10:49 25 Yanvar 2021 124
Ana səhifə Xəbərlər

30 il Şuşasız qalan, ermənilərin məhv edə bilmədiyi tarix – ARAŞDIRMA

Hər rəssamın, heykəltəraşın əlinin, beyninin, ruhunun bəhrəsi onun yaratdığı əsərləridir. Elə düşünün ki, yaratdığımız bu əsərlər, heykəllər bizim övladlarımızdır. Eşidəndə ki güllələyiblər, pis təsir etdi bizə. Heç ağlımıza da gəlməzdi ki, heykələ güllə, qumbara atarlar.

Bəli, dünyanın heç bir yerində güllələnmiş heykəllərə rast gəlinmir. Lakin Azərbaycanın tarixi-mədəni irsinin əksi olan Bülbülün, Üzeyirin, Natəvanın heykəlləri erməni vandalları tərəfindən gülləboran edilib. O güllələr Azərbaycanın tarixinə, mədəniyyətinə tuşlanmış güllələr idi əslində.

APA TV-nin xəbərinə görə, Azərbaycanın mədəniyyət nümunəsi sayılan və “Güllələnmiş heykəllər” adını alan əsərlər 1980-ci illərdə məşhur heykəltəraşlar Xanlar Əhmədov və Namiq Dadaşov tərəfindən yaradılıb:

Xalq rəssamı Xanlar Əhmədov həmin tarixi belə xatırlayır: “1980-ci illərin əvvəllərində mən dostum, əməkdar rəssam Namiq Dadaşovla birlikdə Şuşada idim. Biz orda mədəniyyət sarayının qarşısında Bülbül və Üzeyir bəyin heykəllərini gördük. Heykəllər bədii cəhətdən yaxşı olsalar da, texniki cəhətdən yaxşı vəziyyətdə deyildilər. Elə bu barədə biz öz aramızda söhbət edəndə Şuşanın raykom katibi bizə yaxınlaşdı, söhbət etdik, biləndə ki, biz heykəltəraşıq, heykəllər haqqında fikrimizi öyrəndi. Dedik, bunu artıq bərpa etmək də mümkün deyil, bunları təzələmək yaxşı olardı”.

Xanlar Əhmədov və Namiq Dadaşovun böyük həvəslə yaratdığı Bülbülün və Üzeyir Hacıbəylinin heykəlləri Şuşanın işğalı zamanı ermənilər tərəfindən güllələnir.

Azərbaycanın tarixini, mədəniyyətini yer üzündən silmək istəyən mənfur düşmən heykəllərin əksəriyyətini metal kimi satmağa başlayırlar. Üzeyir və Bülbülün heykəllərini isə gürcülərə satırlar.

Daha sonra Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə heykəllər Azərbaycana gətirilir və İncəsənət Muzeyinin bağında saxlanılır.

Namiq Dadaşov deyir ki, güllələnmiş heykəllər indi ermənilərin əleyhinə işləyir: “Onların ağlı olsa idi, onlar güllə atmazdılar. Heç kim bilmir ki, zaman keçəndən sonra nə ola bilər. Həmin güllələnmiş heykəllər ermənilərin əleyhinə oldu. Bundan sonrakı nəsillər də görəcəklər ki, o millət necə vandaldır, onlar hətta heykəli də güllələyirlər”.

Və zaman gəldi, 30 il sonra Azərbaycan xalqı misilsiz qələbəyə imza atdı. Güllələnmiş, köçkün həyatı yaşayan heykəllərimiz də o qələbədən nəsibini aldılar. Ali Baş Komandan İlham Əliyev güllələnmiş heykəlləri öz doğma yurdlarına, Şuşaya qaytardı.

Üzeyirin, Natəvanın, Bülbülün heykəllərinin səssiz fəryadları artıq dindi. İndi onlar aid olduqları yerdə, Şuşa torpağındadırlar. Erməni xislətini, o xalqın mədəniyyətə, insanlığa olan kinini, nifrətini bundan sonra bu heykəllərə baxdıqca bütün dünya xatırlayacaq.

Fatma Zahidqızı,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın