07:20 01 Mart 2018 1662
Ana səhifə Xəbərlər

Ali məktəb müəllimi: "Kreditimi bitirəndə bankdan zəng gəldi ki..." - MÜBAHİSƏ

Son illərin müasir problemləri sırasında öncüllüyü ilə seçilənlərdən biri də bank və müştərilər arasında yaşanan gərginlikdir. Buna səbəb isə 2015-ci ildə on ay fərqlə baş verən iki devalvasiyadır. Bu səbəbdən Azərbaycan məhkəmələrində kredit mübahisələri ilə bağlı baxılan işlərin sayı artıb. Təkcə 2017-ci ilin birinci yarısında məhkəmələrdə baxılan problemli kreditlərlə bağlı işlərin sayı 149 920 olub.

Səidə Mirzəyeva da problemi olan müştərilərdən biridir. O, Qaradağ rayonunun Müşfiqabad qəsəbə sakinidir. Bir övladı var. Paytaxtdakı ali məktəblərdən birində müəllim vəzifəsində çalışır. Övladı ürək qüsurlu olduğundan, Səidə xanım 2013-cü ildə onun müalicəsi üçün "Bank of Baku" kredit götürür: "O vaxt dolların kurs 78 qəpik idi. Mənim üçün kredit qrafiki tərtib olundu. Sözügedən kredit kartının üzərində həmin ilin kursu ilə ödəyəcəyim məbləğ də qeyd olundu. Hər ay qrafikə uyğun olaraq 125 manat ödəməli idim. O, vaxt dolların kursu stabil olduğundan, mən də hər ayın 23-ü tarixində göstərilən məbləği vaxtlı-vaxtında ödəməyə başladım".

Təxminən bir il kredit borcunu vaxtlı-vaxtında ödəyir. Buna baxmayaraq, 2014-cü ildən banka borcunu tam bitirməmiş yenidən kredit almaq məcburiyyətində qalır. Bu dəfə nə az-nə çox - 3 il müddətinə 3800 dollar kredit götürür. Elə problemlər də bundan sonra başlayır: "2017-ci ilin dekabr ayında qrafik üzrə sonuncu kreditimi ödədim. Demək olar ki, yay aylarından başlayaraq mənə mütəmadi zəng olunmağa başladı. Tələb edirdilər ki, siz kreditinizi hazırkı kursla ödəməlisiz. Axı niyə nəzərə alınmır ki, mən köhnə müştəriyəm və tənha anayam? Mənim gəlirlərimlə hazırkı kursla ödəniş etmək o deməkdir ki, mən xəstə övladımla ac qalmalıyam. 14 yaşlı ürək qüsurlu oğlum var, onun aylıq tibbi xərcləri, məktəb xərcləri var. Bundan başqa, xəstə anam da mənimlə qalır".

Beləliklə, müştəri "Bank of Baku"ya müraciət edir və ödənişi ilə imkanın üst-üst düşmədiyini bildirir: "Dekabr ayında mən sonuncu kreditimi ödədim. Yanvar ayında mənə bildirdilər ki, sizi məhkəməyə vermişik. Fevralın 12-də mənə məktub göndərildi. Məktubda bildirildi ki, mənim iştirakım olmadan fevralın 2-də proses olub və məhkəmə qərar çıxarıb. Məktubda elə bir məbləğ qeyd olunub ki, inanın, heyrətimdən özümü itirdim. Məktubda mənim bundan sonra 2782 dollar ödəməli olduğum göstərilir. Maraqlısı budur ki, məhkəmədən mənim ünvanıma məktub fevralın 12-də göndərilib, fevralın 20-də isə "Bank of Baku"dan mənə SMS gəlib ki, məhkəmə prosesi başlanılır".

Müştəri etiraz məktubu ilə banka müraciət edir və məhkəmədən bildirilir ki, tezliklə onun şikayəti araşdırılacaq.

Məsələni araşdırmaq məqsədilə Qaradağ rayon Məhkəməsi ilə əlaqə saxladıq. Bildirildi ki, bank qanunvericiliyin verdiyi hüquqdan istifadə edərək məhkəməyə müraciət edib: "Bankın hüququ var ki, həm də hakimə müraciət etsin və xahiş etsin ki, əmr icra qaydasında olsun. İclasa nə borclu, nə də bank dəvət edilir. Hakim əmr çıxarır və borcluya göndərir. Bu zaman borclunun hüququ var ki, əmri alan gündən 10 gün ərzində elə həmin hakimə etiraz məktubu göndərsin. Bu halda hakim həmin əmri ləğv etməli, borclunu və bank işçisini məhkəməyə dəvət etməli və işə yenidən baxmalıdır".

Bank və müştəri arasında yaranmış anlaşılmazlığı araşdırmaq üçün "Bank of Baku"nun mətbuat xidməti ilə əlaqə saxladıq. Bildirildi ki, artıq müştəri Səidə Mirzəyeva bankın problemli kreditlərlə iş üzrə şöbəsinə dəvət edilib və dinlənilib. Qərara alınıb ki, müştəriyə kredit borcunun bağlanması üçün dəstək verilməsi istiqamətində bank tərəfindən ciddi addım atılacaq. Bank öz mövqeyini martın 6-da keçiriləcək məhkəmə prosesində açıqlayacaq.

Müəllif | Apa.Tv

Sevinc Vaqifqızı

Kodu kopyalayın