10:31 15 Mart 2021 197
Ana səhifə Xəbərlər

5 uşaq atası olan Vətən Müharibəsi Qəhrəmanı - REPORTAJ

Vətəni sevmək imandandır fəlsəfəsinin ən parlaq nümunələrindən biri də 44 günlük Vətən Müharibəsinin xüsusi təyinatlı şəhidi Elyar Vəliyevdir. Məhz doğma Vətəninə olan bağlılığı, yurd sevgisi gənc Elyarı hərbçi olmağa sövq edirdi.

Tale elə gətirdi ki, ömrünün 29-cu payızını yaşayan gizir Elyar Vəliyev doğum günündən iki gün sonra ən uca zirvəni - şəhidlik məqamını fəth etdi.

Bu gün sizə 29 yaşa sığmayan bir qəhrəmanlıq nümunəsindən, son nəfəsinədək əlini silahının tətiyindən ayırmayan şəhid Elyar Arif oğlu Vəliyevin həyat hekayəsindən söhbət açacağıq.

Şəhid Elyar Vəliyev 1991-ci il oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində doğulub. Vəliyevlər ailəsinin ilki olan Elyar kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra hərbçi olmaq qərarına gəlib. 2010-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə daxil olub və burada öz şücaəti ilə komandir heyətinin rəğbətini qazanıb.

Vətən Müharibəsi başlayanda Elyar artıq 10 il idi ki, Xüsusi Təyinatlı Qüvvələrin giziri idi. O, Vətən Müharibəsinə kimi 2016-cı ilin aprel döyüşlərinin və 2020-ci ilin Tovuz döyüşlərinin iştirakçısı olmuşdu. Görünür, müharibə gənc Elyarın taleyinə yazılıbmış. Döyüşçü yoldaşları onun qorxmaz, cəsur və Vətən eşqi ilə alışıb yanan bir dost kimi xatırlayırlar.

Elyar Vətən Müharibəsinin gedişatında bir neçə dəfə hərbçi yoldaşlarını ölümdən xilas edib. Belə döyüşlərin birində Elyar Vəliyev və digər hərbçi yoldaşları Füzuli rayonunun Horadiz kəndi yaxınlığında düşmənin 200-ə yaxın canlı qüvvəsini məhv edib. Həmin gecə onların xüsusi şücaəti sayəsində düşmənin 12 tankı və xeyli sayda hərbi sursatı darmadağın edilib, bir neçəsi texnikası ələ keçirilib.

Daha sonra Cəbrayıl istiqamətindəki döyüşlərə yollanan Elyarın növbəti tapşırığı içərisində düşmənin yüksək rütbəli zabitləri olan hərbi nəqliyyat vasitələrini partlatmaq olub. Tapşırıq uğurla yerinə yetirilib. Elyar düşmənin UAZ markalı avtomobilini partladaraq biri polkovnik olmaqla bir neçə erməni zabitini məhv edib.

Döyüş başlayan gündən bir an belə gözlərini yummayan, qorxu hissinin nə olduğunu unudan Elyarın son döyüşü Xocavənd rayonunun Qırmızı Bazar adlanan ərazisində olub. Yanındakı hərbçi yoldaşları şəhid olandan sonra döyüş meydanında tək qalan qəhrəmanımızın döyüş sursatı tükənib. Bu zaman xain düşmənin snayper gülləsi gizir Elyar Vəliyevin ürəyinə sancılıb.

Atası Arif Vəliyev onu xaraktercə sərt, xasiyyətcə mülayim bir övlad kimi xatırlayır: "Xüsusi təyinatlı dəstənin giziri olan Elyar Vəliyev 2016 və 2020-ci illərdə 3 döyüşdə iştirak edib, çoxlu sayda yaralı döyüş yoldaşlarını xilas edib. Vətən Müharibəsi zamanı düşmənin 12 tankını, 200-ə yaxın canlı qüvvəsini məhv edib, bir yaralı erməni əsgərini əsir götürüb. Cəbrayılın azad edilməsi zamanı bir hərbi avtomobili partladıblar, yüksək rütbəli zabitləri məhv ediblər. Bir "KamAZ" dolu erməni əsgərini məhv ediblər. Elyar erməni qərargahını ələ keçirib və erməni polkovniki məhv edib. Gülləsi başa çatanadək döyüşüblər".

Anası Səmayə Vəliyevanın sözlərinə görə, Elyarın qardaşı da hərbçidir: "İki oğlum var. Hər ikisi hərbçidir, müharibədə iştirak edib. Sonuncu dəfə oktyabrın 18-də Elyarla telefonla danışmışdıq. Ayın 19-da şəhid olub".


Elyarın dəfələrlə həyatlarını xilas etdiyi hərbçi yoldaşları bu gün onu ehtiramla yad edirlər. Şəhidimizlə çiyin-çiyə döyüşən Səxavət Salmanov bildirir ki, peşəkar döyüşçü olan Elyar sanki hərbçi olmaq üçün doğulmuşdu: "Elyar Vəliyevlə uzun müddət xüsusi təyinatlılar qrupunda birgə xidmət etmişik. Elyar Vəliyevin sayəsində Aprel və Tovuz döyüşlərində çoxlu yaralılarımızın həyatı xilas olunub. O, döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirirdi. Mən döyüşlərin birində yaralanmışdım. Elyar Vəliyev mənə vaxtında tibbi yardım göstərməsəydi, mən çoxlu qan itirəcəkdim və şəhidlik zirvəsinə ucalacaqdım. Bu gün onun sayəsində mən yaşayıram. Elyar Vəliyevin əhatəsində olan 50 nəfərlik dəstə 600 nəfərlik erməni ordusunu tamamilə məhv edib".

Şəhidin idman müəllimi Sərhad Quliyev onunla fəxr edir: “Mən ona əlbəyaxa döyüşün sirlərini öyrətmişəm. O, idman sahəsində göstərdiyi gücü torpaqlarımızın işğaldan azad olunmasında da göstərdi. O, əsl qəhrəman idi".

Şəhid Elyar Vəliyev ailəli idi və üçəm olmaqla beş övlad atası idi. Şəhidimizin anası deyir ki, müharibəyə yollananda Elyarın son sözü o olub ki, övladlarım üçün, onların xoşbəxt gələcəyi naminə döyüşə getməliyəm. Bu gün Elyar başda olmaqla bütün şəhidlərimizin övladları atalarının qalib etdiyi bu Vətəndə rahat şəkildə böyüyüb boya-başa çatacaq və şəhid atalarının ruhların şad edəcəklər.


Qeyd edək ki, şəhid Elyar Arif oğlu Vəliyev ölümündən sonra “Vətən uğrunda” medalı və “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunub. Xatirəsinin əbədiləşdirilməsi məqsədilə onun adı Qobustan rayonunun mərkəzi küçələrindən birinə verilib.

Şahnəzər Bəşirov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın