06:40 06 Aprel 2018 1808
Ana səhifə Xəbərlər

6 yaşlı Günay hərəkət qabiliyyətini itirə bilər - SOS

Günay Qarazadə 2012-ci ildə dünyaya gəlib. Anası Aygün xanım deyir ki, Günay onun ikinci övladıdır. Uşaq 6 aylıq doğulub.

APA TV-nin xəbərinə görə, hamiləlik boyu gənc ana daim həkim nəzarətində olsa da, ona körpəsinin sağlıq durumu ilə bağlı problem olduğunu deməyiblər. Doğulduqdan iki ay sonra Günaya serebral iflic diaqnozu qoyulub: "Həkimlər doğuş zamanı travma aldığını dedilər. Məlum oldu ki, sol tərəfli serebral iflicdir".

Doğulduğu gündən bu günə qədər valideynləri Günayın dərdinə çarə axtarır. Bakıda döymədikləri qapı, üz tutmadıqları ünvan qalmayıb: "İran İslam Respublikasında təxminən 1 il müalicə etdirdik. Bakıdakı İran klinikasında da mütəxəssislər müayinə və müalicə edib. Bakı Uşaq Bərpa Mərkəzinə də gedirik. 4 ildir orda müalicə alır. Amma orda da mütəxəssislər deyir ki, bu xəstəliyin müalicəsinə çox güclü təkan lazımdır".

Hazırda Günay xəstəliyinin 3-cü mərhələsindədir: "Hazırda ayaqlarına botoks olunmalıdır. Vətərlər yığılır ayaqlarında. Əgər xəstəlik dördüncü mərhələyə keçsə, müalicəsi mümkün olmayacaq. Onda Günay ömürlük yeriməyəcək. Həm də reabilitasiya kursu mütəmadi aparılmalıdır".

Günayın müalicəsi Azərbaycanda mümkün olmadığından, yerli mütəxəssislər ailəyə onu Türkiyəyə aparmağı məsləhət görüblər. Amma Ağdamdan olan məcburi köçkün ailəsinin buna maddi durumu imkan vermir. 4 nəfərlik ailə yataqxanada 1 otaqlı mənzildə məskunlaşıb: "Müalicə üçün 20 min ABŞ dolları lazımdır. İmkanlı şəxslərdən övladımın ayağa qalxmasına yardım etmələrini xahiş edirəm. Əgər müalicəyə vaxtında çatdırmasaq, qızım ömürlük əlil arabasında qalacaq. Hər səhər bacısına "mən də səninlə məktəbə getmək istəyirəm" deyir".

Sol tərəfli serebral iflic olan Günay çətinliklə də olsa, danışır, hətta sayır və şeir də söyləyir.

Günayın adına "Bank Respublika"da hesab nömrəsi açılıb:

Bank Hesab: 380194 400 960 829 101

Vəsiqə seriya: 175 103 22

Ailəyə yardım etmək istəyənlər bu hesaba pul köçürə bilər.

Müəllif | Apa.Tv

Sevinc Vaqifqızı

Kodu kopyalayın