11:12 06 Aprel 2021 73
Ana səhifə Xəbərlər

Ad günündə şəhid olan kiçik çavuş - REPORTAJ

Bu, o Vətən Müharibəsi oldu ki, qüdrətli ordumuz şanlı tarix yazdı, düşmənə ağır zərbələr endirdi. Əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası oldu. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya bir daha nümayiş etdirdi.

APA TV xəbər verir ki, Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdan biri də, kiçik çavuş Qasımzadə Nicat Höccət oğludur.

Şuşa fatehlərindən olan Nicat Qasımzadə 10 noyabr 2000-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 2007-ci ildə həmin kəndin şəhid Ənvər Rəhmətov adına 28 saylı orta məktəbinin 1-ci sinfinə daxil olub.

Məktəbi bitirdikdən sonra imtahan verərək Tovuz Dövlət Sosial İqtisadi kollecinə qəbul olub. Kollecdə oxumaq istəməyib. Məqsədi əsgərliyi bitirib, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olmaq olub. 2019-cu il yanvarın 3-də hərbi xidmətə yola düşüb. 3 ay müddətinə Goranboyda N saylı hərbi hissədə xidmət edib. Bundan sonra Ağdama göndərilib. Xidməti dövründə seçilən əsgər olub. Ağdamda 3 ay artilleriya manqa komandiri olub. Yüksək atıcılıq qabiliyyətinə yiyələnən Nicat pulemyot atıcısı olub. Xidmətinin bitməsinə 2 ay qalmış kiçik çavuş rütbəsi alıb.

Xidmətdən yenicə qayıtsa da, sentyabrın 27-dən başlayan Vətən Müharibəsinə qatılıb. Füzuli, Cəbrayıl, Şuşa uğrunda gedən savaşda düşmənə qan uddurub.

Şəhidin ailəsi Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində kirayə yaşayır. Şəhidin atası Höccət Qasımov oğlunun döyüş yolundan danışır: “Ad günündə şəhid oldu. Sonuncu dəfə ayın 3-ü anası ilə danışmışdı. “Ana bizi başqa yerə aparırlar bilmirəm. Özüm sənə zəng vuracam. Mən səni araşdırıb tapacam. Mənə zəng etməyin” , - deyib. Ondan sonra zəng etməyib. Axırda 12-si bizə xəbər elədilər uşaq şəhid olub”.

Ana üçün bir övlad itkisi ağır itkidir. Asifə Qasımova oğlunun qəhrəmanlığı ilə təsəlli tapır: “Dedi “ana məni Vətən çağırıb, gedəcəm”. Getdi, özüm aparıb yola saldım. Tez-tez danışırdı. O bilirdi mən xəstəyəm. Deyirdi ana sənə görə tez-tez danışıram. Özünə telefon qoymadılar götürməyə. Uşaqlardan danışırdı. Elə deyirdi narahat olma ana. Hər şey yaxşıdır. Qələbə bizimdir ana, Qələbə bizimdir. Mənə deyirdi mən arxadayam. Amma mən bilirdim balam qabaqdadır”.

Nicatla eyni gündə dünyaya gələn əkiz bacısı Fatimə qardaşının yoxluğuna hələ də inana bilmir. Məqamı ucadır, ayrılığı isə çox çətindir: “O mənim təkcə qardaşım deyildi, sirdaşım idi, sinif yoldaşım idi, parta yoldaşım idi. Həmişə birlikdə gedib gəlirdik. Ayın 9-u gecə mən özümdən asılı olmadım oyandım, axşamçağı. Elə bildim ki, yaralıdır. Başladım ağlamağa, dua eləməyə ki, Allahım qardaşıma bir şey olmasın. 12 noyabr bizə xəbər çatanda atama ilk dəfə demişdilər. Atam bizə çəkinmişdi deməyə. Dedi yaralanıb. Anam inanmadı, mən inandım. Gəldim evə çatdım, gördüm hər şey qurulub hazırdır. Qardaşım yoxdur. Axırıncı dəfə tabutuna sarıldıq”.

Nicat noyabrın 9-dan 10-na keçən gecə müharibənin bitməsinə saatlar qalmış, ad günündə, Şuşada ürəyindən aldığı qəlpə yarası ilə şəhid olub. O, 44 günlük döyüş müddətində düşmənin 30-a yaxın canlı qüvvəsini, texnikasını məhv edib. Yaralı döyüş yoldaşlarını meydandan çıxarıb, sıldırım qayalıqlarla Şuşaya dırmanmasında yaxından yardımçı olub.

Şəhid Nicat Qasımzadə noyabrın 12-də doğulduğu Biləsuvar rayonunun Zəhmətabad kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Nicat Qasımzadə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ramil Zeynallı,

Əli Əliyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın