18:00 09 May 2020 409
Ana səhifə Xəbərlər

75 illik qələbənin 100 yaşlı şahidi - REPORTAJ

Bu gümrah, əzmli və müdrik insanın bu ilin yanvar ayında 100 yaşı tamam olub. Söhbət İkinci Dünya müharibəsinin iştirakçısı, Gəncə sakini Qüdrət Cəfərovdan gedir.

APA TV xəbər verir ki, Gəncədəki Tibb Texnikumunu bitirdikdən sonra gənc Qüdrət ordu sıralarına çağırılıb. Hərbi xidmətini başa vurmamış Almaniya Sovet İttifaqına hücum edib və o, sanitar hərbi hissələrin tərkibində böyük bir döyüş yolu keçib.

Qüdrət Cəfərov 314-cü diviziyanın tərkibində bir neçə il blokadada olan Leninqradda gedən döyüşlərdə mərdliklə vuruşub, düşmənin hərbi texnikasının və canlı qüvvəsinin məhv edilməsində, işğal altında olan yaşayış məntəqələrinin azad olunmasında qəhrəmanlıq göstərib.

Leninqrad cəbhəsindən sonra gənc zabit Cəfərov Hitler Almaniyasının darmadağın edilməsi üzrə döyüş əməliyyatlarında iştirak edərək, neçə-neçə orden və medallarla təltif olunub. Avropanın 5 dövlətinin - Rumıniya, Çexoslovakiya, Yuqoslaviya, Avstriya və Macarıstanın azad olunmasında yaxından iştirak edib. Onun sözlərinə görə, ən dəhşətli döyüşlər Macarıstanda olub.

Kapitan Qüdrət Cəfərov müharibəni 1-ci Ukrayna cəbhəsinin döyüşçüsü, sanitar vzvodunun komandiri kimi başa vuraraq, doğma yurduna dönür. Burada da öz ixtisası üzrə çalışaraq, vicdanlı və yüksək bilikli mütəxəssis kimi ad çıxarır.

Qüdrət Cəfərovun 3 övladı, 8 nəvəsi, 11 nəticəsi var. Övladları və nəvələri onunla qürur duyurlar.

Faşizm üzərində Qələbə sevincini yaşamış bu veteran döyüşçü inanır ki, qüdrətli Azərbaycan Ordusunun da hərbi qələbəsini öz gözləri ilə görəcək.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın