18:25 20 Noyabr 2020 183
Ana səhifə Xəbərlər

Ağdamlı deputatların qələbə sevinci...

“27 ildir ki, anamın qəbrini ziyarət edə bilmirdim, Ağdamda ilk ziyarət edəcəyim məkan anamın məzarı olacaq”.

APA TV-nin məlumatına görə, bunu Milli Məclisin əslən Ağdam rayonundan olan deputatı Bəxtiyar Sadıqov deyib. Onun sözlərinə görə, 27 il ərzində düşmən öz mənfur xislətindən əl çəkməyərək Ağdamdakı tarixi abidələri, məscidləri, qəbiristanlıqları, ümumiyyətlə Azərbaycan xalqına məxsus mədəni irsi məhv edib: “Biz azərbaycanlılar sineqoqlara da, kilsələrə də, məscidlərə də Allahın evi kimi baxmışıq. Biz o məkanlarda heç vaxt ədəbsizlik, hörmətsizlik etmərik. Amma bu necə düşməndir ki, gətirib məscidlərimizdə heyvan saxlayırdılar. Bu düşmən illər boyu yaşadığı evlərimizi yandırıb gedir. Bu murdar düşmən qəbiristanlıqları da dağıdıbdı. Həmin ərazilərə minalar basdırıb. Yəni bunlar illər boyu erməniliyindən əl çəkməyib”.

Bəxtiyar Sadıqov deyir ki, müzəffər Azərbaycan Ordusunun Qarabağ zəfəri bütün azərbaycanlıların qələbəsidir: “Bu sevincli, xoşbəxt günlərin hamısı Ali Baş Komandanımız Prezident İlham Əliyevin adına imzalanmalıdır. Biz ona minnətdarıq. Var olsun ki, bütün Azərbaycan xalqını, bütün qaçqın və məcburi köçkünləri, o cümlədən biz ağdamlıları doğma ocağımıza, doğma yurdumuza qaytardı”.

83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin əslən Ağdamdan olan deputatı Aqil Abbas isə bildirir ki, böyük qayıdışdan sonra Ağdam şəhəri Azərbaycanın ən böyük şəhərlərindən birinə çevriləcək: “Ağdam bundan sonra 200 min əhalinin yaşayacağı böyük bir şəhər olacaq. Ağdamlılar öz doğma şəhərlərini əvvəlkindən də gözəl inşa edəcək, ondan da gözəl abadlaşdıracaq və yaşıllaşdıracaq. Elə bil ki, övladınız, nəvəniz doğulanda sevinirsiniz. Ən böyük sevinc bunlar sayılır. İndi Ağdam yenidən doğulub. Bundan böyük nə sevinc ola bilər. Bu sevinci əvəz edə biləcək bir söz yoxdur”.

Aqil Abbas deyir ki, Ağdamın azad olunma xəbərini ən birinci “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanovdan alıb: “İnşallah, sağlığında Qurban Qurbanovun heykəlini Ağdam şəhər stadionunda, “İmarət”də ucaldacağıq. Birinci o, zəng etdi mənə. Məni təbrik etdi, mən də onu təbrik etdim. Özü açıqlamalar verib ki, tezliklə qayıdıb ev oyunlarımızı Ağdamda, İmarət stadionunda keçirəcəyik”.

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiyanın birgə imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri bu gün Ağdam rayonuna daxil olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın