10:41 18 Fevral 2021 568
Ana səhifə Xəbərlər

72 gün sonra şəhid xəbəri gəldi – REPORTAJ

“Bilmirdim heç balam tapılıb. Getdim həyətdə bayatı çəkdim.

Gün getdi, sarı qaldı,

Günün afsarı qaldı,

Yollara göz dikməkdən,

Gözümdə sarı qaldı.

APA TV xəbər verir ki, Vətən Müharibəsində itkin düşən şəhid mayor Vüsal Vəliyevi 72 gündən sonra ana bayatısı ilə yanaşı, doğulduğu Şərur eli də qürur və fəxarətlə qarşılayıb.

Vüsal İslam oğlu Vəliyev 15 iyul 1988-ci il tarixdə Şərur rayonunun Dizə kəndində anadan olub. 1994-2002-ci illərdə kənd orta məktəbində təhsil alıb. 2002-2005-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2005-2009-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə hərb elminin sirlərini öyrənib. 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) 3 aylıq təlimini keçib. Beyləqan, Füzuli, Ağdam, Tərtər, Qazax, Tovuz, Göygöl-Murovdağ silsiləsində xidmət keçib, mayor rütbəsinəcən yüksəlib.

Şəhidin anası Mədinə Vəliyeva oğlunun hələ uşaqlıqdan vətən sevgisi ilə yaşadığını deyir: “Lap qanmadığı vaxtlarda belə, taxtadan avtomat düzəldirdi, məhəllədə uşaqları başına yığıb oynayırdılar. Həmişə hərbi kinolara baxıb sevinirdi, məktəbi də özü seçmişdi, çünki hərbini çox sevirdi. Bütün rayonlarda xidmət edib, hər rayonun öz ləhcəsi ilə danışırdı. Deyirdim, Vüsal, danışmadığın ləhcə, gəzmədiyin rayon qalmadı. Deyirdi, mama, xoşbəxtəm ki, hər rayonda məni tanıyırlar, sevirlər. Əsgərlərini özünə qardaş yox, övlad bilirdi. Mənə deyirdi, mama, sənin beş övladın var, nazlarını çəkirsən. Mənim 300 nəfər övladım var, mən onların rəhbəriyəm, balam kimi saxlamalıyam ki, hamısının valideyninə mən cavab verirəm”.

Şəhidin döyüş yoldaşı Məhəmməd Babayev deyir ki, mayor Vüsal Vəliyev öz savadı, öz zabit kimi peşəkarlığı ilə daim yüksək hörmətə malik olub: “Döyüşlər başlamamışdan əvvəl isə mayor ona etimad göstərilərək Murovdağ istiqamətində yerləşən hərbi hissədə tabor komandiri vəzifəsinə təyin edilmişdi. Döyüşlər başlayan ilk günlərdən mayor Vüsal Vəliyevin öz taboru ilə böyük yüksəkliklərin və düşmənin əlində olan əsas strateji əhəmiyyətli yüksəkliklərin düşməndən azad edilməsində misilsiz əməyi və xidməti olmuşdu”.

Şəhidin anasının sözlərinə görə, Vüsal Murovda olarkən tez-tez evlə əlaqə saxlayıb: “Murova gedəndə də zəng eləmişdi, mənimlə danışdı. Bu neçə il müddətində bir dəfə də çətinlik, ağırlıq olduğunu deməyib. Danışanda elə bilirdin toydan, bayramdan, istirahətdən gəlir. Bir dəfə narahatlığı olmadı. Polad Həşimovla dost idi, ad günündə zəng eləmişdi. O, rəhmətə gedəndə özü gedə bilmədi, neçə gün statuslarda onun şəkillərini qoyurdu. Deyirdim, Vüsal, ürəyim ağrıyır ki, sən ora qara lent qoyursan. Dedi, mama, qoymaq lazımdı, onlar bizi yetişdirib getdilər.

Döyüş yoldaşı Vüsalın xidmət etdiyi bölgənin ən çətin yerlərdən biri olduğunu deyir: “Mayor Vəliyev Vüsalın xidmət etdiyi bölgə Azərbaycan Respublikasının hərbi istiqamətləri arasında demək olar ki, ən çətin istiqamət sayılır. Bu istiqamət yüksək dağlıq şəraitdə relyef üzrə çətin, 3 min metrdən yüksəklik dağ ərazilərdə yerləşir. Düşmən əvvəllər, 1993-cü ildə Kəlbəcərin işğalından sonra Murovdağ yüksəkliyinin əsas strateji nöqtələrində özlərinə postlar quraraq möhkəm mühəndis işləri aparıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə biz mayor Vüsal Vəliyev kimi böyük komandirlərin və zabitlərin başçılığı altında düşmənin illərlə qurduğu səngərləri və döyüş postlarını alaraq düşmən üzərində qələbə çalmış olduq”.

Evin bütün yükünü, çətinliklərini üzərinə götürən Vüsal eyni zamanda hansı hərbi hissədə olubsa, orada özündən sonra bir xatirə qoyub, döyüşlərdə öndə gedib: “Xidməti dövründə şəhid olduğu günə qədər Vüsal həmişə səngərdə olub, arxa cəbhədə olmayıb. Beyləqanda düşmənlə üzbəüz idi, Tovuzda atışmanın ən sərt getdiyi yerdə idi, Qazaxda da həmçinin. Vüsal həmişə ən çətin yerlərdə xidmət edirdi, amma şərəflə xidmət edirdi. Heç vaxt şikayətlənmirdi”.

Şəhidin anası deyir ki, oğlum zirvədə xidmət edirdi, indi də zirvələrdədir: “Murovun təpəsində idi, deyirdim, Vüsal, sən həmişə buludlardan yüksəklikdəsən. İndi o zirvəni seçdi, arxada qalan ata-ana, bacı-qardaş heç kimi fikirləşmədi. Ata rəhmətə getdi, balanın xəbəri yox, bala getdi, atanın xəbəri yox. Vətənini sevdi, Vətənini, torpağını seçdi. Ağır da olsa, bizə qürur, baş ucalığı gətirdi. Bizə şəhid anası, bacısı adını yaşatdı”.

Vətən Müharibəsi zamanı Vüsal Vəliyev bir neçə yerindən yaralanmasına baxmayaraq, döyüşü tərk etməyərək sona qədər vuruşub, neçə-neçə yaralı yoldaşını döyüş zonasından çıxardaraq həyata qaytarıb: “Hər zaman öz tabeçiliyində olanları qoruyurdu. Hətta digər hərbi hissələrdə olanda da döyüş olanda birinci özü qabaqda gedirdi, özü atışırdı. Mənə zabitlər danışır ki, bu dəfə döyüşlərdə də Vüsal arxada olmalı olduğu halda, yenə də öndə olub. Lənkərandan olan zabit mənə dedi ki, ilk dəfə idi mən bir komandirin “irəli “yox, “ardımca” əmri verdiyini görürdüm”.

Şəhidin döyüş yoldaşı Kənan Qurbanlı Vüsal Vəliyevin döyüş yolundan danışır: “Biz irəlilədik, demək olar ki, Murovdağ silsiləsini nəzarətimizə götürdük, ondan sonra müdafiə tapşırıqlarını yerinə yetirdik. Dəfələrlə basqın olmasına baxmayaraq, biz onları dəf elədik. Biz orda yaralandıq. Yaralanmağımıza baxmayaraq, biz döyüş meydanından çıxmırdıq. Vəliyev Vüsal da ona görə geri çəkilmədi, yaralı-yaralı davam elədi. Mənə dedi ki, şəxsi heyətim döyüşdə qabaqdadır, mən geri çəkilə bilmərəm. Biz müdafiəni saxladıq”.

Şəhidin yaralanması yuxusunda anasına əyan olur: “Mən demişdim, Vüsal gəlsə, onun ayaqlarından öpəcəm, amma qoymazdı. Yuxuda gördüm ki, qəfil onun ayaqlarını qucaqladım öpdüm, demə o vaxt ayağından yaralanıb. Yuxuda da qoymadı ayağından öpəm. Özü öz yarasının həkimi oldu balam, öz yarasını sarıdı. Qolundakı yara sağalmamışdı, özünə götürməyib qayıtmağı ki, desinlər Vüsal yarı yoldan qayıtdı. O yara ilə, ağrı ilə axıra qədər gedib Vüsal. Yaralı-yaralı neçə əsgərini Murovdan özü çiynində yendirib aşağı, belə qeyrətli oğul idi”.

Ana üçün ən böyük təskinlik oğlunu indi də yuxuda görməkdir, amma deyir ki, Vüsal yuxuma girmir: “Gecələr yatanda telefonda şəkillərinə baxıram-baxıram, deyirəm, heç olmasa, yuxularda bir dəfə qonağım ol, bala, bilim yerim necədir. Yuxularıma gəlmir, istəyirəm gəlsin”.

Şəhidin atası İslam Vəliyev isə oğlunun itkin düşməsi xəbərinə dözməyərək, oktyabrın 13-də, övladı üçün ev tikmək məqsədilə aldığı torpaq sahəsində olarkən qəfil dünyasını dəyişib: “Atam doğularkən atası Böyük Vətən müharibəsinə getmişdi, sonra da müharibədən qayıtmadı, atası itkin düşmüşdü. Atam dünyasını dəyişənə qədər atasından xəbər gözləyirdi, baxmayaraq ki, o, sağ olsaydı da, çoxdan dünyasını dəyişə bilərdi. Hər zaman gözləri atasını axtarırdı, yəqin ki, qardaşımın itkin düşməsini eşidəndə də öz atasının yaşadığı günlər, atasızlığı yadına düşdü, ona görə də atam Vüsaldan sonra heç bircə gün də yaşaya bilmədi. Elə Vüsalın itkin düşmə xəbərini öyrəndiyi gün dünyasını dəyişdi”.

Vüsal sonuncu dəfə oktyabrın 1-də bütün ailə üzvləri və nişanlısı ilə danışıb. Ailəsi sonradan bilib ki, ətin əməliyyata getdiyi üçün onlarla sağollaşırmış. Ayın 2-də isə artıq onunla əlaqələri kəsilib.

Vüsal nişanlı idi. Hərbçi olduğu üçün toyun vaxtı bir neçə dəfə təxirə salınıb: “Deyirdim, gəl, deyirdi, toyda birdəfəlik gələcəm, amma elə gəldi ki, nə üzünü gördüm, nə də boynuna sarıldım, qırmızı tabutu bayrağa bükülü gəldi, çünki məni yox, bayrağı seçmişdi. Həmişə sovqat gətirərdi mənə, bu dəfə mənə sovqatı bayraq oldu”.

Mayor Vüsal Vəliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. 14 dekabr 2020-ci il tarixində Şərurun Şəhidlər Xiyabanında dəfn olunub.

Prezidentin sərəncamı ilə mayor Vüsal İslam oğlu Vəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

“Dağlarda lalam qaldı,

Dərmədim, lalam qaldı.

Özüm şəhid olub getdim,

Bir ağlar anam qaldı “

Aytən Yusifova

APA TV. Naxçıvan

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın