12:16 05 Yanvar 2021 94
Ana səhifə Xəbərlər

28 illik həsrətin sonu: APA TV "Zəfərin izi ilə" Laçında - REPORTAJ

APA TV-nin çəkiliş qrupu Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” layihəsi çərçivəsində silsilə reportajlar hazırlayıb. Bu silsilədən növbəti reportajı təqdim edirik.

Yolumuz 28 ildən sonra erməni işğalından azad olmuş Laçın rayonunadır. Horadiz şəhərindən başlayan yolçuluğumuz Cəbrayıl rayonundan keçib, ordan Zəngilan və Qubadlıya gedirik. Hər üç rayonun bütün yaşayış məntəqələri ermənilərin 27-28 illik işğalı zamanı xarabalığa çevrilib. Bu səbəbdən kəndlərin hamısı bir-birinə oxşayır. Kəndlərin adı yazılan lövhələri oxumasaq, bilmək olmur hansı rayonun hansı kəndindəyik.

Qubadlının Laçına tərəf son kəndinə - Xəndək kəndinə gəlib çatdıq. Qaranlıq düşüb, gecəni bu kənddə qalacağımızı deyirlər. Səbəb isə həftənin birinci günü olmasıdır. Məlum olur ki, Laçına getmək üçün həftənin ikinci günü olmalıdır. Çünki Laçın dəhlizindən həftənin tək günləri ermənilər, cüt günləri azərbaycanlılar istifadə edir. Soyuq adamın iliyinə işləyir. Qrupumuzda olan jurnalist həmkarlarımız ocaq qalamaq üçün hərəkətə keçir, kimisi rezin təkər, kimisi odun parçası tapıb ocaq qalayır.

Kənddə ancaq Azərbaycan Ordusunun hərbçiləridir. Onlardan da qalmağa yer istəməyin heç yeri yoxdur. Əsgərlərimiz xarabalığa çevrilmiş kəndlərdə çətin vəziyyətdə hərbi xidmət aparır. Bununla belə, heç kim bu durumdan giley-güzar eləmir. Çünki Laçına ilk dəfə ayaq basan mülkü şəxslərdən biri olacağıq. Artıq səhər açılıb, amma dağlar bizə hələ günəşi görməyə imkan vermir. Yoğun səsli hərbçinin çağırışına hamı avtomobildən düşür. “Hazırlaşın, yola düşürük” komandası hamının üzünü güldürür. Maşın karvanımızın sayı gecə artıb. 10-dan artıq hərbi maşında Laçın rayonunun kəndlərində hərbi xidmət aparmaq üçün gedən hərbçilər də qoşulub bu karvana.

Yola düşürük. Qubadlının Xəndək kəndindən çıxıb, Laçının Güləbirdinə daxil oluruq. Rusiya sülhməramlı qoşunlarının hərbi postuna çatırıq. Qrup rəhbəri yaxınlaşıb, keçəcək avtomobillər haqqında məlumat verir. Rus zabit 26-dan artıq maşının keçməyəcəyini deyir. Avtomobillər sayılır və sülhməramlıların 3 zirehli avtomobilinin biri öndə, biri ortada, biri isə ən axırda bizi dəhlizdən keçirmək üçün yola düşürük.

Laçın şəhərinə daxil oluruq. Qarşımıza çıxan erməni maşınlarını sülhməramlıların zirehli texnikaları xəbərdarlıq edərək, yoldan kənara çıxarır, bizim yolumuzu açır. Laçın şəhərinin içindən keçdikcə 1992-ci ildə yandırılan və ya sökülüb daşınan evlər görünür. Salamat qalan evlərin qapı-pəncərəsini isə son günlərdə sökülüb aparıblar. Bir də hər 50-100 metrdən bir yol kənarında erməni xaçları qoyulub.

Dəhliz başa çatır, artıq Azərbaycan Ordusunun nəzarətində olan kəndlərə giririk. Laçın rayonunun Malıbəy kəndində maşından düşüb, dağların təmiz havasını ciyərlərimizə çəkirik. Hər şeyi unutmuşuq - aclığı da, susuzluğu da, soyuğu da... Malıbəy kəndində taxta elektrik dirəklərinin mişarla kəsilməsi, dəmir dirəklərin sökülməsi, elektrik naqillərinin açılması, su borularının yerin altından çıxarılıb aparılması açıq-aydın görünür.

Kəsilən ağaclara baxanda, üzümüzdəki təbəssümün yerini yenə üzüntü alır. Doğranan təkcə dağlarda, meşələrdə olan ağaclar deyilmiş. Minkənd çayının xüsusilə sağ sahilboyu uzanan bütün meşə zolağı doğranaraq daşınıb. Son günlər kəsildiyi də açıq-aşkar görünür.

Kosalar kəndində dağların ətəyindəki monastır görünür. Burada evlərin sökülməsi, ağacların kəsilməsi nəticəsində baxanda uzaqlıqda olan 3-4 kənd sonra salamat qalmış bir tikili varsa, onu da görmək mümkündür. Maşına oturub monastıra tərəf yol alırıq. Laçın rayonunun Kosalar kəndindəki “Ağoğlan” monastırına...

“Ağoğlan” və ya “Sisərnəvəng” monastırı Ağoğlan çayının sahilində Laçın şəhərinə yaxın ərazidə, Kosalar kəndində yerləşən V-VI əsrlərə aid bazilikadır.

Əfsanəyə görə, monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilib. Xristian inancına görə isə monastırda Müqəddəs Georginin relikviyası saxlanılıb. Monastırın Azərbaycan dilli ədəbiyyatda istifadə edilən adı – “Ağoğlan” monastırı abidə yaxınlığından keçən kiçik dağ çayının adı ilə əlaqəlidir.

Memarlıq doktoru, professor Gülçöhrə Məmmədova öz araşdırmalarında qeyd edir ki, 844-cü ildə Sisərnəvəg (Ağoğlan) kifayət qədər geniş və məşhur monastır idi ki, onun xidmətçisi bəxşiş sənədində şahid göstərilirdi. 1613-cü ildə monastırı əhatə edən qala divarları möhkəmləndirilib və tağlı əsas giriş qapısı inşa edilib. Əsas kilsə binası və zəng qülləsi 1779-cu ildə təmir edilib.

Laçın rayonu 28 il işğal altında qaldığı müddətdə isə ermənilər bu monastırı da özününküləşdirməyə çalışıb. Monastırın divarlarında tarixi-dini abidənin guya ermənilərə məxsus olduğunu əks etdirən daş kitabələr yerləşdirilib. Halbuki kilsənin yerləşdiyi diyar tarix boyu Oğuz və Qıpçaq türklərinin ana yurdu olub. Monastırın tikilmə tarixi də ermənilərin bu iddialarını alt-üst edir. Ermənilər son günlər ərazini tərk edəndə isə yenə monastırda quraşdırılan şamdanları və bəzi tarixi materialları yox ediblər.

Qədim qəbiristanlıqdakı bütün məzarlar demək olar ki, dağıdılıb, sinə və baş daşları aparılıb. Qəbiristanlığın kənarlarındakı ağaclar kəsilərək ərazi düzəngaha çevrilib. Kənddəki məscidi tapmaq istəyirik. Zabitlərimiz icazə vermir. “Biz də yeni gəlmişik, “sürpriz” minalar quraşdırmış ola bilərlər, bu səbəbdən sizin həyatınız üçün təhlükəlidir, olmaz!” deyib bizi geri qaytarırlar.

Növbəti reportajımızda yaxın kəndlərdəki qədim mağaralar, “İstisu”, “Turşsu”, hotel kimi istifadə olunan qədim Həmzə Sultan sarayı barədə məlumat verəcəyik.

Habil Aslanoğlu

Ziya Quliyev

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın