17:41 26 Sentyabr 2020 157
Ana səhifə Xəbərlər

Akif Qurbanov: “Koronavirusa qriplə birgə rast gəlinərsə, bu xəstəliyin ağır keçməsinə səbəb olar”

“Azərbaycanda epidemioloji vəziyyət tam nəzarət altındadır”.

APA TV-nin məlumatına görə, bunu TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov deyib. Onun sözlərinə görə, payız aylarında ehtiyatı əldən vermək olmaz və buna görə də, mövsümi qrip əleyhinə vaksinasiya olduqca önəmlidir: “Qarşıda bizi soyuq fəsil gözləyir. Payız və qış mövsümü gəlir. Bu mövsümlərdə respirator xəstəliklər, tənəffüs yolu ilə yoluxan xəstəliklər, hava-damcı xəstəlikləri çoxalır. Ona görə də pandemiya dövründə payız-qış mövsümi problemlər yarada bilər. Koronavirusa hər hansı bir respirator xəstəliyin qoşulması baş verə bilər. Bu ilk növbədə qrip xəstəliyidir. Hazırda qrip əleyhinə vaksinasiya daha çox aktuallaşır. Əgər koronavirusa qriplə birgə rast gəlinərsə, bu hal xəstəliyin daha ağır keçməsinə səbəb ola bilər. Ona görə də bütün dünyada qrip xəstəliyi əleyhinə peyvəndləmə işləri aktuallaşıb. Demək olar ki, dünyanın bütün ölkələri bu barədə tədbirlər görməkdədir”.

Akif Qurbanov bildirib ki, indiki dövrdə adi qrip əleyhinə vaksinasiyanı elə koronavirus əleyhinə əks-epidemik tədbirlərin bir hissəsi də hesab etmək olar: “Əvvəllər bu vaksinləri çox da ciddiyə almırdıq. Məsələn qrip əleyhinə vaksinasiya əvvəllər də həyata keçirilirdi. Amma bu tədbirlər bu ciddiyyətlə həyata keçirilməyib. Biz digər bir virusun, koronavirusun yaratdığı pandemiya dövründə yaşayırıq. Ona görə də məqsədimiz bəllidir. Biz payız və qış aylarında pandemiyanın gedişində müəyyən çətinliklərlə üzləşməsək, yaxın vaxtlarda, yəni gələn ildən etibarən COVID vaksinlərinin istifadəsi bizə pandemiya təhlükəsindən qorumaqda köməklik göstərəcək”.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Soltan Məmmədov isə bildirib ki, peyvəndlənmə prosesi payız-qış mövsümində xüsusi risk qrupuna aid olan insanların tənəffüs orqanları xəstəliklərindən müdafiə olunmasına xidmət edir: “Azərbaycanda immunlaşdırma proqramında Avropa regionunda qəbul olunmuş bütün beynəlxalq standartlar tətbiq olunur. Yoluxucu xəstəliklərin immunaprofilktikası çərçivəsində peyvənd təqviminə uyğun olaraq həyata keçirilən peyvəndlərlə yanaşı, bir sıra digər xəstəliklərin könüllü olaraq əhali tərəfindən peyvənd keçirilməsi istiqamətində Azərbaycanda hər il müxtəlif layihələr həyata keçirilir. Xüsusilə fəsildən asılı olaraq payız fəslində bir sıra risk qrupları arasında fəsil qripinə qarşı peyvəndə həyata keçirilir”.

Deputat qeyd edib ki, peyvəndlənmə işlərini koronavirus infeksiyasına qarşı aparılan mübarizə tədbirlərinin tərkib hissəsi adlandırmaq olar: “Bu il bütün dünya üçün problem yaradan və Azərbaycanda da qeydə alınan koronavirusun yaratdığı pandemiya dövründə fəsil qripinə qarşı peyvənd proqramının, peyvəndləmə tədbirlərinin həyata keçirilməsi əminəm ki, həm immuaprofilatika çərçivəsində görülən tədbirlər üçün, həm də bu gün Azərbaycanda koronavirusa qarşı aparılan uğurlu mübarizə tədbirləri çərçivəsində görülən işlərə böyük bir dəstək olacaq”.

Soltan Məmmədov onu da qeyd edib ki, Azərbaycanda istifadə olunan peyvənd nümunələri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bütün standartlarına cavab verir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın