00:00 18 Noyabr 2019 70
Ana səhifə Xəbərlər

“Ağ şəhər”yaxınlığında ağ gün görməyən 12 ailə - VƏTƏNDAŞ ŞİKAYƏTİ

“Bura Xətai rayonu Fəzail Bayramov 18 ünvanıdır. Xətai Rayon İcra Hakimiyyəti və Ali Məhkəmənin yaxınlığında yerləşən bu ərazinin sakinləri yaşadıqları şəraitdən narazıdır. Onların dediklərinə görə, bu ərazini hansısa tikinti şirkəti alıb, bəzi ailələri buradan köçürüb, bəziləri isə hələ də burda yaşamağa davam edir”.

Bakının mərkəzi, “Ağ Şəhər Bulvarı”nın 800 metrliyində yerləşən bu ərazinin sakinləri müstəqilliyin elan olunduğu vaxtdan burada yaşayır. Onlar yaşadıqları ərazinin 6 il əvvəl “SMT İnşaat” MMC adlı tikinti şirkəti tərəfindən satın alındığını, 38 ailədən 26-nın ərazidən köçürüldüyünü deyir: “38 ailədən 12 ailə qalıb burda. Pis, acınacaqlı vəziyyətdə yaşayırıq. Bütün evlərin yanını alıblar, o biri tərəfini söküblər, yağan yağış hamısı bizim evlərimizdədir. Siçan, siçovul, bit basıb məhəlləni. Biz də yaxşı vəziyyətdə yaşamaq istəyirik”.

“Şirkət buranı xaraba günə qoyub, bayquşu çatmır ulasın. Siçan, siçovul gündüz evdə, gecələr üstümüzdə qaytağı vurur. Belə biabırçılıq olaraq? Aidiyyəti orqanlar hara baxır? Eşitdiyimizə görə, bu rayona yeni icra başçısı qoyublar. Hamımız ondan xahiş edirik ki, bizi bu vəziyyətdən çıxarsın. Şirkətlə danışsın, o biri köçənlərə necə, bizə də elə. Pulumuzu verib bizi yola salsınlar. Hər yerdə hündürmərtəbəli evlər, ortada bircə bu xarabalıq. O evlərdə yaşayanlar da deyir ki, ürəyimiz bulanır bu xarabaya baxmaqdan, adam mənzərəyə, dənizə, parka baxar”.

“Mən 1993-cü ildən burada yaşayıram. Burda 9 nəfərik. Yağan yağış başımıza damır. Şikayət etmişəm. “Qaçqınkom”a da getmişəm, başqa yerlərə də getmişəm. Heç kim mənə heç nə demir. Deyir gözləyin, ev söküləndə sizə ev veriləcək. Mən qaçqın kimi sizdən xahiş edirəm, bunu yuxarı təşkilatlara çatdırın ki, buz yazığıq, nəvələrim yazıqdır. Bizə bir əncam etsinlər”.

Problemlə bağlı haqqında şikayət edilən “SMT İnşaat” MMC tikinti şirkəti ilə əlaqə saxladıq. Şirkətin adını bildirmək istəməyən nümayəndəsi dedi ki, satın aldıqları həmin ərazi nəzarətdədir, vətəndaşların şikayəti tezliklə həll olunacaq: “Deməli orada böyük binalar tikilməli idi. Sonra sıxlıqla əlaqədar cənab Prezidentin televiziyada çıxışı oldu. Qeyd olundu ki, yaxın binalar tikilməməlidir. İndiyə qədər nə olubsa, səhv olub. Ona görə o binaların tikintisinə icazə vermədilər. Tapşırıq doğru idi, doğrudan da bir-birinə bitişik binalar tikilməməlidir. Onlara təzə proyekt verilməlidir. Şəhərin baş planı hazırlanır. O gərək hazırlana, şirkətə təklif edilsə, bəyənilsə, yerdə qalan sakinlərlə də razılıq əldə olunacaq, sonra orda binalar tikiləcək”.


Məsələ ilə əlaqədar Xətai Rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar şöbəsinin müdiri rəhbəri Pənah İmanov dedi ki, həmin ərazi ilə bağlı vətəndaşların şikayətlərini dinləyib və həlli üçün işlər görülməkdədir: “Sahibkar tərəfindən daxil edilmiş məlumata görə, orada köçürüləcək sakinlərin böyük qismi köçürülüb. Digərləri ilə də məsələ yaxın vaxtda həll olunacaq. Qaldı ki, hasara alınmış əraziyə - məişət tullantıları və zibilliklə əlaqədar olaraq tərəfimizdən əraziyə baxış keçirilib və ərazi təmizlənib. Sahibkara da xəbərdarlıq edilib ki, ərazinin təmizliyinə nəzarət etsin”.

Biz də ümid edirik ki, sakinlər rütubət səbəbi ilə xəstəliyə tutulmadan, evləri başlarına uçmadan problemləri yaxın müddətdə öz həllini tapar. Əlbəttə ki, qaydalar çərçivəsində!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın