08:00 22 Avqust 2019 59
Ana səhifə Xəbərlər

Allahşükür Paşazadə: “Daha o dövrüm deyil ki, cızığımdan çıxım”

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin isə 40 illik münasibətilə "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə keçirilən tədbirdə komitənin sədri Mübariz Qurbanlı Şeyxülislamın həyat və fəaliyyətindən danışıb. Sonra Hacı Allahşükür Paşazadəyə həsr olunan sənədli film nümayiş olunub. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Allahşükür Paşazadəni nüfuzlu ictimai xadim kimi səciyyələndirib: “Əlbəttə, mən Azərbaycanın ən məşhur, bir nömrəli ictimai xadimi haqqında danışıram. Onun haqqında danışmaq həm kifayət qədər asandır, çünki görünən dağa nə bələdçi?! Hər şey bizim gözümüzün qabağında yaşanır, bizim gözümüzün qabağında baş verir. Bir tərəfdən də həddən artıq çətindir. Çünki Azərbaycanın ən tanınmış, ən məşhur, hamı tərəfindən mənəvi rəhbər kimi qəbul olunan görkəmli ictimai xadimi haqqında nəyi isə səhv demək olar, nəyi isə hansısa formada düzgün ifadə etməmək olar ki, onun da özünəməxsus məsuliyyəti var”. Həmçinin Əli Həsənov bildirib ki, Allahşükür Paşazadə Azərbaycanın mənəvi həyatında özünəməxsus nümunələr yaradıb. Azərbaycan müstəqillik əldə etməzdən əvvəl şeyxülislamlıq müəyyən çərçivəyə alınmışdı. Dövlət müstəqilliyinin bərpasından sonra isə şeyxülislamlıq tamamilə yeni müstəviyə qədəm qoydu. Bu, ilk növbədə, Allahşükür Paşazadənin adı ilə bağlıdır. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov tədbirin çox əlamətdar olduğunu deyib. Qeyd edib ki, Allahşükür Paşazadənin 40 illik şeyxülislamlıq fəaliyyəti dövründə xalqımız, dövlətimiz qarşısında böyük xidmətləri var: “Hörmətli şeyximiz öz böyük, genişmiqyaslı missiyasını həyata keçirməklə yanaşı, həm də Ağsaqqallar Şurasında çox böyük fəaliyyət göstərir. O hələ 30 yaşında şeyxlik titulu alanda ağsaqqal idi. Ağsaqqallıq təkcə yaşa görə deyil, ağsaqqallıq müəyyən etapları keçməklə deyil, ağsaqqallıq ilahi bir vergidir. Və şeyx həzrətləri respublikamızın, Azərbaycanımızın böyük ağsaqqalı olmaqla, şeyxi olmaqla, bütün Qafqazın şeyxi olmaqla bunu sübut elədi ki, ağsaqqallıq yaşla deyil”. Azərbaycan Yazıçılar Birliyinin sədri , Xalq yazıçısı Anar Allahşükür Paşazadənin Azərbaycan tarixində ən gənc Şeyxülislam olduğunu vurğulayıb: “Şeyxin 70 yaşı tamam olur və şeyxülislam kimi fəaliyyətinin 40 illiyi qeyd olunur. Bu iki rəqəm çox əlamətdardır. Ona görə əlamətdardır ki, o, 30 yaşında şeyxülislam olub. Əgər mən yanılmıramsa, bizim tariximizdə ən gənc şeyxülislamdır. Və eyni zamanda o, 30 yaşında 70 yaşın müdrikliyinə sahib olub”. Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov A. Paşazadənin təkcə ictimai xadim deyil, eyni zamanda, siyasi xadim və diplomat olduğunu deyib: “Şeyx həzrətləri ilə ən çox ünsiyyətdə olan insanlardan biri də mənəm. Çünki parlamentdə ictimai rəhbərliklər və dini komitəyə rəhbərlik edərək mütəmadi olaraq qanunların təkmilləşdirilməsində birgə fəaliyyət göstəririk. (stık) Şeyx ictimai xadim deyil, həm də siyasi və dövlət xadimidir. Nəzərə alsaq ki, şeyx həzrətləri uzun müddət Azərbaycan parlamentinin və SSRİ parlamentinin üzvü olub, bu artıq onun siyasi fəaliyyətindən xəbər verir. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev və Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev çıxışlarında ölkəmizdə dinə münasibətdən, multikultural və tolerant mühitdən məmnunluqlarını ifadə ediblər. Bildirilib ki, dini tolerantlığın qorunub saxlanılması daim dövlətin diqqət mərkəzindədir və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir. İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin Şeyxülislam Allahşükür Paşazadəni təkcə Azərbaycan üçün deyil, bütün İslam dünyası üçün əvəzolunmaz, dahi şəxsiyyət kimi dəyərləndirib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın