19:20 03 Dekabr 2019 58
Ana səhifə Xəbərlər

3 oğul böyüdən 23 yaşlı qüsurlu məcburi köçkün - GÜNÜN REPORTAJI

Ağdamı, dədə-babasının kəndini - Mərzilini görməyib. Erməni işğalından 3 il sonra dünyaya göz açıb süjetimizin qəhrəmanı. Köçkün, evsiz-eşiksiz kimi qədəm qoyub bu həyata. Yəni “məcburi köçkün” taleyi onun alnına hələ ana bətnində yazılıb. Bu azmış kimi onun boynuna başqa bir çətinlik də yüklənib.

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hazırda Ərgi düzü adlanan ərazidə məskunlaşan Behbudovlar ailəsinin övladı -
23 yaşlı Turalı valideynləri uzun illər müalicə elətdirib, amma...

Bircə arzusuna çatıb, sevib-seçdiyi Arzuya: “Evdə, xəstəxanalarda çox əziyyət çəkdim, məcburi köçkün kimi ağır şəraitdə yaşadığımız zamanlar müalicə elətdirdik. Ev-eşik olmayıb, bir alaçıqda, kərpicdən kiçik bir evdə şəraitsiz, işıqsız yaşayırdıq”.

18 yaşı olanda könlünü öz bibisi qızına açan Turala biganə qalmayıblar, həmyaşıdı olan Arzu ilə izdivacına “hə” deyiblər. İndi onların ailəsində 3 oğul böyüyür. İndi həyat Tural üçün elə ailəsindən ibarətdir: “Malla, su ilə, nə bilim, işlə-güclə məşğul oluram. Ev şəraitində oxumuşam, müəllimlər evə gəlib. Uşaqlar da oxusunlar, məktəbə girsinlər, ürəklərində nə var həyata keçirsinlər”.

Hə, Tural balalarının yaxşı yaşaması üçün əlindən gələni edir. Aİlənin dolanışığı daha çox əkinçilik və heyvandarlıqdan çıxır. Böyüklər də bu gənc ailənin yaxşı yaşamasına kömək olur: “Allah bunlara üç övlad verdi, üç əsgər böyüdürük. Elə birinə şəhid qardaşım Qalibin adını qoyduq. Arzum budur ki, o da Qalib kimi torpaq üçün canından keçən oğul olsun. 2-ci nəvəmin adı Vüsaldır. Vüsal deyir, baba, mən böyüyüb həm idmançı, həm də polis olacağam”.

Elə dövlətdən də aylıq dəstək var. Deməli, Turalın övladları öz arzularının arxasınca getmək üçün çətinlik çəkməyəcək: “Allah dövlətimizin bayrağını uca eləsin. Özü pensiya alır, sosial müavinət alır, 4 nəfər çörək pulu alır”.

Dünyada milyardlarla insan var - ya fiziki qüsurlu doğulub, ya da sonradan qüsur yaranıb. Buna görə də fiziki çatışmazlıq qüsur sayılmamalıdır. Bu, hər birimizin başına gələ bilər.

3 dekabr - Beynəlxalq Əlillər günüdür. Fiziki qüsurlu, əngəlli insanlara isə 365 gün dəstək olmaq lazımdır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın