və Azərbaycan Ordusunun Kəlbəcərə girməsindən dolayı bu gün tarixi önəmə sahibdir. Bu xoş gündə azərbaycanlı, kəlbəcərli qardaşlarımızla birlikdə olmaq istədik və bu zəfər mübarək olsun!”

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev də bu gün münasibətilə hər kəsi təbrik edib: “Bu gün bildiyiniz kimi Azərbaycan üçün çox müqəddəs bir gündür. Möhtərəm Cənab Prezidentimiz, Ali Baş Komandanımız, İlham Əliyev tərəfindən bizim xalqımıza 27 ildən çox erməni faşistlərinin işğalı altında qalan torpaqlarımız azad olundu. Bu bizim xalqımız üçün xeyirli-uğurlu olsun. Ali Baş Komandanımız çox siyasi müstəvidə öz sözümüzü, bizi Azərbaycan xalqı olaraq təsdiqlədi. Bütün Azərbaycan xalqına, o cümlədən kəlbəcərlilərə “gözün aydın olsun” deyirəm. Hamınızı bir daha təbrik edirəm”.

İndi kəlbəcərlilər doğma yurd-yuvalarına qayıtmaq üçün günləri sayır, soyumuş ocaqlarını yenidən isitmək üçün hazırlıqlar görürlər.

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın