16:50 15 Sentyabr 2020 202
Ana səhifə Xəbərlər

Ailə başçısını itirməyə görə müavinətlərin verilməsi davam edir

Ailə başçısını itirməyə görə müavinətlərin verilməsi davam edir.

APA TV-nin məlumatına görə, əmək qabiliyyəti, pensiya hüququ olmayan şəxslərə təyin olunan müavinətin məbləği 80 manatdır.

Müavinəti ailə başçısını itirən 18 yaşınadək uşaqlar, eləcə də ailə başçısını itirən və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan gənclərə, 18 yaşından sonra isə əlilliyi müəyyən olunmuş şəxslərə veriləcək. Bəs ailə başçısını itirmiş şəxslərin yaxınlarına müavinət veriləcəkmi?

DSMF- nin departament müdiri Rasim Səfərov müavinət almaq üçün lazım olan sənədləri açıqlayır: “Ailə başçısını itirmiş bir ailədə 3 nəfər varsa, 18 yaşınadək uşaq varsa, həmin şəxsə təyin olunur, 8 yaşınadək uşaq varsa həmin uşağa 80 manat təyin olunur, anaya isə uşağa qulluq etdiyinə görə, sözügedən müavinət verilir. Müavinətin əldə olunması üçün vətəndaşlar müəyyən olunmuş sənədlərlə fondun müvafiq filiallarına və dost mərkəzlərinə müraciət edə bilərlər”.

Rasim Səfərovun sözlərinə görə, müavinəti almaq üçün müraciət edən şəxs şəxsiyyət vəsiqəsini, vəfat edən şəxsin ölüm haqqında şəhadətnaməsini, müavinət alan şəxsin vəfat edən şəxslə qohumluq əlaqəsini təsdiq edən sənədləri aidiyyəti üzrə təqdim etməlidir. Əlilliyi olan 18 yaşından yuxarı gənclərin isə əlillik dərəcəsini, müddətini təsdiq edən arayış təqdim olunmalıdır.

Ailə başçısını itirən təhsil alan şəxslərə də 23 yaşınadək bu müavinət təyin olunur.

Qeyd edək ki, ailə başçısının itirilməsinə görə müavinətin verilməsi 2006-cı il yanvarın 1-dən qüvvəyə minib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın