13:21 09 Yanvar 2021 143
Ana səhifə Xəbərlər

Ailə quran qazi: “Vətən ayağımızı aldı, canımız da qurban!”

Bir neçə gündür sosial şəbəkələrdə ailə həyatı quran qazimizin fotoları yayılıb.

APA TV-nin qərb bürosunun xəbərinə görə, insanlarımız Vətən Müharibəsi zamanı sol ayağını itirən qazimizin nişanlısı ilə nikah bağladığını əks etdirən fotolara xoş sözlər yazıb, ən gözəl arzularını çatdırıblar.

Leytenant Abbas Yusifov Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Aslanbəyli kəndinin sakinidir. 24 yaşı fevral ayında tamam olacaq. Həm qalib ölkənin qazisi olmağın, həm də sevdiyi xanıma qovuşmağın verdiyi pozitiv enerji çöhrəsindən hiss olunur: “Hərbə marağım uşaq vaxtlarımdan var idi. Əvvəllər televiziyalarda görürdüm, özümüz də cəbhə kəndiyik. Hərbi maşınları görürdüm, atışma da olurdu, narahat edirdi məni. Bu kimi şeylər məndə maraq oyatdı, evin tək oğlu olsam da, getdim. Döyüş yolum ilk günlərdən Tərtərdən, Suqovuşandan başladı. Sentyabrın 30-da düşmənin minasına düşərək xəsarət aldım”.

Abbas Yusifov qələbə xəbərini xəstəxanada olarkən eşidib və bundan böyük sevinc keçirib. Deyir ki, ayağını itirdiyinə görə yox, döyüşlərdə sona qədər iştirak edə bilmədiyi üçün heyfsilənir: “Biz canımızı verməyə getmişdik ora. Vətən ayağımızı aldı, canımız da qurban. Şükür Allaha, elə də problem yaratmır mənə, mülki həyatımda elə çətinlik çəkmirəm”.

Qazi leytenant sosial şəbəkələrdə yayılan evlilik fotolarının altında ona xoşbəxtlik arzulayan soydaşlarına təşəkkürünü bildirib: “Döyüşlərdən qabaq - hərbçi olandan nişanlı idim. Evliliyimiz indiki vaxta - qazi olan vaxta təsadüf elədi. İstər öz ailəm, istər yoldaşımgil tərəfindən mənə hiss etdirmədilər ayağımın birinin olmamasını”.

Həyata nikbin baxan qazimizin gələcəklə bağlı çoxlu planları var. Bu gün də döyüş yoldaşları onunla əlaqə saxlayır, görüşürlər. Abbasın indi bir istəyi var - sağlamlığına tam qovuşub, protezlə normal yeriyə bildikdən sonra yenidən hərbi xidmətini davam etdirmək.

Fuad Nazimoğlu

APA TV

Qazax

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın