11:00 20 Avqust 2020 496
Ana səhifə Xəbərlər

50-yə yaxın ailənin çirkabdan qurtulmaq ümidi... - REPORTAJ

Hazırda Binəqədi rayonu 1-ci Mədən Korpusu adlanan ərazidəyik. Burada ərazinin bir hissəsində kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı işlər aparılsa da, digər hissəsi bu işlərdən məhrum qalıb. Bu da sakinlərin müəyyən narazılığına səbəb olur. Onların bildirdiyinə görə, kanalizasiya xətlərinin olmaması böyük problemlər yaradır. Bu problemlər daha çox yağıntı olan zaman, əsasən evlərin ərazilərində və küçələrdə qabarıq şəkildə hiss olunur.

APA TV xəbər verir ki, 50-yə yaxın ailənin yaşadığı bu yerlərdə illərdir ki, kanalizasiya xətləri yoxdur. Bir yandan üfunət iyi, digər yandan isə yaranan diqqətsizlik sakinlərin əsəblərini tarıma çəkib.

Onların sözlərinə görə, hazırda yuxarı və aşağı ərazilərə kanalizasiya xətləri çəkilsə də, mərkəzdə olan bu yer diqqətdən kənarda qalıb:

- Deyirlər guya vaxtilə bura su, bataqlıq olub. Həmin layihəni hazırlayan adam burada suyun içinə girə bilməyib. Ona görə, bu ərazi yaddan çıxıb. İndi “Azərsu” ASC-dən xahişimiz odur ki, bu küçəyə kanalizasiya xətti çəksin. (stık) O zaman şambo deyilən bir şey qazırdılar. Hər 15 gündən bir maşınlar vasitəsilə çəkib aparıb, harasa tökürdülər.

- Yağış yağan kimi kanalizasiya şambolardan axaraq üzə çıxır. Belə olanda da məhəllələrə girmək mümkün olmur, iydən oturmaq olmur, hamısı bir-birinə qarışır. Məcbursan ki, 15-20 manata maşın gətizdirəsən. Ona da hər adamın gücü çatmır. Çox adam işləmir, evindədir. Evdə də hamının körpə uşağı var.

Yaranan problem sakinlərin sağlamlığına təhlükə yaratmaqla yanaşı, yollarda gediş-gəlişin hərəkətinə mane də törədir. Belə ki, kanalizasiyanın küçəyə axması yolları bərbad vəziyyətə salıb. Buna görə də əvvəllər bu ərazidən avtobuslar keçsə də indi sakinlər dayanacaq üçün 2-3 kilometr piyada yol getməli olur:

- Zirzəmilərimiz su ilə dolur. Bu barədə əziyyət çəkirik. Xahiş edirik ki, bizə də kanalizasiya xətləri çəkilsin, yolların problemi düzəlsin. Nəvəm məktəbə gedir, uşaqlar gülür ki, üstün palçıqdır, sən haradan gəlirsən?

- Axşam oldusa, buralarda ağcaqanad əlindən dayanmaq mümkün olmur. O şambonların iyindən ağcaqanad əlindən tərpənmək olmur. Adam bilmir ki, uşağı o şambonlardan qorusun yoxsa, ağcaqanadlardan. Küçələrin canına düşürük ki, “ay sürücü 20 manat verirəm gəl bu çirkabı apar.

Bəs, görəsən niyə, yuxarı və aşağı ərazilər kanalizasiya xətti ilə təmin edilsə də orta ərazi nəzarətsiz qalıb? Bu sualımıza cavab almaq üçün “Azərsu” ASC-nin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxladıq:

- Həmin yer Biləcəri qəsəbəsinin Binəqədi yoluna yaxın hissəsidir. Orada hazırda bir küçədə tullantı su xətlərinin çəkilişi davam edir. Orada yaxınlıqdakı iki küçədən vətəndaşlar bizə müraciət etdi. Artıq bizim layihə departamenti həmin küçələrə də kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı layihə sənədlərini hazırlayıb. Bundan sonra podratçıya həmin vətəndaşların şikayət etdikləri digər iki küçəyə də xətlərin çəkilməsi ilə bağlı sifariş veriləcək və proses həyata keçiriləcək.

İnanırıq ki, ərzində sakinlərin illərdir yaşadığı bu çətinlik deyildiyi kimi qısa zamanda öz həllini tapacaq. Bununla da onlar rahat, sağlam və təhlükəsiz həyat yaşayacaqlar.

Elvin Paşazadə,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın