11:12 23 Yanvar 2021 226
Ana səhifə Xəbərlər

Ailəsinə heç nə demədən müharibəyə getdi, səngərdən zəng etdi - REPORTAJ

Vətən Müharibəsində torpaq həsrətimizə son qoyan və qəhrəmancasına canından keçən şəhid əsgər Əhəd Ağayev... Yaşasaydı, 35 yaşını ailəsi və doğmaları ilə birgə qeyd edəcəkdi. İndi isə yaxınları doğum gününü - 17 yanvar tarixini onun məzarı üstə böyük kədər və qürur hissi ilə qeyd edirlər.

Bura Astaranın Motalayataq kəndidir. Şəhidimiz bu kənddə dünyaya gəlib və uşaq yaşlarından hərbiyə marağı olub. Əhədin böyük qardaşlarından ikisi Birinci Qarabağ müharibəsinin veteranlarıdır.

Şəhidin qardaşı Kazım Ağayevin sözlərinə görə, ötən il Ermənistanın növbəti təxribatlarının nəticəsi kimi başlayan Tovuz döyüşləri onun könüllü olaraq Vətən Müharibəsinə qatılmasına səbəb olur: “Mən bir müharibə görmüş adam kimi deyirəm ki, könüllülük elə-belə şey deyil. Asan da deyil, 3 uşağı, ailəni qoyub Vətən uğrunda döyüşə getmək qürurverici hissdir. Mən fəxr edirəm ki, qardaşım o vaxtlar döyüşdə əldə eləmədiklərimizi - o, görməsə də, şəhid olsa da, qanı yerdə qalmadı da - ondan sonrakı əsgərlər bu haqqı əldə elədilər”.

Qardaşı Qədir Ağayev də onunla fəxr etdiyini deyir: “Hələ Tovuz döyüşləri başlayandan, Milli Qəhrəmanımız Polad Həşimov şəhid olan vaxtdan o, mənə dedi ki, öz adımı yazdıracağam. Hələ sağlığında ikən biz onunla fəxr edirdik, indi şəhid oldu, onun iki-üç qatı oldu. Tək mən yox, bütün kəndimiz, onu tanıyanlar haqqında belə sözlər deyir. Bir qardaş kimi çox gözəl, vətənpərvər insan idi. Ailəsinə, övladlarına bağlı bir qardaş idi”.

Qardaşları deyir ki, Əhəd Vətənini ailəsindən, doğmalarından üstün tuturdu. Müharibəyə gedəndə isə həyat yoldaşı Aysel Ağayevaya heç nə demir, birbaşa yollanır cəbhə bölgəsinə: “Müharibə olsa, birinci mən gedərəm” - bunu həmişə deyərdi. Demədi gedəndə, ora getdi, zəng elədi ki, filan yerdəyəm, narahat olmayın. Uşaqlara fikir verərsən, uşaqlar sənə əmanətdir”.

Hər şeydən üstün bildiyi dəyər uğrunda Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına döyüşür. Ağır döyüşlərdən birində Əhədin də aralarında olduğu 15 nəfərlik cəsur dəstə minomyot hücumuna məruz qalır. Xocavənddə şəhid olan əsgərimizin 2 oğul və 1 qız övladı bizlərə əmanətdir - Röyal, Ruman, Məryəm.

Qəhrəman əsgər Əhəd Ağayev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Tural Kərimov

Rövşən Əzimov

APA TV, Astara

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın