14:40 30 İyul 2018 310
Ana səhifə Xəbərlər

700 bal toplayan hakim oğlu - REPORTAJ

Ağcabədi Şahin Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbinin məzunu Əzim Əzizli III ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında 700 bal toplayıb.

Əzim Əzizli APA TV-nin Qarabağ bürosuna müsahibəsində bildirib ki, imtahanlardan maksimum bal topladığı üçün sevinc və qürur hissi keçirir: "Qarşıma məqsəd qoymuşdum ki, bu balı yığmalıyam. Bunun üçün çox çalışmaq lazım olduğunu da bilirdim. Çalışdım və arzuma çatdım".

Əzim sözün əsl mənasında bu nəticəni əldə etmək üçün əzm göstərib. Onun sözlərinə görə, ali məktəblərə hazırlaşdığı müddətdə mobil telefon işlətməyib, internet oyunlarından və sosial şəbəkələrdən uzaq olub: “Çox çətin oldu. Atama söz vermişdim deyə, heç bir məclisə qatılmadım. Telefon işlətmədim, internetə qoşulmadım. Dostlarımla bəlli saatlarda görüşdüm. Amma ailəm də mənə dəstək durdu. Evə qonaq çağırmadılar və heç bir qonaqlıqlarda iştirak etmədilər. Bütün bunları mənim üçün etdiklərinin fərqində idim. Bu səbəbdən maksimum balı toplamaq üçün çalışdım”.

Əzimin atası Sevindik Əzizov hazırda Gəncə Şəhər Məhkəməsinin hakimidir. Oğlunu qrup və ixtisas seçimində sərbəst buraxdığını deyən ata Əzimin 700 bal toplamasına və ixtisas seçimində hüquq fakültəsini seçərək onun peşəsini davam etdirməsinə çox sevinib: "Təbii ki, uğur əldə etmək üçün nələrdənsə imtina etmək lazımdır. Əzmin özü də çox şeydən imtina elədi. Biz də çox çalışdıq ki, evdə sakitlik olsun"

Əzimin ailəsi istirahət günlərində və tətildə heç bir yerə gəzintiyə getməyib. Anası Günəş xanım deyir ki, bu addımı Əzimin istəyi ilə atıblar. Nə qonaqlıqlarda iştirak ediblər, nə də saatlarla toy məclislərində ləngiyiblər. Əslində doğmaları da bu addıma sayğı ilə yanaşıblar. Çünki onlar da Əzimin böyük uğur qazanacağına əmin olublar: “Çox çalışdıq ki, Əzim sıxılmasın, dərslərindən yayınmasın. Bu gün Əzim qazandığı uğurla bizim çəkdiklərimizi min qatı ilə bizə qaytardı. İndi hamı, bütün respublika məni ona görə, yəni 700 bal toplayan Əzimin anası kimi tanıyır”.

Əzim Əzizlinin təhsil aldığı Şahin Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbinin direktoru Ağabala Sarıyev APA TV-yə müsahibəsində bildirib ki, məktəbin bu günədək uğurları çox olub. 2017-2018-ci tədris ilində 22 şagirddən 14-ü 400-dən çox bal yığıb. Ötən il isə 30 abituriyentin 21-i ali təhsil müəssisələrinə qəbul olub. Hazırda məktəbin 20-dək məzunu Tibb Universitetində təhsil alır. Ümumilikdə isə ölkənin müxtəlif səhiyyə ocaqlarında 60-dək həkim Qaravəlli kənd məktəbinin məzunudur. Bundan başqa, məzunlar arasında prokuror, polis rəisi, hakim işləyənlər də var: “Təsadüfi uğur deyil bu. Digər məzunlarımızdan 690 bal toplayan da vardı. Bu dəfə 700 topladı. Məktəbimizin məzunu Əzimin uğuru hamını sevindirdi. Ölkənin bütün bölgələrindən bizə zəng vurur və təbrik edirlər".

Əzim Əzizli qazandığı uğurun ilk olduğunun fərqindədir. Bunun davamlı olması üçün o, daha da əzmlə çalışmaq niyyətindədir: "Çalışacağam ki, təhsil alacağım ali məktəbdə də maksimum bal toplayım".

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın