10:25 03 Mart 2021 138
Ana səhifə Xəbərlər

Ailənin tək oğul övladı Vətən Müharibəsində şəhid olub - REPORTAJ

Vətən Müharibəsinin 18 yaşlı daha bir qəhrəmanı... Söhbət 2002-ci ildə Şabranın Ağalıq kəndində anadan olan Vüsal Mahmudovdan gedir.

APA TV xəbər verir ki, Vüsal 44 günlük Vətən Müharibəsində Murovdağ silsiləsində gedən şiddətli döyüşlərdə iştirak edən 18 yaşlı qəhrəman oktyabrın 3-də yaxınlığında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Şəhidin nənəsi Nəcimə Əliyeva deyir ki, Vüsal hələ uşaqlıqdan, məktəb illərindən Vətənə, bayrağa bağlı olub: “Anası uzun illərdir ruhi xəstəlikdən əziyyət çəkdiyindən, Vüsalı mən böyütmüşəm. Hərbi xidmətə də özüm yola salmışam. Əsgərliyə getdikdən sonra müharibə başladı. Mənim balam torpaq, bayraq uğrunda şəhid olub. Zəng edəndə dedi ki, nənə, irəliləyirik, torpaqlarımızı azad edirik, dekabrın 31-i görüşünüzə gələcəyəm. Məndən nigaran olmayın, anamdan, özündən muğayat ol. Oktyabrın 2-də şəhid olması xəbərini eşitdik. Mən Vüsalla fəxr edirəm”.

Babası Ziyarəddin Əliyev deyir ki, Vüsal Mahmudov ailənin tək oğul övladı olub. İşgüzarlığı ilə seçilən gənc, kəndin də sevimlisi imiş: “İyulun 23-də hərbi xidmətə yola saldıq. Taksi çağırmışdım. Maşına oturduqdan sonra birdən düşdü, həyətə qayıdıb nənəsi ilə qısa danışdı. Onu yola salıb gələndən sonra nənəsindən soruşdum ki, Vüsal, niyə qayıtmışdı? Vüsal nənəsinə deyib ki, torpaqlarımız uğrunda şəhid olacağam. Halbuki o zaman heç müharibə barədə səs-soraq yox idi. Müharibə başlayan ilk gündən döyüşlərə qatılıb. Murovdağ silsiləsində vuruşub. Zəhmətkeş uşaq idi. Mənim kimi, dayısı kimi traktor sürürdü. Vüsal oktyabrın 2-də şəhid olub. Dəfnində böyük izdiham yaşandı. Fəxr edirəm ki, nəvəm torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalıb. Təki Vətən sağ olsun!”

Şəhidin dayısı Təbriz Əliyev deyir ki, Vüsal Murovdağ kimi çətin mövqedə qəhrəmanlıqla döyüşüb: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı döyüşçülərimizə cansağlığı arzulayıram, şəhid analarına isə səbir diləyirəm. Bütün şəhidlərimizlə fəxr edirəm, o cümlədən Vüsalla. Bizim gənclər vətənpərvər ruhda böyüyüb. Biz də torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün döyüşməyə həmişə hazır olmuşuq”.

Şəhid Vüsal Mahmudov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Vəli Turan,

Mais Allahverdiyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın