02:40 28 Aprel 2020 200
Ana səhifə Xəbərlər

28 Maydan 28 Aprelə... – SOVET İŞĞALINDAN 100 İL ÖTÜR

Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından 100 il ötür. Həmin gün tariximizə 350 kərə “ilk dəfə” sözünü qazandıran Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik və azadlıq idealları ilə çıxdığı yolun istiqaməti dəyişdirildi. Bununla da dünya inqilabı üçün Şərqin qapısı olan, qara qızılının ağ gün göstərmədiyi Azərbaycanın müstəqilliyi başa çatdı.

Gün 28 may, il 1918, məkan Tiflis. Azərbaycan Milli Şurası Xalq Cümhuriyyətinin yaradılması barədə İstiqlal Bəyannaməsini elan edir. Mayın 30-da isə Baş nazir Fətəli xan Xoyski Azərbaycanın tam hüquqlu müstəqil dövlət və onun idarə formasının Xalq Cümhuriyyəti olduğu haqda dünyanın aparıcı dövlətlərinə radioteleqram göndərir.

1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası tərəfindən AXC-nin müstəqilliyi de-fakto tanınır.

Bu münasibətlə yanvarın 14-ü ölkədə qeyri-iş günü hesab edilir və Bakıda hərbi parad təşkil olunur.

Sevinc dolu günlərə haram qatanlar çirkin niyyətlərinə başlayır. 1920-ci il fevralın 12-də Bakıda bolşeviklərin birinci qurultayı keçirilir. Kommunist təmayüllü ayrı-ayrı təşkilatlar vahid partiya adı altında birləşmək barədə qərar qəbul edir və Rusiya bolşeviklərinin lideri Vladimir Lenin iclasın fəxri rəyasət heyətinə seçilir.

Martın 15-də konspirativ mənzildə Bakı kommunistlərinin gizli toplantısında Azərbaycan zəhmətkeşləri adından Sovet Rusiyasına, Kommunist İnternasionalına və Qırmızı Orduya müraciət hazırlanır.

Martın 24-də Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov Nazirlər Şurasının sədrinə teleqram göndərərək, martın 23-də gecə saat 3-ün yarısında ermənilərin Xankəndində yerləşən hərbi hissəyə, eyni vaxtda Şuşaya hücum etdiyini deyir. Daha sonra eyni gündə Qazaxda sərhəddə vəziyyət ağırlaşır və hərbi vəziyyət elan edilir.

Martın 30-da yerli bolşeviklər mövcud Cümhuriyyət quruluşunu dəyişmək və Şura hökuməti qurmaq məqsədilə Bakıda və bütün Azərbaycan Cümhuriyyətində qiyam hazırlayırlar.

Nazirlər Şurasında yaranan fikir ayrılığına görə bəzi nazirlər və baş nazir Nəsib bəy Yusifbəyli də istefa verir. Parlament hökuməti formalaşdırmağı Məhəmmədhəsən Hacınskiyə həvalə edir.

Eyni tarixdə Qarabağda ermənilərin silahlı çıxışları başlayır.

Aprelin 1-də parlamentin keçirilən növbəti iclasında Daxili İşlər Naziri Mustafa bəy Vəkilov martın 22-də Şuşaya toplaşan 200 nəfərdən çox erməni əsgərinin Azərbaycan əsgərlərinə hücum etdiyini və Qarabağın Cavanşir, Zəngəzur Qəzalarından olan erməni əhalisinin də hücuma qoşulduğunu bildirir.

Sol sosialistlərin nümayəndələrindən olan Əliheydər Qarayev Denikinin qüvvələrini Ermənistana topladığını və onların qarşısına çıxacaq qüvvənin yalnız Rusiya qoşunu olduğunu qeyd edir. O, bildirir ki, ciddi surətdə Qırmızı Ordu ilə danışıqlara gedilməlidir. Belə olarsa, Qırmızı qoşun Azərbaycanın sərhədini keçməyəcək.

“İttihad” partiyasının sədri Qara bəy Qarabəyov, sosialist fraksiyasının üzvü Aslan bəy Səfikürdski də Qırmızı Ordu ilə danışıqlara girməyin vacib olduğunu deyirlər.

Aprelin 1-də qubalılardan ibarət birinci eşalon və zaqatalılardan ikinci eşalon Yevlaxdan Ağdama göndərilir.

Fransanın Qafqazdakı baş komissarı Qraf de Martel, İtaliyanın baş komissarı Vordrop və polkovnik Qabba Azərbaycan Cümhuriyyətinin Xarici İşlər nazirinə teleqram göndərərək, hökuməti sülhə səsləyirlər.

Xarici İşlər naziri Fətəli xan Xoyski ermənilər tərəfindən ordumuz üzərinə xaincəsinə hücumun bütün Qarabağı zəbt etmək məqsədi daşıdığı haqda teleqrama cavab verir.

Beləliklə, Azərbaycan hökumətinin üzərinə əsas vəzifə düşür - Qarabağda sülh və asayişi bərpa etmək.

Aprelin 5-də Azərbaycanın digər ərazilərinə ermənilərin digər hücumları olur. Əvvəlcə səhər saat 5-də Yaradulla kəndinə, daha sonra qonşu Tatlı kəndinə basqın edirlər. Erməni nizami ordusu kənd əhalisinin 1/3-ni qıraraq, kəndi yandırırlar.

5 gün sonra isə ermənilər Qubada üsyana qalxır.

Aprelin 14-də Sovet Rusiyasının Baş Qərargahında Bakının tutulması planları hazırlanır. Qafqaz Cəbhəsinin komandanı Tuxaçevskiyə plan xəritələri göndərilir.

Aprelin 21-də Qafqaz Cəbhəsinin komandanı XI ordunun rəhbərliyinə 490 nömrəli direktiv göndərərək aprelin 27-də Azərbaycanın sərhədini keçmək və Yalama-Bakı əməliyyatını 5 gün ərzində başa çatdırmaq əmr olunur. Əmrdə həmçinin deyilir ki, Bakını tutarkən nəyin bahasına olursa-olsun, indiki Azərbaycan hökuməti həbs edilməlidir.

Aprelin 22-də Bakıda Rusiya Kommunist Bolşeviklər Partiyası Qafqaz Diyar Komitəsinin Bakı Bürosunun iclası keçirilir və qərara alınır ki, hakimiyyətin bolşeviklərə təhvil verilməsi tələbi ilə Azərbaycan Cümhuriyyətinə ultimatum təqdim olunsun.

Aprelin 25-də XXI Qırmızı Ordu Azərbaycanın sərhədlərində dayanır.

Aprelin 26-da kommunistlər daha bir gizli toplantı keçirirlər. Konspirativ mənzildə Azərbaycan Kommunist Bolşeviklər Partiyasının fövqəladə iclası keçirilir və hakimiyyətin ələ alınması müzakirə olunur, Müvəqqəti İnqilab Komitəsi yaradılır. Hərbi limanın rəis müavini Çingiz İldırıma donanmanı milli hökumətə qarşı hazırlamaq tapşırılır. Qərara alınır ki, aprelin 27-də parlamentə hökumətin təhvil verilməsi barədə ultimatum təqdim olunsun.

Aprelin 26-dan 27-nə keçən gecə Yalamadan məlumat daxil olur ki, Rusiya qoşunları sərhədi keçib Bakıya doğru hərəkətə keçir.

Zirehli qatarlar Yalama stansiyasına çatır və Quba alayının 2 rotası jandarm dəstəsi ilə birlikdə müqavimət göstərməyə başlayır. Təxminən 2 saat gedən döyüş qırmızı Ordunun qələbəsi ilə başa çatır. Azərbaycan ordusunun 350-yə yaxın əsgəri həlak olur.

Aprelin 27-də Nəsib bəy Yusifbəylinin evində hökumət üzvləri ilə partiya liderlərinin iclası keçirilir və Şəfibəy Rüstəmbəyli hökumətin dərhal Gəncəyə köçürülməsini təklif edir. Digər liderlər etiraz edərək hökumətin Bakıda qalmasını və hakimiyyətin bolşeviklərə verilməsini təklif edirlər.

Ölkədə yaranmış vəziyyət parlamentdə müzakirə olunur. Müdafiə naziri Səməd bəy Mehmandarov belə bir vəziyyətdə ordunun Rusiya qoşunlarına qarşı döyüşmək iqtidarında olmadığını etiraf edir. Bundan sonra bəzi şərtlər daxilində hakimiyyətin bolşeviklərə verilməsi barədə söhbətlər başlanır.

Zirehli qatarlar Xaçmaza daxil olur. Həmid Sultanov yaxın 12 saat ərzində hakimiyyətin bolşeviklərə verilməsi barədə ultimatumu parlamentə təqdim edir.

Çingiz İldırım gəmilərin silahlandırılması barədə göstəriş verir. O, Azərbaycan parlamenti və hökumətinə ultimatum göndərərək, hökumətin Nəriman Nərimanov başda olmaqla Sovet Fəhlə Kəndli Hökumətinə təhvil verilməsini tələb edir. Bildirir ki, 2 saat ərzində cavab verilməsə, atəş açılacaq.

Axşam saat 9-da zirehli qatarlar Xırdalan stansiyasına çatır. Azərbaycan ordusunun qarovul qatarı daha bir müqavimət cəhdi göstərir, Xırdalan körpüsü yandırılır. Lakin “III İnternasional”dan açılan artilleriya atəşləri qarşısında geri çəkilməli olur.

Saat 20:45-də Cümhuriyyət Parlamentinin iclası başlayır. Məhəmməd Əmin Rəsulzadənin israrı ilə parlamentin sonuncu iclası qapalı keçirilmir, toplantı zalının qapıları xalqın üzünə açılır.

Müsavat lideri iclasda tarixi çıxışını edir, “Anadolunun imdadına getmək bəhanəsi ilə yurdumuza girən işğal ordusu buradan bir daha çıxmaq istəməyəcək” bəyanatını səsləndirir.

Rəsulzadə və tərəfdarlarının kəskin etirazlarına baxmayaraq, parlament hakimiyyəti dinc yolla bolşeviklərə vermək haqqında qərar qəbul edir.

Cümhuriyyət qurucuları hakimiyyəti kommunistlərə dinc demokratik yolla və konkret şərtlərlə təhvil vermişdilər. Lakin bu şərtlər ilk gündən pozulur. Təqiblər başlanır və həbslər kütləvi xarakter almağa başlayır. Etirazlar qanla yatırılır, Azərbaycan bolşevik işğalına məruz qalır və müstəqilliyini itirir. Bu işğal 71 il davam edir. Amma sonda Rəsulzadənin dediyi olur – Bir kərə qalxan bayraq bir daha enmir!

Elvin Paşazadə,

Faiq Həsənov,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın