04:00 29 Yanvar 2020 184
Ana səhifə Xəbərlər

Aİ-nin səfiri: “Yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqları yekunlaşdırırıq”

“Azərbaycanın müxtəlif reytinqlərdə aldığı yerlər ölkənin inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir”.

APA TV-nin şimal bürosunun məlumatına görə, bu fikirləri Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bu gün Qubada Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Avropa Şurası və Avropa Birliyinin birgə təşkilatçılığı ilə keçirilən maarifləndirici treninq-seminarda səsləndirib.

O, “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” mövzusunda təşkil olunan seminarın əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, Azərbaycan Avropa Şurasının üzvü, Avropa İttifaqının isə çox vacib tərəfdaşıdır: “Avropa İttifaqı olaraq Azərbaycanla münasibətlərdə yeni partnyorluq qururuq. Belə ki, artıq yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqları yekunlaşdırırıq. Gözləyirik ki, iyul ayında liderlər bir ara gəlsinlər və bizə əməkdaşlığımız hansı istiqamətdə inkişaf etdirilməsi barəsində təlimat versinlər”.

Ombudsman Səbinə Əliyeva seminarın əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqları Konstitusiya, normativ hüquqi aktlar və ölkəmizin qoşulduğu beynəlxalq müqavilələr kontekstində tənzimlənir. Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasının 25-ci maddəsində qanun və məhkəmə qarşısında hər kəsin bərabər olduğu təsdiq olunub. Konstitusiyanın 47-ci maddəsi isə irqi, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqat və təbliğata yol verilməsini qadağan etməklə ölkədə insanlar arasında ayrı-seçkiliyə zəmin yarada biləcək fəaliyyətin qarşısını qabaqcadan alır.

Qeyd edək ki, iki gün davam edəcək təlimlərin əsas məqsədi ayrı-seçkilik əleyhinə Avropa standartları və onların tətbiqi qaydasının təqdim edilməsi, həmçinin Ombudsman Aparatı və regional mərkəzlərin əməkdaşlarının aparatın ayrı-seçkiliklə mübarizə mandatının tətbiqində, eləcə də hədəf qrupları və ayrı-ayrı qurbanlarla iş qaydası ilə bağlı bacarıqların artırılmasıdır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın