15:20 15 Yanvar 2020 1174
Ana səhifə Xəbərlər

Ağstafanın sabiq icra başçısının oğlu prokurorluqdan xaric edilib

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2019-cu ilin yekunlarına dair açıq hesabatı açıqlanıb.

APA TV-nin məlumatına görə, bu gün keçirilən mətbuat konfransında çıxış edən Baş prokurorun müavini - Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ildə həyata keçirilən əməliyyatlar nəticəsində qurum tərəfindən onlarla korrupsiya cinayətinin aşkarlandığını və lazımı tədbirlərin həyata keçirildiyini bildirib: “2019-cu il ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qrupları tərəfindən 13 əməliyyat keçirilib. Bu əməliyyatlarda 19 nəfər vəzifəli şəxsin cinayət başında yaxalanması təmin edilib. Onların barəsində artıq cinayət iş başlanılıb və istintaq aparılır. İl ərzində 9 texniki-əməliyyat tədbiri və 1477 əməliyyat tapşırığı icra edilib.”

Kamran Əliyev deyib ki, ötən il tamamlanmış cinayətlərin sayına görə də məhsuldar olub: “Tamamlanıb məhkəməyə gedən işlərin sayında da kifayət qədər artım müşahidə olunub. 2019-cu il ərzində 310 cinayət işi tamamlanaraq 497 vəzifəli şəxs barəsində baxılması üçün müvafiq məhkəmələrə göndərilib”.

Jurnalistlərin suallarını cavablandıran Kamran Əliyev qeyd edib ki, korrupsiya və digər cinayətlərdə ittiham olunaraq həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətin sabiq başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev Ramal Quliyev əvvəllər Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olub, lakin hazırda bu idarədə çalışmır. O, özünün müraciəti əsasında Baş prokurorun müvafiq əmri ilə tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, 2019-cu il ərzində Özbəkistan, Belarus, Türkiyə, Çin, Litva, Qırğızıstan və digər ölkələrin anti-korrupsiya və əlaqədar hüquq-mühafizə orqanları Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə əməkdaşlığa cəlb olunub.

Həmidağa Məcidov,

Vətən Sadatlı,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın