08:00 13 Mart 2020 139
Ana səhifə Xəbərlər

Ağdamın cəbhə kəndlərində qara bayram qeyd olunur

Ağdamın Baş Qərvənd və Mirəşelli kənd məzarlığı düşmən mövqelərinin 100 metrliyində yerləşir.

APA TV-nin yerli bürosunun məlumatına görə, uzun illər ermənilər bu qəbiristanlığa ziyarətə gələnləri atəş altında saxlayıb.

Qəbiristanlığın bir hissəsi lap neytral əraziyə düşür. Lakin Mirəşelli, Orta Qərvənd və Ayaq Qərvənd kənd sakinləri rəhmətə gedən yaxınlarını bu məzarlıqda dəfn edir. Erməni hərbçiləri isə mütəmadi olaraq məzarlığa istər dəfn, istərsə də ziyarətə gələnləri atəşə tuturdular.

Sakinlərin sözlərinə görə, Novruz bayramı öncəsi qeyd edilən qara bayramlar zamanı düşmən daha aktiv olurdu.

Qərvənd Bələdiyyəsinin sədri Ələmdar Şükürov deyir ki, iki ildir ki, istinad divarları çəkilib: “Bizim 2 kəndimiz işğal altındadır. Bu səbəbdən də əhalimiz müxtəlif ölkənin müxtəlif yerlərində məskunlaşıb. Bizim əhalimiz məzarlığa gəlməkdə çətinlik çəkirdi. İstər ziyarət, istər dəfn, istərsə də məzar daşının qoyulmağında çətinlik çəkirdik. Lakin 2 ildir Ali Baş Komandanın tapşırığı əsasında ordumuz istinad divarı çəkib. İndi rahat gəlib-gedə bilirik”.

Şəhid Zabil Allahverdiyevin qardaşı Habil Allahverdiyevin sözlərinə görə, istinad divarı çəkilmədən öncə qəbiristanlığa gələn mülki vətəndaşlar düşmən tərəfindən atəşə tutulub, bəzən yaralananlar da olub: “Mən şəhid Zabil Allahverdiyevin qardaşıyam. Biz bura gəlib-gedə bilmirdik. Ermənilər atırdı, özünüz görürsünüz qəbir daşları hamısı güllə yeridir. Biz bir dəfə gələndə ermənilər atmışdı atamın bacısının qulağından dəymişdi. Biz qəbiristanlığa əyilə-əyilə gəlib gedirdik”.

Qoşunların təmas xəttində yeni qurulan mühəndis-istehkam mühafizə qurğuları sayəsində yerli sakinlər artıq cəbhəyə yaxın olan məzarlığı qismən olsa da, rahat ziyarət edə bilirlər. Ziyarət etməklə yanaşı, həm də kimisi qırılıb dağılan məzarını düzəldir, kimisi də uzun illər əvvəl dəfn olunan yaxınına məzar daşı qoyur.

Məhz bu istinad divarlarının sayəsində Zeynalovlar ailəsi Şahbulaq yüksəkliyi uğrunda şəhid olan Mikayıl Zeynalovun məzarını 27 ildən sonra bərpa edə bilib: "Qardaşım Zeynalov Mikayıl 1993-cü ildə şəhid oldu. O vaxt hərə bir tərəfdə məskunlaşmışdı. Biz qardaşımızı bu məzarlıqda dəfn etdik. Lakin ermənilər imkan vermirdi məzarımızın üstün götürək, məzar daşı qoyaq. Bir ay olar ki, gəlib məzar daşı qoyduq”.

Məzarlığa gələn yerli sakinlər atəşə tutulanda onlar güllədən qorunmaq üçün qəbir daşlarının arxasında gizləndikləri üçün məzar daşlarında güllə izləri hələ də qalır.

Yerli sakinlər bu ərazilərin partlamamış mina və hərbi sursatlarla çirkləndiyinin də fərqindədirlər. Qarşı tərəfdə düşmənin olduğunu da bilirlər. Bu səbəbdən hər hansı təhlükə yaşanmadan ehtiyatlı davranırlar və ərazini tez tərk etməyə çalışırlar.

Müxbir: Habil Aslanoğlu

Operator: Arzu Telmanoğlu

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın