20:15 07 Aprel 2021 224
Ana səhifə Xəbərlər

Allahşükür Paşazadə və dini konfessiyaların rəhbərləri Ağdama səfər edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və ölkədəki dini konfessiyaların rəhbərləri Ağdama səfər ediblər.

APA TV-nin xəbərinə görə, qonaqlar çərçivəsində Qarabağ xanlarının türbələrinin yerləşdiyi İmarət qəbiristanlığını və işğaldan əvvəl "Qarabağ" futbol klubunun stadionu olan İmarət stadionunu ziyarət ediblər.

Qeyd edilib ki, qəbiristanlıqda Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, eyni zamanda, İbrahimxəlil xanın və oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı, şairə Xurşudbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. İşğal dövründə İbrahimxəlil xanın türbəsi, Natəvanın qəbirüstü abidəsi də düşmən tərəfindən dağıdılıb.

Səfər iştirakçıları Ağdamda məhv edilən infrastrukturdan biri olan rayonun “Qarabağ” futbol klubunun meydançası olmuş “İmarət” stadionuna da baxıblar, Ağdam şəhərindəki Şəhidlər Xiyabanını ziyarət ediblər.

Şəhidlər Xiyabanında QMİ sədri və dini konfessiya rəhbərləri Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun, Milli Qəhrəman Əliabbas İsgəndərovun, Xocalı soyqırımı zamanı qətlə yetirilən ailə üzvlərinin və digər məzarlar ziyarət edilib, onların ruhlarına dualar oxunub.

Daha sonra nümayəndə heyəti Ağdam şəhərində yerləşən Cümə məscidini ziyarət edib. Cümə məscidində azan verilib, namaz qılınıb. Quran və şəhidlərin ruhlarına dualar oxunub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və ölkədəki dini konfessiyaların rəhbərləri Ağdamın Qiyaslı məscidini də ziyarət ediblər. Bildirilib ki, erməni vandallığına məruz qalan Qiyaslı məscidindən onlar tövlə kimi istifadə ediblər. Eyni zamanda, ermənilər Ağdamdan çıxmazdan əvvəl məscidin dörd tərəfini minalayıblar, hazırda məscidin sadəcə girişi minalardan təmizlənib.

Bununla da QMİ sədrinin və dini konfessiya rəhbərlərinin Ağdama səfəri başa çatıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın