11:48 26 Sentyabr 2020 181
Ana səhifə Xəbərlər

56 ailəyə ziyan vuran tikinti şirkətinin rəhbəri niyə həbsdən buraxılıb?

Vətəndaş min bir əzab-əziyyətlə işləyib pul yığır ki, özünə ev alsın, şərait qursun, amma hansısa tikinti şirkəti onun arzusunu gözündə qoyur. Arzusu gözündə qalanlardan biri də Babayevlər ailəsidir.

Hadisə 2014-cü ilə Bakı şəhəri Xətai rayonunda yaşanır. Paytaxt sakini Abil Babayev Gəncə prospekti 29/35 A ünvanında yerləşən 12 mərtəbəli yaşayış evinin 2-ci blokunun 3-cü mərtəbəsində 40 min manata 57,47 kv. metr sahəsi olan bir otaqlı mənzil alır. Alqı-satqı müqavilə yolu ilə gerçəkləşdirilir. Ailə pulu nəğd şəkildə “AENT-E” MMC-nin direktoru Əkbər Cəfərova ödəyir. Mənzilin Babayev Abil Ağahacı oğlunun mülkiyyəti hesab olunması üçün “AENT-E” MMC ailəyə çıxarış da təqdim edir.

Alqı-satqı zamanı Babayevlər ailəsi dəfələrlə şirkət rəhbərindən mənzilin mübahisəli olub-olmaması məsələsini aydınlaşdırmağa çalışır və onlara sözügedən ünvandakı mənzillə bağlı məhkəmə mübahisəsinin olmadığı bildirilir. Esmira Babayeva deyir Əkbər Cəfərovun dediklərinə inanır və mənzillərini təmir etdirirlər. Elə problem də bundan sonra başlayır: “Mənzili təmirsiz almışdıq. Elə buna görə də 15 min manat verib, yeni mənzilimizi təmir etdirdik. Təmiri tamamladıq. Bir gün qapımızı bir xanım döydü, əlində məhkəmə sənədləri. Mənzilin ona aid olduğunu məhkəmə sənədləri də təsdiq edirdi. Qızım, yoldaşım bu hadisədən sonra ikinci qrup əlil olub, açıq ürək əməliyyatı keçirib. Hazırda gözləri də görmür” .

Bir müddət sonra Abil Babayevə və onun ailəsinə məlum olur ki, həmin mənzil binanın əvvəlki sahibi Kazım Kazımzadə tərəfindən 2006-cı ilin iyunun 18-də Ziba Qafar qızı Məlikovaya satılıb. Lakin “AENT-E” MMC-nin direktoru Əkbər Cəfərov Ziba Qafar qızı Məlikovaya məxsus mənzili onun əlindən alaraq başqa bir nəfərə satıb. Məlikova isə məhkəməyə müraciət edib və qanunun müvafiq qərarı ilə mənzilini geri qaytarıb.

Babayevlər ailəsi yeni aldığı mənzili tərk etməyə məcbur qalır və qarşılaşdıqları problemlə bağlı müvafiq məhkəmə instansiyalarına baş vurur. Əkbər Cəfərov tərəfindən aldadılan ailə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müvafiq ərizə ilə müraciət edir. Müstəntiqin 30 mart 2015-ci il tarixli qərarı ilə Babayevlər ailəsi zərərçəkmiş kimi tanınır.

Məhkəmə istintaqının gedişində Əkbər Cəfərov Abil Babayevə vurduğu zərərin ödənilməsi üçün həmin binadan ona mənzil verməyi öhdəsinə götürür. Beləliklə, Əkbər Cəfərov sözügedən binada oğlu Rüstəm Cəfərova məxsus 60 kv. m sahəsi olan mənzili Abil Babayevə verir. Eyni zamanda məhkəmə hökm çıxararkən Abil Babayevin əvvəlki mənzilinə çəkdiyi 15 min manatın da Əkbər Cəfərovdan tutularaq zərərçəkmişə ödənilməsini qərara alır: “Bu hadisədən sonra Əkbər Cəfərov ailəmə dedi ki, sizə dəyən ziyanı oğlum Rüstəm Cəfərov ödəyəcək. Bundan sonra elə həmin binanın 1-ci mərtəbəsindən təmirli 60 kv. mənzil verildi. Təmirli mənzildə təxminən il yarım yaşadım. Sonra məni məhkəməyə çağırdılar ki, həmin mənzilin də yiyəsi var”.

Esmira Babayeva deyir ki, aradan 17 ay keçdikdən sonra vurulmuş zərərin ödənilməsi əvəzinə, ailəyə verilmiş mənzilə indi də Arif Cahangir oğlu Məmmədov adlı şəxs iddia edərək məhkəməyə ərizə verir: “Mən şikayət elədim, Apellyasiya Məhkəməsinə müraciət etdik. Dələduzluğa görə Əkbər və Rüstəm Cəfərovla bağlı xüsusi qərar qəbul edildi. İş üzrə aparılan araşdırmaya dəvət edilməmişik. Bizə dəyən ziyan ödənilməyib. Eləcə də binanın aldadılan 55 sakininə. Onlar bir dəfə, mənim ailəm iki dəfə zərər çəkib”.

Bu dəfə ailələr yenidən məhkəməyə müraciət edir. Məhkəmə kollegiyasının qərarı ilə Babayev Abil Ağahacı oğlu ikinci dəfə aldadılması ilə bağlı iddia tələbinə uyğun izahat verir.

Dörd ildir davam edən çəkişmənin sonunda Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və mənimsəmədə təqsirləndirilən şirkət direktoru Əkbər Cəfərov məhkəmənin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Cəzasının 4 ilini çəkdikdən sonra ev dustaqlığına buraxılıb.

O ki qaldı Əkbər Cəfərovun oğlu Rustəm Cəfərovun ailəyə ikinci dəfə vurduğu ziyanın ödənilməsinə, əməllərində CM-nin 178-ci maddəsi ilə cinayətin tərkib əlamətlərinin olması ehtimalına baxmayaraq, Rüstəm Cəfərov haqqında heç bir ölçü götürülməyib.

İndi Babayevlər ailəsi Bakı şəhərində kirayədə yaşayır. Ailə başçısı Abil Babayevin ailəsinin başına gətirilən bu problemlər üzündən açıq ürək əməliyyatı keçirib, hazırda gözlərinin işığından da məhrum olub.

Yeri gəlmişkən, qeyd etdiyimiz ünvanda Babayevlərlə birgə 56 ailə zərərçəkmiş kimi tanınıb. Onların bəzilərinin məhkəmə prosesləri davam etdiyindən, müsahibə verməkdən imtina etdilər.

Mövzunu diqqətdə saxlayacağıq.

Sevinc

Üzeyir

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın