12:00 19 Fevral 2021 235
Ana səhifə Xəbərlər

6 binanın sakinləri 20 ildir mənzillərini sənədləşdirə bilmir – ŞİKAYƏT

“Qızınmadıq istisinə, kor olduq tüstüsünə”. Son illərdə mənzil-tikinti kooperativləri tərəfindən inşa olunmuş yaşayış binalarındakı mənzillərə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələrin alınmasında müəyyən irəliləyiş olsa da, paytaxtda və digər şəhərlərdə mənzillərin böyük bir qisminin mülkiyyət sənədləri hələ də yoxdur.

Elə Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi-379 ünvanındakı binanın sakinləri də 20 il əvvəl aldıqları evlərində rahatlıq tapa bilmirlər.

APA TV xəbər verir ki, binanın mavi yanacaqla təminatına sakinlər iki il öncə öz məvacibləri hesabına nail olsalar da, yaşadıqları mənzillərini sənədləşdirə bilmirlər. Sözügedən 6 binanın sakinləri qeydiyyata belə almayıb.

Bina sakini Hüseyn Rüstəmovun sözlərinə görə, 2001-ci ildən burda ev alsa da sənədini əldə edə bilmir: “2002-ci ildən bu binada qeydiyyatdayam. 2001-ci ildən isə mənzili almışam. Buna baxmayaraq, illər ərzində mənzilimlə bağlı “kupça” ala bilmirəm. O, zamandan bu yana işıq, qaz və digər problemlərlə qarşı-qarşıyıq. Liftlər sovet dövründən qalan liftlərdir. Qırılan liftlərdə tez-tez həm uşaqlar, həm də binanın yaşlı sakinləri qalırlar. Mavi yanacağı öz vəsaitimiz hesabına çəkdirdik. Həyətdəki asfalt örtüyü yararsız vəziyyətdədir”.

Bundan başqa, binanın bir girişi var. Əgər hər hansı bir təhlükə yaranarsa, bu girişdən nə yanğın söndürən maşın, nə də təcili yardım keçə bilər.

Hüseyn Rüstəmov dəfələrlə binanı tikən MTK-ya müraciət etdiklərini deyir: “Binanı ərsəyə gətirən “Nehrəm” MTK-ya da dəfələrlə müraciət etmişik. Görün, bu balaca həyətdə neçə bina tikilib? Hazırda sonuncunun tikintisi isə yarımçıq qalıb. Çünki həyətdə təhlükəli vəziyyət yaranıb. Əgər yanğın təhlükəsi ilə üz-üzə qalsaq, bizə kömək etmək belə mümkün olmayacaq. Bizim tələbimiz budur ki, bizə sənəd verilsin, biz də mənzilimizi dövlət reyestrinə qeydiyyata sala bilək”.

Binada yaşayan Zakir Nəsirov isə binanın sahibinin olmadığını deyir: “Bu binanın sahibi yoxdur. Baxmayaraq ki, “Nehrəm” MTK-nındır. 4 ay əvvəldən binanın sahibi Həmid İbrahimov rəhmətə gedib. İndi bizə təcili bir arayış lazım olsa, heç kimdən ala bilmirik”.

Bina sakini Afaq Cəfərova da burdakı problemlərdən narazıdır: “15 ildir burda yaşayıram. Bütün qonşularla birgə bir problemimiz var. Bilirsinizmi, bu binalar şəhərin mərkəzində tikilsə də, heç kim sahiblənmir. İnanın, liftdən bir dəfə istifadə edəndə bir ay istifadə edə bilmirik. Həyət olduqca bərbad durumdadır. Gözdən, könüldən iraqdır bura. Evimizi satıb getmək istəyirik, belə yaşamaq çətindir”.

Sakin Vüsal Əsgərov deyir ki, həyət abadlaşdırılmır. Bina sakinlərinin elektriklə təminatı üçün isə yalnız bir generator və bir su çəni var: “2003-cü ildə pulumuzu ödəyib ev almışıq. Təmir etdirmişik. Onda bir bina idi, bir bina üçün də bir transformator qoyuldu. Bundan sonra əlavə 4 bina da tikilib və o transformatora qoşulub. Bu vəziyyət təhlükəlidir. Elə gün olmaz ki, işıqlar sönməsin. Qeydiyyat problemi bir yana, hamı üçün bu, 7 qəpikdən hesablandığı halda, illərdir qeyri-əhali kimi 9 qəpikdən işıq pulu ödəyirik. 12 il mavi yanacaq üzünə həsrət qalmışıq. 2018-ci ildə qazlaşdırılıb”.

Deyilən şikayətin izi ilə “Nehrəm Holding Company” MMC-nin tərkibinə daxil olan “Nehrəm” MTK-nın yetkililərini axtardıq.

Bildirildi ki, Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi-379 ünvanındakı binanın tikintisinə birbaşa nəzarət edən Həmid İbrahimov 7 ay bundan əvvəl uzun sürən xəstəlikdən sonra vəfat edib. Hazırda holdinq tərəfindən varislik məsələsinin həlli üçün məhkəməyə müraciət olunub. Həmid İbrahimovun ailə üzvlərinin etibarnaməsi əsasında yaxın zamanlarda binanın sahibinin kimliyi bəlli olacaq. Sakinlərin arayış və müvafiq sənədlərlə təmin olunması üçün hələlik bu işlər komendanta həvalə olunub. Hazırda isə vətəndaşlar hüquqi baxımdan əmlaka deyil, sadəcə, tikinti şirkətləri ilə imzaladıqları müqaviləyə malikdirlər.

Problemin həllinin izi ilə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova ilə görüşdük. İradə Mahmudova “Nehrəm Holding Company” MMC tərəfindən qeyd olunan ünvanlarda inşa olunmuş yaşayış binalarında sakinlərin qarşılaşdıqları problemlərdən xəbərdar olduqlarını dedi. Dediyinə görə, binalar Dövlət Komissiyası tərəfindən istismara qəbul olunmadığından ərazidə bir sıra kommunal problemlər mövcuddur: “Tərəfimizdən dəfələrlə şirkət rəhbərliyinə məsələnin həll olunması üçün müraciət olunub. Belə ki, bina istismara qəbul olunmadan sakinlər şirkət tərəfindən həmin binalara köçürülüb. Odur ki, binada mövcud olan problemlər MTK tərəfindən həll edilməlidir”.

İradə Mahmudova əlavə etdi ki, Prezidentin 2018-ci ilin oktyabr ayında imzaladığı sərəncamda müvafiq qurumlara mənzil xidmətlərinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarında məskunlaşmış vətəndaşların birliklərinin yaradılması tapşırığı verilib. Sənəddə qeyd edilir ki, Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq, yaşayış binalarının birgə istifadəçiləri ümumi daşınmaz əmlak üzrə müəyyən hüquqlara malikdirlər və ondan istifadə üzrə funksiyaları yerinə yetirirlər. Həmin birliklərdə təmsil olunan mənzil sahibləri yaşayış binasının saxlanması, idarəedilməsi və digər işlərin görülməsində əsas rola malikdirlər. Bu, mənzil kooperativlərinin funksiyalarının azaldılması və mənzil sahiblərinin birbaşa özlərinin idarəçilikdə təmsil olunması deməkdir.

Bundan başqa, Mənzil Məcəlləsinə əsasən, binanın inşası başa çatdıqdan sonra istismara qəbul aktı alınmalı və altı ay müddətində Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) yaradılmalıdır. Binanın idarəçiliyi həmin MMMC-lərə təhvil verilməli, mülkiyyət hüququna dair sənədlərin təqdim olunması və s. işlər öz həllini tapmalıdır. İradə Mahmudova qeyd edib ki, göstərilən çatışmazlıqların MMMC-nin vəsaiti və gücü hesabına aradan qaldırılmasında İH sakinlərə təşkilati baxımdan kömək göstərə bilər. Bununla bağlı sakinlər dəfələrlə məlumatlandırılıb.

SEVİNC VAQİFQIZI

FAİQ HƏSƏNOV

MUSA QULAMMİRZƏYEV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın