11:20 09 Mart 2018 639
Ana səhifə Xəbərlər

7 ildir qara gələn 8 Mart - REPORTAJ

Ermənilərin açdığı atəş nəticəsində həyatını itirən 8 yaşlı Fariz Bədəlovun ölümündən 7 il ötür.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Ağdamın Qərvənd kəndində yaşayan anası Şirinnaz Bədəlova artıq 7 ildir 8 mart gününü matəm kimi qeyd edir.

Şirinnaz xanım sonuncu dəfə bayram hədiyyəsini də 7 il əvvəl erməni snayperi atəş açmazdan cəmi bir neçə dəqiqə əvvəl Farizdən alıbmış. Nənəsi Məlahət Bədəlovan;n sözlərinə görə, anasını güllərlə təbrik edən Farizin qisməti isə ermənilərin atdığı güllə olur: "Yolla keçirsən, yoldaşları qabağıma çıxır, məktəbin qabağından keçirsən, yoldaşları oynayır. İstəyirəm orda Farizi çağıram, hiss edirəm ki, yoxdur. Martın 19-da ad günüdür. Elə istəyirəm ki, gedəndə qabağıma yüyürə. Ömrü boyu 8 mart bizim üçün belə keçəcək. Nə qədər canımda nəfəsim var, elə belə də davam edəcək".

Babası Arif Bədəlov deyir ki, Fariz çərşənbə tonqalına çırpı yığmaq üçün anasından icazə alaraq bayıra çıxandan bir neçə dəqiqə sonra atəş səsi eşidilir. Səsə eyvana çıxan ailə üzvləri əvvəlcə heç nə anlamırlar. Farizi səsləyən anası həyətə düşəndə onun cansız bədəni ilə qarşılaşır: "8 mart günü idi, uşaq qoz ağacının dibində oynayırdı. Körpə uşaq idi, çır-çırpı toplayırdı ki, ocaq qalayıb üstündən tullana. Birdən səs gəldi, çölə çıxdıq ki, uşaq yıxılıb yerə. Yaxınlaşdıq ki, yaralanıb. Qonşunun maşını var, keçdik ora, apardıq xəstəxanaya. Həkimlər çalışdılar, amma həyata qaytara bilmədilər. Güllə başından dəymişdi".

Sağ olsaydı, 15 yaşlı Fariz 8 Mart - Beynəlxalq Qadınlar günündə anasını yenə təbrik edəcəkdi. Farizin öldürülməsi atəşkəs dövründə ermənilərin cəbhədə törətdiyi ən dəhşətli qətllərdən biri kimi tarixə düşüb. Bu hadisədən sonra sakinlərin təhlükəsizliyini təmin etmək üçün təmas xəttinə yaxın yerləşən evlərin ətrafına istinad divarları çəkilib.

Müəllif | Apa.Tv

Ayşən Əhməd

Kodu kopyalayın