02:00 13 May 2020 255
Ana səhifə Xəbərlər

Ağdam zirvəsindən Bakı zirzəmisinə: 15 nəfərlik ailənin ev dərdi - REPORTAJ

Hazırda biz Ağdamın Sonagüllücə kəndindən didərgin düşmüş Məmmədovlar ailəsinin sığındığı, gördüyünüz bu zirzəminin qarşısında dayanmışıq. Məmmədovlar ailəsinin dediyinə görə, onları mütəmadi olaraq narahat edirlər, evdən çıxarılma təhlükəsi ilə üz-üzə qalıblar. Hər halda, bura ev demək nə qədər düzgündürsə artıq...

APA TV-nin çəkiliş qrupu məsələni araşdırmaq üçün ailə üzvləri ilə danışmağa gəlib ki, görək, ümumiyyətlə, Məmmədovlar ailəsinin problemi nədən ibarətdir.

İçəri keçərkən əvvəl elə bildik ki, dəhlizdəyik. Ancaq sən demə, yarımzirzəminin dəhlizi həm də mətbəx kimi istifadə olunurmuş. Ayaqqabılarımızı çıxaranda canımızı üşüdən soyuq isə artıq Məmmədovların 24 illik vərdişinə çevrilib: “1996-cı ildən burada yaşayırıq. Əvvəl nənəm-babam sağ idi, onlar da burada qalırdı. O vaxtdan bəri prezidentə məktub yazmışıq. Mən 100 faiz əminəm ki, bu məktublar ona çatmayıb...”

Evin kiçiyi sayılan Zaur deyir ki, 1996-cı ildən qardaşı Turalla birgə min bir əziyyətlə qazandıqları maaşı yarım-zirzəminin təmiri üçün xərcləsələr belə, nəmişlik indi də onların öz sağlamlığını təmirə möhtac qoyub. Nəticədə evin bütün üzvləri çeşidli xəstəliklərə düçar olub. Üstəlik, hazırda karantindən dolayı ailədə işləyən yeganə şəxs ataları Allahverdi kişidir: “2005, 2014, 2016-da yazdığımız məktublara cavab gəlib ki, sizə ev veriləcək. Sadəcə, səsimizi çatdırmaq istəyirik cənab prezidentə, Mehriban xanım Əliyevaya ki, xahiş edirəm sizdən, məktuba cavab gəlibsə, həmin cavab kimi də bizi ev ilə təmin edin. Sizə necə izah edim, mənim 28 yaşım var. Öz uşaqlarım, tanışlarım var. Yəqin bu şəraitdə olmağı heç kim istəməz...”

Karantinlə bağlı 190 manatlıq birdəfəlik yardımı almağa gəlincə, Məmmədovlar ailəsi bu şansdan da məhrumdur: “190 manatla bağlı bir cavab gəlib ki, sosial müavinət alırsız. Belə başa düşürəm, sosial müavinət altmış manatdır və yoldaşıma da gəlib ki, sənin yoldaşın altmış manat aldığı üçün sən almırsan...”

Sosial müavinət isə ailədən yalnız dörd nəfərə ayrılıb ki, bu da toplam 15 nəfərdən ibarət Məmmədovların gündəlik dolanışığına belə yetmir. Tural və Zaurun əmisi oğlu Nicat da eyni problemdən əziyyət çəkir. Deyir, öz ailəmdən utanıram, çünki bir otaqda dörd nəfər yaşayan 21 yaşlı gənc üçün utanmamaq mümkünsüzdür: “Həqiqətən insan öz doğmalarından utanır. Mənim 21 yaşım var. Mənimçün bir otaqda ailə ilə qalmaq ayıbdır. Xahiş edərdim ki, nəzərə alsınlar”.

Bütün bu çətinliklər azmış kimi, ailənin yeni üzvləri də məlum şəraitə uyğunlaşa bilmir. Nəmişlikdə böyüyən uşaqların müalicəsini təmin etməyə isə Məmmədovların maddi imkanı çatmır: “Qardaşımla mən burda yaşayırdıq əvvəl. Böyrəklərimiz xarab olub. Böyrəklərimizin xarab olma səbəbi, bax, budur, bu nəmişlik. Bura indi mən reyka qoymuşam. Bunun arxası, yer, hamam tərəfinə yaxın, həm də beton, zirzəmi olduğuna görə böyrəklərimiz xarab olub. İndi hazırda iki uşaq, mən və yoldaşım burada qalırıq. Oğlum da böyrək problemi yaşayır, bu da təzə doğulan körpəmdir. Qız uşağıdır, yəni istəmirəm ki, övladlarımı bu şəraitdə böyüdüm”.

Məmmədovlar ailəsinin mənzil problemi ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Komitədən bizə bildirdilər ki, Nizami rayonu, Şərifli küçəsi-4 ünvanında müvəqqəti məskunlaşmış Ağdam rayonundan olan məcburi köçkün Məmmədovlar ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətinə Dövlət Komitəsində baxılıb və onların mənzil şəraiti ilə bağlı komitə rəhbərliyi məlumatlıdır. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri çərçivəsində bu il 7 mindən çox ailənin yeni mənzillə təminatı nəzərdə tutulub. İlin sonunadək Şərifli küçəsi-4 ünvanında məskunlaşmış ailələrin də köçürülməsinə qanunauyğun formada baxılacaq.

İndi bircə qalır, Məmmədovlar ailəsinin ilin sonunadək nəzərdə tutulan evlə təmin olunma prosesi üçün dua etmək. APA TV olaraq yaz fəslində belə üşüməyi unutmayan ailənin çətin durumunu nəzarətdə saxlayacağıq.

Mir Çingiz Ağazadə

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın