11:18 09 İyul 2020 1925
Ana səhifə Xəbərlər

5G: 5-ci nəsil cəhalət, ya gerçək təhlükə? - REPORTAJ

Artıq bir neçə aydır bütün dünyada 5G qalmaqalı yaşanır. Qalmaqal o qədər böyüyüb ki, hətta planeti cənginə alan koronavirus pandemiyasını belə 5G texnologiyasını geniş tətbiq etmək üçün vasitə hesab edənlərin sayı artmağa başlayıb. Təbii ki, belə bir şəraitdə yeni nəsil texnologiyanın şəbəkə avadanlıqlarını “Nokia”, “Huawei” və “Ericsson” kimi nəhənglərin təchiz etməsi faktını görmək istəyən belə yoxdur.

Bəs “hamımıza çip taxacaqlar”, “yalan deyirlər”, “aldadırlar, ay camaat!” kimi şayiələrin kökündə nə dayanır?

Bir qrup insan var ki, 5G standartı, çip texnikası və koronavirusun əlaqəli olduğunu iddia edir. Axı 5G artıq Yaponiya kimi inkişaf etmiş ölkələrdə istifadəyə verilib. Bəzi Qərb ölkələrində də çip artıq insanların könüllü formada qəbullandığı bir şeydir. Məsələnin mahiyyəti nədir? İnsanlar niyə belə ajiotajdadır?

Sorğumuzda iştirak edən Bakı sakinləri bu suala birmənalı cavab vermədilər:

- Vallah elə, internetdən, "Instagram"dan gördüyümüzü deyirik. Nə bilim, vallah. Boş söhbətlərdir hamısı. Virusla əlaqəsi var, amma virus özü yoxdur. Virusu ona görə çıxarıblar da. Çipdir, nədir Azərbaycana gəlməyib də hələ.

- Vallah, açığı, mən virusa zada inanmıram, elə bir şey olduğuna inanmıram. Bəli, boş şeylərdir. Ölüm Allahın əlindədir.

- Mən bilmirəm. Onu yalan deyərəm sizə. Heç nədən xəbərim yoxdur. Hamı maska taxsa, yaxşı olar. Türkiyə də karantindən çıxıb, bir dənə Azərbaycandır bu karantində qalan”.

- Düzü, inanmıram. Elə bir şey inanmıram ki, ola. 5G olmağına inanmıram. Çip olmağına inanmıram. Mən elə düşünmürəm ki, yəni bunun virusla bir əlaqəsi olsun. Allah Azərbaycan xalqımızı qorusun!”

- Xeyr, eşitməmişik. Sadəcə, özlərini qorumalıdırlar. Vəssalam.

- Yəqin ki, əhalini, xalqı maarifləndirmək lazımdır bununla bağlı. Fikirlər o qədər müxtəlifdir ki... Maariflənsək, bununla bağlı media bir təbliğat işi aparsa, bəlkə də düşüncələri dəyişər, bəlkə də real həyata dair lazımi biliklərə sahib ola bilərlər. Hazırda mən də xalqdan bir nümayəndəyəm. Biz də sizdən bizim üçün məlumat verməyinizi gözləyirik.

Məsələyə münasibət bildirən internet üzrə ekspert Əflatun Məmmədov hesab edir ki, geniş auditoriya və ictimaiyyət bu sahədə biliklərinin yetərsiz olmasından dolayı yersiz təlaşa, narahatlığa qapılıb: “Bu standart əhalisinin nüfuzu böyük olan Çinin əvvəlki standartlara görə kanal sayının sırf iqtisadi maraq və ağıllı (smart) sistemlərin gələcəkdəki internet yönünün, internet dünyasının təkamül tapdığı bir dövrdə çinlilərin tətbiq etdikləri məqsədlə oradan yayılmışdı və koronavirusdan çox-çox qabaq bu standart gündəliyə gəlmişdi”.

Bəs 5-ci nəsil internet şəbəkəsinin insan sağlamlığı ilə əlaqəsinə dair fikirlər nə dərəcədə həqiqətə uyğundur?

Əflatun Məmmədov hesab edir ki, istənilən yeni texnologiya sivilizasiyanın irəliləməsi ilə bərabər, insan sağlamlığına da təsirsiz ötüşmür: “Yəni mütləq mənada desək, ki, “insan sağlığına təsiri yoxdur”, bu belə deyil. İstənilən texnologiyanın insan sağlığına təsiri var, nəinki 5G-nin - eynilə bundan əvvəlki nəsil şəbəkələrinin də. Hətta bizim məişətdə istifadə etdiyimiz mikrodalğalı cihazların qamma, rentgen şüalarının qidaların molekulyar tərkibinə təsir edib, onu insan sağlığına neqativləşdirəcək qədər təsirləri var”.

Maraqlıdır ki, indiyədək nə 3G, nə 4G, nə də 5G standartlarının tətbiq edildiyi internet şəbəkəsinin insanı radioaktiv zəhərlənməyə və yaxud rentgen şüalarına məruz qoymasına dair bir fakt yoxdur. Bəs onda bir ucu “Microsoft”un yaradıcısı Bil Geytsə, o biri ucu “Facebook”un rəhbəri Mark Zukerberqə ilişən 5G kələfinin düyünü haradadır?

Kibertəhlükəsizlik üzrə baş mütəxəssis Fikrət Quliyev deyir ki, nə 5G, nə də çip texnologiyasının viruslarla əlaqəsi var: “Məsələ burasındadır ki, 5G texnologiyasının koronavirusla əlaqəsi yoxdur və bunun insan biologiyasına təsiri qeyri-mümkündür. Əlavə bir fakt da var ki, Azərbaycanda 5G istifadə olunmur. Belə bir nüansı da qeyd edə bilərəm ki, kooronavirusun yayıldığı heç bir ölkədə 5G istifadə olunmur. Təəssüf ki, sosial şəbəkələrdə bununla bağlı qeyri-professional səs yazısı və yazılar paylaşılır, onların heç biri leqal deyil. 5G-nin koronavirusla heç bir əlaqəsi yoxdur. Bioloji olaraq insana heç bir təsir göstərə bilməz. Texnologiya baxımından 5G, əlbəttə, yaxşı bir haldır. Sadəcə, Azərbaycanda hələ ki, istifadə olunmur. Yeni texnologiyadır, internetə müsbət təsiri var və s.”

Bütün dünyanın koronavirus təşvişinə büründüyü ərəfələrdə bəzi şəxslərin bu tip komplo-teoriyaları niyə yayması maraq doğurur. Tarixi, yeri-yurdu bəlli olmayan video-görüntülər, mənbəyi bilinməyən kitablardan yola çıxıb məlumatsız adamları, çipləşdirmə və 5G texnologiyasına dair qeyri-dəqiq bilgilərlə “zənginləşdirmək”, görəsən, bizə nə fayda verir? Ailəsini pandemiyadan qorumağa çalışan sadə Azərbaycan vətəndaşının votsapla “millət, çipi adamları idarə eləmək üçün çıxarıblar” tipli səs mesajı göndərməsi kimin xeyrinədir? Hələlik bütün bunların səbəbini bilmirik. Fəqət GPS-i olan smartfonlar işlədib, ağıllı saatlar taxan, VR (“Virtual reality”) eynəklərlə rəqəmsal dünyaya inteqrasiya etmiş, blutuz qulaqlıqlar işlədən bəşəriyyətin çiplərdən qorxması, sizcə, ironik deyilmi?

Mir Çingiz Ağazadə

Əli Ələkbər

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın